Üzün məndən niyə döndü (Aşıq Ələsgər)

Vikimənbə saytından
Üzün məndən niyə döndü
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri. Bakı,2004. səh.160.

Gəl, ey mehri-məhəbbətim,
Üzün məndən niyə döndü?
Ağzı şəkər, ləbi qəndlim,
Üzün məndən niyə döndü?

Ayrılıqdan ölüm yeydi,
Həsrətin qəddimi əydi.
Nə dedim, xətrinə dəydi,
Üzün məndən niyə döndü?

Aşığa yoxdu qadağa,
Müştaqdı dilə, dodağa.
Ələsgər sana sadağa,
Üzün məndən niyə döndü?