Məzmuna keç

İbrahim

Vikimənbə saytından
İbrahim
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri var idi, biri yox idi, Əhməd ilə Məhəmməd adlı iki qardaş var idi. Bu qardaşların ikisi də tacir idilər. Ticarətdə daha bu şəhərdə elə bir adam yox idi ki, onların əlinin qabağına əl qoya. Bütün bazarı dəstələyib almışdılar əllərinə. Ticarətləri günü-gündən böyüyürdü. Daha elə olmuşdular ki, dövlətləri yer batırırdı. Buna görə də heç bir qüssələri, qəmləri, dərdləri yox idi, amma ki, heç birisinin övladı olmurdu. Ona görə də dar dünyada özlərindən sonra bir vərəsə qoyub getmək üçün gündə bir arvad alırdılar. İki qardaşın ikisinin də adı olmuşdu arvad çodarı, amma neyləsinlər ki, yenə də uşaqları olmurdu ki, olmurdu. Günlərin bir günündə Məhəmməd öz dərdinin çoxluğundan evdə oturmayıb durub gəldi qardaşının yanına. Qardaşı gördü ki, Məhəmmədin halı pərişandı. Soruşdu ki: – Qardaş, nə olub, yenə qəm dəryasına qərq olubsan? Ticarətində nə əskiklik var?

Məhəmməd bir ah çəkib dedi: – Qardaş, ticarətdən heç bir əskikliyim yoxdu. Əhməd məsələni başa düşdü. O da bu dərddə idi, bu da o dərddə idi. Əhmədi də fikir götürdü. Durdular iki qardaş atları yəhərləyib, dedilər gedək bir qədər gəşt eyləyək, ta ki bəlkə bir fikrimiz dağıla. Atları minib düşdülər yola. Bir qədər gedib şəhərdən çıxdılar. Gəzib-gəzib axırda gəlib bir bulağın başında düşdülər. Dedilər ki, bir az rahatlanıb əl-üzümüzü yuyub gedək. Elə Məhəmməd bir ovuc su götürdü. Əhməd də bir ovuc su götürəndə bulağın gözündən bir dənə qıpqırmızı alma çıxdı. Əhməd tez almanı tutdu. Göz gəzdirdilər ətrafa ki, görsünlər bu alma hardandı, bu yaxınlarda harada alma ağacı var, baxdılar ki, göz işlədikcə bir dənə dingələn də yoxdu. Bəs bu alma görəsən haradan düşüb? İki qardaşı heyrət apardı. Çox fikirdən sonra Əhməd dedi: – Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var. Daha taleyimiz bu alma ilə açılacaq. Gəl bu almanı yarı bölək. Yarısını özün ye, yarısını da mənə ver, görək aqibət nə olar. Qardaşlar durub atların minib yol elədilər şəhərə. Gəlib çatdılar bir danənişan bıçaq ilə bu almanı tən dörd yerə böldülər. İkisini Məhəmməd öz arvadı ilə yedi, ikisini də Əhməd öz arvadı ilə. Ürəklərinin sidqini almaya bağlayıb yatdılar. Gün keçdi, ay dolandı, vaxt gəlib çatdı doqquz aya. Əhmədin bir dənə oğlu, Məhəmmədin bir dənə qızı oldu. İki qardaş bir qonaqlıq düzəldib bütün şəhərin əhalisini çağırdılar. Elə oradaca qız ilə oğlanı bir-birinə göbəkkəsmə elədilər. Bəli, müəllimlər tutuldu, uşaqlar verildi tərbiyə olunmağa. Bu minvalnan bunlar düz beş il bir yerdə ömür sürdülər. Günlərin bir günündə Əhməd naxoşladı. Həkim, dərman heç bir şey əlac eləmədi. Əhməd ömrünü bağışladı