İçmişəm bir dolu, olmuşam ayıq
Görünüş
İçmişəm bir dolu, olmuşam ayıq Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.353. |
İçmişəm bir dolu, olmuşam ayıq,
Düşmüşəm dağlara, olmuşam geyik,
Sənə derəm, sənə, sürməli keyik,
Qaçma məndən, qaçma, avçı deyiləm.
Avçı deyiləm ki, düşəm izinə,
Qaça-qaça qanlar endi dizinə.
Sürmələr hey çəkdin qonur gözünə,
Qaçma məndən, qaçma, avçı deyiləm.
Sənə derəm, sənə, geyik ərənlər,
Bizə sevda, sənə dalğa verənlər,
Dilərəm mövladan yenməz vuranlar,
Qaçma məndən, qaçma, avçı deyiləm.
Aydır Şah Xətayim: – Uçan-qaçandan,
Zərrəcə qorxmarıq bu dadlı candan,
Gedib də’vaçı olma atana məndən,
Qaçma məndən, qaçma, avçı deyiləm.