Məzmuna keç

İbn Yəmin

Vikimənbə saytından
İbn Yəmin
Müəllif: Mirzə Şəfi Vazeh
Mənbə: "Mirzə Şəfi nəğmələri" (PDF) (az.). mirzeshefivazeh.org. 2014. 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-05.

Bir gün İbn Yəmin dedi ki, söylə
Ey atəş böcəyi, nədir bu şölə?
Gündüz olan kimi sönürsən müdam,
Alışıb yanırsan düşəndə axşam.


Böcək dilləndi ki: - Ey İbn Yəmin!
Gündüz də nur saçıb yanıram həmin.
Fəqət, günəş göydə parlayan zaman,
Görünməz nurumdan mənim bir nişan.


Bir gün qoca molla dayanaraq lal,
Coşmuş arvadına asırdı qulaq.
Cırnadıb arvadı daha da bu hal,
Onun sinəsinə çəkirdi min dağ.

Durub bu minvalla bir xeyli zaman,
Bir söz söyləmədən öz arvadına.
Molla tez güzgünü qapıb divardan,
Qorxunc sifətini göstərdi ona.


Qorxdu öz-özündən güzgüdə arvad,
Bir anlıq duruxdu, xəyala daldı.
Daha qoparmayıb o bir də fəryad,
Ağzı açıq halda yerində qaldı.


Sonra da üzünü o tutub yana,
Qapıya üz qoydu sakitcə, dinməz.
Özü də özündən gələrək cana,
Qapıdan çıxaraq oldu görünməz.


Sənin də, ey Şəfi, bu nəğmələrin,
Əks edir hüsnünü axmaq kəslərin.
Dünyada eybinə kor olmayanlar,
Görüb bu güzgüdə özünü anlar.


İtir ömrün bir zərrəsi hər bir nəfəslə,
Ötüb gedən geri dönməz, ha onu səslə.
Gərək ola əvvəlində nəcib məqsədin,
Qarşındakı amalını edəsən yəqin.
Bu dünyaya gəlmək deyil sənin günahın,
Boş keçibsə ömrün, ərşə çıxacaq ahın.
Kobud əllər toxunmasın gözəlliyə, olmaz
gərək,
Əsil almaz qaşı mütləq cilalasın almaz gərək.


Əgər mənsəb pilləsiylə qalxmaq istəsən,
Gərək mütləq iki şeyə əməl edəsən;
Dinmək lazım gələn yerdə, susasan gərək,
Susmaq lazım olan yerdə, dillənəsən bərk.


Beşikdən ta qəbrə qədər yol var ki, şəksiz
Əldə əsa, ya əsasız keçməliyik biz.
Arasında bunun yalnız fərq var ki, bircə
Kim həyatda həmin yolu keçəcək necə!


Yer üzündə o adama olsun ki, əhsən
Deyə bilir bu dünyaya vida edərkən:
“Bir günahım yoxdur, ancaq çox olmuş ahım,
Bundan sonra yaxşı olsun təki, ilahim!”


Başqasının barəsində pis söz eşitsən,
Onu yayma heç bir zaman, möhkəm saxla
sən.
Asandırsa başqasının evini yıxmaq,
Çox çətindir amma daşı daş üstə yığmaq.
Cansız bir baş qan qaraldıb korlayar meyli,
Başsız canın çox az olar insana xeyri.
Lakin canla baş bir yerdə olarsa əgər,
Ömür daim rahatlıqla, rifahla keçər.


Gülüstandan əsib gələn ətirli külək,
Əziz dostum, söylə sənə vermirmi ürək?
Niyə onda bir xoş xəbər eşidəndə sən,
Özgəsinin sevincinə sevinməyirsən?


Bataqlığın üfunətli, pis havasından
Axı dostum, kənar gəzib daim qaçırsan.
Onda vurma bədxahlığın gölünə gəl baş,
Qeybət dolu məclislərdən qaçıb, uzaqlaş.


Tale bir töhfəni edərsə halal,
Onu əldə şərab, gülər üzlə al.
Özün bacarmasan gər bunu, heç vaxt
Səni padşah da edəmməz xoşbəxt.


Şeir deyən bir kimsənin sərrafdırsa əgər gözü,
Tapar əsil fikir üçün lazım olan əsil sözü.


Əsil şair olan kimsə, söz önündə qalmaz naçar,
Əsil evin qapısına tapıb salar əsil açar.


Nəğməsindən məscid havası gələn şairlərin,
Başları boşdur yəqin, ağılları deyil dərin.


Qulağı oxşayan boş hecalardan,
Min cürə uydurma macəralardan,
Cənnət, cəhənnəmdən, dənizdən, çaydan,
Güldən və bülbüldən, günəşdən, aydan,
Hicrandan, vüsaldan, qəmdən, kədərdən,
Min dəfə çeynənmiş qafiyələrdən,
Şeir quraşdırıb mızıldayanlar!
Sizə şair kimi min nifrətim var!
Çünki tutduğunuz bu yol asandır,
Təkcə axmaqlarçün “ürəkaçandır”.
Şeriniz ürəyi gətirməz cuşa,
Qanan kəslər üçün bəladır başa!