öz oğlu İbrahimə. Əhməd öləndən sonra Məhəmməd köçüb getdi ayrı şəhərə ki, daha mən burada qala bilmərəm. Mən onun dükanına belə baxa bilmərəm. Qərəz, Məhmməd köç-külfətin də yığışdırıb satmalısın satdı, almalısan aldı, götürdü getdi lap uzaq şəhərlərin birində dükan açıb başladı ticarətə. O, orada ticarətində olsun, sənə kimdən deyim, Əhmədin zənənindən. Elə ki, əri ödü, bütün mal-dövlət hamısı qaldı buna, daha camaat buna göz verdi, işıq vermədi, gündə qapını döyüb elçilər gəlib bunu istədilər. Amma zənən nəcib bir zənən idi. Heç kəsə ərə getməyib başladı oğlunu böyütməyə. Bu minval ilə İbrahim böyüyüb çatdı on səkkiz yaşına. Amma bir oğlan olmuşdu, bir oğlan olmuşdu ki, daha yemə, içmə xətti-xalına, gül camalına tamaşa elə! Gözəllikdə misl-Yusif, qüvvətdə, bilikdə də misl-Rüstəm bir oğlan olmuşdu. Özü də dərrakəli bir cavan idi. Elə ki, yaşını çatdırdı on səkkizə, anası ona pul verib bir dükan açdı, qoydu iş üstünə. De bir gün, iki gün, bir ay, iki ay, bir il, iki il İbrahim günü-gündən ticarətinə ronəq verib böyük bir tacir oldu. Yavaş-yavaş başladı atasının yolu ilə getməyə. Heç kəs onun qabağında dura bilmədi. Elə ki, anası gördü iş belədi, atasından qalan bütün qızılları verdi ona. Günlərin bir günündə anası ona dedi: – Bala, sənin filan şəhərdə bir əmin qızı var, özü də sənin göbəkkəsməndi. Tay böyüyüb əməlli-başlı kişi olubsan. Gəl get əminin yanına, nişanlını götür gəl! Bəli, oğlan çoxlu malı aldı, yükünü tutdu, günlərin bir günündə bir karvana qoşulub yola rəvan oldu. Anası da bir namə yazıb verdi ki, versin əmisinə. Di günə bir mənzil, təyyi-mənazil, çox getdilər az dayandılar, az getdilər çox dayandılar, gəlib axırda çatdılar o şəhərə ki, əmisi Məhəmməd orada sükunət eləmişdi. İbrahim başladı soraq eləməyə ki, bəs tacir Məhəmmədin dükanı haradadı? Axtarıb tapdı, girdi içəri, anasının verdiyi naməni verdi əmisinə, özü də kəmal-ədəb ilə dayandı hüzurunda. Məhəmməd naməni oxudu, başını qalxızıb İbrahimə gözləri sataşcaq gözlərindən yaş töküldü. De əmi qardaşoğlu oldular qol-boyun. İbrahim əyləşdi. Bir az söhbətdən sonra İbrahim dedi ki, elə gəlib onu görməyə, bir də ki, bir az mal gətirib xırıd eləməyə. Amma ikinci namə ki, anası yazmışdı qızdan ötrü, onu hələ əmisinə verməmişdi. Əmisi tez qalxdı ayağa, gəldilər meydana, tökdülər malları ortalığa, əyləşdilər xırıda. Bir neçə saatın içində bütün malları satıb qurtardılar. Axşam gəldilər evə. Məhəmmədin zənəni gəlib İbrahimi öz balası kimi bağrına basdı, başladı duz kimi yalamağa. Şam yeyildi, çay içildi, elə ki, yatmaq məqamı gəldi, İbrahim çıxardıb cibindən ikinci naməni də verdi əmisinə. Əmisi naməni oxudu, sonra İbrahimin üzünə baxıb dedi: – Bala, doğrudu, siz