Məzmuna keç

Üzün günündən, ey qəmər, ənvara düşmüşəm

Vikimənbə saytından
Üzün günündən, ey qəmər, ənvara düşmüşəm
Müəllif: İmadəddin Nəsimi

Üzün günündən, ey qəmər, ənvara düşmüşəm,
Anəstünarən olmuşam, ol nara düşmüşəm.

Darüs-səlami-hüsnünə, ey cənnətin gülü,
Düşdüm əzəldə, gör ki, nə gülzara düşmüşəm.

Düşdüm xəyali-zülfünə, ey müttəqi, məni
Təsbihə də’vət etmə ki, zünnara düşmüşəm.

Fikrimdədir xəyalı gözünlə ləbin müdam,
Yərəb, nə rəsmə xəmrəvü xummara düşmüşəm?

Canü cahanı vəslü camalın bahasına
Verdim əzəldə, gör ki, nə bazara düşmüşəm.

Şeytandır ol ki, surətinə qılmadı sücud,
Şeytana münkir olmuşam, inkara düşmüşəm.

Ey vəhdətin meyindən uşalan xumarına,
Məsti-ələstə sor ki, nə meyxarə düşmüşəm.

Faş eylədim cahanda ənəlhəq rümuzunu,
Doğru xəbərdir, anın üçün dara düşmüşəm.

Kən’ani Yusifin ləbi-şirini buldum uş,
Fikr eylə kim, nə tüngi-şəkərbara düşmüşəm.

Eşqin qədimü zülfü rüxün daimüləbəd,
Yarəb, nə incə işü uzun kara düşmüşəm.

Ey sübhdəm yeli, nə ögərsən tatarını,
Mişkin saçında gör ki, nə tatara düşmüşəm.

Hüsnün hürufunu mana verdi səbəq rüxün,
Dərsim bu əbcəd olduvü təkrara düşmüşəm.

Gördü Nəsimi mə’şuqunun üzünü bu gün,
Həqqi bilən bilir ki, nə dildara düşmüşəm.