Məzmuna keç

Üzhaüz (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Üzhaüz (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Mərifət bəhrində qəvvasam dеyən,
Gir dərin dəryaya, çalxan, üz ha üz.
Mən aşığam, üz ha üz,
Sonam, göldə üz ha üz.
Bivəfadan yar olmaz,
Ömür üzsən, üz, ha üz.
Qarı düşman bir də gəlib dost olmaz,
Əlin tutub yalvarasan üz ha üz.

Dərviş olan gеdər gəzər dərində,
Yеrkən açar dayazlarda, dərində
Mən aşığam, dərində,
Dayazlarda, dərində.
Qul olasan, qalasan
Nazlı yarın dərində.
Əl açasan ərənlərin dərində,
Calayasan sınıq könül üz ha üz.

Ələsgərim, ağlayasan, güləsən,
Bülbül kimi aşiq idin gülə sən.
Mən aşığam, güləsən,
Danışasan, güləsən.
Bağban öldü, bağ soldu,
Həsrət qaldın gülə sən.
Naşı bağban, əl uzatma gülə sən,
Çək əlini qızılgüldən üz ha, üz!