göbəkkəsməsiniz. Ancaq elə səni görəndən mən bu barədə fikirləşirəm, bilmirəm nə təhər eləyim. Bu barədə mən rəhmətlik qardaşımnan bədbəxt olmuşam. Mənim qızım sənə layiq qız deyil. İbrahim fikirləşdi ki, yəqin bu qızı mənə vermək istəmir, dedi: – Əmi, niyə? Məhəmməd dedi: – Bala, mənim qızımın bir gözü kor, bir qıçı topal, özü də ki, keçəl, çopur bir qızdı. Sənin kimi gözəl, dərrakəli oğlana onu layiq görmürəm. Şəhərdə çox-çox gözəl-gözəl qızlar var. Bax, bəyən, seç, hansını istəyirsən alım sənin üçün. İbrahim bir az fikrə cumub dedi: – Yox, əmi, sənin qızın mənim baxtımdı. Baxtım hər nədirsə, onu da mən alacağam. Mənə ayrı qız lazım deyil. Məhəmməd çox dedi, İbrahim az eşitdi, axırda çar-naçar Məhəmməd razı olub bina qoydular toy tədarükünə. Ancaq İbrahim şərt qoydu ki, mən aparıb anamın yanında toy eləyəcəyəm ki, o da öz arzusunu görsün. Bəli, vur çatlasın, çal oynasın, yeddi gün, yeddi gecə toy eləyib axırıncı gün İbrahimi gətirib qatdılar qızın otağına. İbrahim girdi içəri, gördü vallah, burada bir qız oturub ki, elə bil on beş gecəlik aydı. Elə işi belə görcək düz qayıtdı geri. Xəbər getdi əmisinə ki, İbrahim qızın yanından çıxıb getdi öz otağına. Əmisi gəldi: – Bala, nə olub? İbrahim dedi: – Əmi, bu nə işdi ki, sən görürsən? Mən sənə dedim ki, mənə ayrı qız lazım deyil. Öz əmimin çopur, kor qızı mənə padşah qızından da yaxşıdı. Əmisi gülüb dedi: – Bala, mən səni qəsdən imtahana çəkmək istəyirdim. O elə sənin öz əmin qızıdı ki, var. Mən qəsdən elə deyirdim ki, görüm sən nə deyirsən. Sən demə əmisi doğrudan da İbrahimi imtahana çəkmək istəyirmiş ki, görsün İbrahim nə deyəcək. İbrahim işi bilib tay söyündüyündən bilmədi neyləsin... Elə bil ki, anasından elə bu gün olub. Durub gəldi qızın yanına. Qol-boyun olub bütün gecəni beləcə səhər elədilər. Səhər İbrahim durub getdi bazara. Yenə də ipək, qumaş alıb, yükünü öz şəhərlərində yaxşı xırıda gedən şeylərə bağlayıb, bir dəvənin üstündə də bir kəcavə bina eləyib, əmisi qızını qoydu içinə, əmisi ilə, əmisi arvadı ilə vidalaşıb düzəldi yola. Məhəmməd İbrahimi bağrına basıb görüşəndən sonra belindən bir toqqa açıb verdi İbrahimə, dedi: – Bala, bu toqqanı belindən açmazsan. İbrahim toqqanı alıb belinə bağlayıb axırıncı dəfə onunla görüşüb düşdü yola. Gəlhagəl, qaranlıq qovuşanda gəlib çıxdılar bir bulağın başına. Qəflə-qatırın yükünü açıb gecəni burada keçirməli oldular. Hamı yatdı, amma İbrahimin gözlərinə yuxu getmədi. Axırda durub geyinib çadırından çıxdı bayıra, başladı düşərgahı gəzməyə. Ay batmışdı, amma İbrahim baxıb gördü ki, ədə, bu hara gedirsə, ora işıqlanır. Qaldı məəttəl ki, görəsən bu nə sirri-ilahidi. Çox fikirdən sonra bir də baxdı ki, bu işıq bunun