Üz tutub çöllərə, səhralara sənsiz gedərəm

Vikimənbə saytından
Üz tutub çöllərə, səhralara sənsiz gedərəm
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 85

Üz tutub çöllərə, səhralara sənsiz gedərəm,
Onda mənsiz gözü yollarda qalarsan, bəlkə.

Məndən əzrail ala bilmədiyi canı, gülüm,
Amma sən nazın ilə alsan, alarsan, bəlkə.

Ey könül, sadə ol hər yerdə, təkəbbürlənmə,
Xəlq arasında kiçilsən, ucalarsan, bəlkə.

Elə bir od qoyaram, ey fələk, ahımla sənə,
Mən deyən eşq havasın onda çalarsan, bəlkə.

Ah-fəryad elə, min nalə qopar, ağla, könül,
Ağla ki, göz yaşı töksən, boşalarsan bəlkə.

Təmkin əhvalıma rişxənd eləmə, ey qafil,
Mən çəkən qəmləri çəksən, qocalarsan, bəlkə.

Ey Vüqar, yerdə nə var, göylərə yüksəl, bulud ol,
Bir fəqirin başına kölgə salarsan, bəlkə.