belindəki toqqadan düşür. İndi toqqanın sirrini başa düşdü. Yavaşca üstdəki paltarının qabağını bir az açdı, elə bil ki, bütün buralar oldu çıraqban. Elə bu dəmdə idi ki, bir də gördü yer titrədi, göy guruldadı, nərilti gəldi ki, İbrahimin başının tükləri durdu biz-biz. Belə baxanda bir də gördü vallah, bir div gəlir, bir div gəlir, day nə deyim... İbrahim tez əlini-ayağını yığışdırıb özünü verdi bir çinar ağacı var idi, onun dibinə, qılıncını çəkib saxladı əlində hazır. Div buna yanaşıb dedi: – İbrahim, anan sənin vayına otursun, bəs sən mənim toqqamı oğurlamısan. Mən neçə ildi ki, gəzirəm. Div İbrahimi halaylayıb tutdu çiyinlərindən, vurdu o yana, bu yana. İbrahim bunun əlindən bir təhər ki, özünü qurtarıb atdı bir tərəfə, qılıncı qalxızıb şığıdı buna, div yıxıldı yerə, cəhənnəmə vasil oldu. İbrahim tez çinar ağacının dibindən çıxıb onun başını bədənindən ayırdı. Sonra bir quyu qazıb başını da, bədənini də sürütdüyüb saldı ora. Qanı-zadı da təmizləyib, süpürdü ki, heç bir əsər qalmasın. Elə ki, bu işdən fariq oldu, əlini-ayağını bulaqda yuyub üz qoydu əmisi qızının kəcavəsinə. Gəldi gördü ki, əmisi qızı oturub bunu gözləyir. İki yar-mehriban sübh açılanacan əyləşdilər şirin-şirin söhbətə. Ta sübh açılanda İbrahim durub kəcavədən çıxdı, əmr elədi nökərnayib qəflə-qatırı yüklədi, yenə düzəldilər yola. Gəlhagəl, gəlib axırda iki-üç gündən sonra çatdılar bir bulağın başına. İbrahim gördü ki, atlar, dəvələr lap əldən düşüb. Əmr elədi ki, qəflə-qatırın yükünü aç-sınlar. Bu gecəni burada keçirəcəklər. Bəli, yenə də o gecəki kimi hamı yatıb yuxuya gedəndən sonra, İbrahimin gözü o biri gecədən qorxduğuna görə ki, gəlib birdən əmisi qızını apararlar, durub başladı düşərgənin ətrafını gəzməyə. Elə həmin gecənin vaxtı idi, bir də gördü ki, yer, göy titrədi, budu bir div gəlir, özünün də üç başı. İbrahim hən-hün eləyib ona hücum eləyənəcən div yüyürüb tutdu onun çiyinlərindən, əlindəki qılıncı da vurub saldı yerə. Bir nərə vurdu ki: – Anan matəmində əyləşsin, görünür sənin ölüm şərbətin mənim əlimdə imiş. Mənim qardaşımın əvəzində gərək sənin ətini aşıqcan eləyəm, qanını qaşıqcan. Güştü başlandı. Səhərə yaxın İbrahim bir təhər divi yıxdı yerə. Əl atıb tez qılıncı yerdən götürdü, bir dənə çaldı onun boynuna, başının üçü də düşdü yerə. Götürüb bunu da tez gizləyib, arxayın gəldi əmisi qızının yanına. Yenə gecəni burada səhər eləyib səhərnən düşdülər yola. Gəlib çatdılar öz şəhərlərinin bir neçə ağaclığına. Yenə bir bulağın başında düşüb, düşərgə elədilər. İbrahim öz-özünə dedi: əgər bu gecəni də bir təhər sabaha çıxarda bilsəm, daha bir şey olmaz. Yenə hamı yatandan sonra İbrahim başladı gəzməyə. Ta sübhə bir az qalanacan gəzdi. Gördü yox, heç bir şey yoxdu. Bir az gözlədi. Gördü yox, daha vaxt keçdi, gələn olmadı, arxayınlaşıb üz qoydu bulağa tərəf ki, bir yuyunub getsin əmisi qızının yanına. Gəlib çatdı bulağın başına. Paltarını soyunub qoydu bir tərəfə, toqqanı da çıxardıb qoydu bir tərəfə ki, işıq olsun, girdi bulağa. Birdən deyəsən qulağına bir səs gəldi. Tələmtələsik sudan başını qaldırıb gördü ki, bir quş toqqanı caynağına vurub qalxdı göyə. İbrahim tez çıxıb paltarını tələm-tələsik geyib düşdü quşun altıynan qaçmağa. Quş uçdu, o qaçdı, quş uçdu, o qaçdı. İbrahim axırda quşu gözdən itirdi. Baxdı ki, səhər açılır. Gün yavaş-yavaş çıxır, üzüqoylu yıxılıb başladı fikirləşməyə. Ey dadi-bidad, gecələr divlər ilə boğuş, toqqa saxla, axırda bir quş onu sənin əlindən alıb aparsın. İndi mən nə üzlə qayıdım qızın yanına. Başını qaldırıb gördü ki, bu bir şəhərin yanındadı. Durub üz qoydu şəhərə ki, gedib görüm başıma nə gəlir? Bu getməkdə olsun, mən deyim, sən də eşit qızdan. Qız ha gözlədi ki, indi İbrahim gələr, bu saat İbrahim gələr, gördü yox, İbrahim deyəsən heç burda yoxmuş. Axırda ürəyi dağdağaya düşdü. Tab gətirə bilməyib durdu başladı İbrahimi axtarmağa. Əvvələvvəl getdi onun çadırına. Baxıb gördü ki, İbrahim burda yoxdu. Bir düşərgəni gəşt elədi, gördü yoxdu, öz-özünə dedi: görəsən bunun başına nə iş gəldi. Elə bu fikri eləyə-eləyə gəlib çatdı bulağın kənarına. Nə gördü? İbrahimin çəkmələri, papağı burdadı. Tez bunları götürdü, diqqətlə baxıb gördü ki, İbrahimin ləpiri gedib düz çöllü-biyabana, bildi ki, onun başına bir iş gəlib. Qız başladı fikir eləməyə ki, eyhana, bu adamlar bilsə ki, İbrahim yoxdu, mən burda təkəm, görəsən başıma nə gələr? Çox fikirdən sonar tez İbrahimin çadırına qayıtdı. Onun yükünü açıb paltarlarından bir dəst götürüb geydi öz əyninə, özünü saldı aynaya, baxdı ki, elə İbrahimdi ki, var. Elə bil bir almanın iki üzü imişlər, deyir elə o yana getmə, sənəm ki, varam. Ancaq İbrahimin gözləri qara idi, bunun gözləri ala. Odu ki, elə bu paltarda qayıtdı öz kəcavəsinə, bir az pambıq yandırdı, hisindən çəkdi gözlərinə, baxdı aynaya, gördü yox, deyəsən bilinəcək. Bir az fikirləşib dedi: hamısından yaxşısı budu ki, gözlərimi bağlayım. Tez gözlərini ağ dəsmalnan bağlayıb gəldi İbrahimin çadırına, başladı gözləməyə. O qədər gözlədi ki, hamı oyandı. Qəflə-qatır yükləndi, nökərlərdən biri gəlib girdi İbrahimin çadırına. Gördü ki, İbrahim uzanıb, başladı onu oyatmağa ki: – Ağa, dur, gün çıxıb, yola düşmək lazımdı. Qız durdu ayağa, çıxdı çölə. Mindi İbrahimin atına düzəldilər yola. Nökərlər baxdılar ki, İbrahim deyəsən gözlərini bağlayıb, soruşdular: – Ağa, gözlərinə nə olub? Qız dedi: – Bəs gecə bulağa gedəndə çöp batıb. Qərəz, günə bir mənzil, təyyi-mənazil, gəlib çatdılar İbrahimgilin şəhərinə. Qız nökərlərə dedi ki: – Mən gözlərimi açammıram, qəfləni sürün düz evə! İbrahimin anasına xəbər getdi ki, bəs oğlun gəlir. Anası çıxıb qabağa gördü ki, oğlunun gözləri bağlıdı. Qucaqlayıb onu basdı bağrına ki: – Bala, anan sənə qurban, gözlərinə nə olub?.. Qız dedi: – Ana, gözümə çöp batıb. Gəldilər evə. Nökərlər həyətdə qəflə-qatırı yükdən azad eləməkdə olsunlar, sənə kimdən xəbər verim, İbrahimin anasından. İbrahimin anası özünü yetirdi kəcavəyə, gördü ki, heç kəs yoxdu. Qayıtdı evə ki: – Bəs oğul, nişanlın hanı? Qız bir qəzəbli-qəzəbli İbrahimin anasına baxıb dedi: – Nə nişanlı?.. Məni göndərmisən bir qıçı çolaq, gözü kor, özü də ki, keçəl düdəmeyi-hindinin yanına ki, get al! Daha dünyada başına qız qəhət idi? İbrahimin anası dedi: – Bir əməlli danış görüm nə deyirsən? Nə çolaq? Nə keçəl? Qız başladı ki: – Əmimin bir qızı var, bir qıçı topal, bir gözü kor, üzü çopur, elə çopur ki, toyuq dimdikləmiş qarpız qabığıdı. Üzünə bir sigəzi darı töksən yerə düşməz, özü də ki, keçəl. Başından üfunət qalxır ki, vaxt eləyir adamın başı çatlasın. İbrahimin anası bir dərin fikrə getdi, bir barmağını qoyub alnına dedi: – Bala, əmin qızı sənə vermək istəməyib, yoxsa əminin qızı nə keçəldi, nə çopur. Dünya gözəli bir qızdı ki, aya, günə naz eləyirdi. Yəni nə oldu ki, o elə günə düşdü? Yox, bu hiylədi. Səni aldadıblar. Qız dedi: – İndi hər nə. Ya aldadalar, ya qala. Axır ki, almadım. Gəldim, burada özüm evlənəcəyəm. Bəli, yedilər, içdilər, İbrahimin anası dedi: – Di bala, dur get öz otağına, yat! Yoldan gəlmisən yorğunsan. Yazıq qız hara getsin? Nə bilir ki, otaq hardadı? Dedi: – Ana, gözümü aça bilmirəm, gəl yapış əlimdən gedək! Anası tutdu onun əlindən, aparıb ötürdü İbrahimin otağına. Elə ki, anası getdi, qız qapının dalını möhkəmləşdirib soyundu girdi yerinə. Səhər qız yerindən durdu, yenə gözlərini bağladı, çaydan-zaddan içdi, çağırdı nökəri ki: – Gəl, məni apar dükana! Nökər tutdu onun əlindən gətirdi dükana. Qız girdi içəri malları açdı, gözünün də dəsmalını bir az qaldırıb başladı ticarətə. Günorta vaxtı dükanı bağlayıb çıxdı, bir bazarı ötəri gəzdi, bir əttar dükanından bir az sürmə alıb qayıtdı dükana, qapının tayını çəkdi, aranı xəlvət eləyib sürməni əzdi, çəkdi gözlərinə. Baxdı ki, az-maz qaraldı, amma daha lap İbrahimin gözlərinə oxşamadı. Qız istəmirdi ki, işi açıb İbrahimin anasına desin, çünki fikirləşirdi ki, desəm, arvad dözə bilməz, başına bir iş zad gələr, mal-dövlət də ortalıqda dağılıb batar. Axşam durub gözünü açdı, düzəldi yola evə tərəf gəlməyə. Səhər gedəndə gözaltı baxıb yolu bələdləmişdi. Çatdı evə. Anası durub yüyürdü qabağına. Bəli, gəlib əyləşdilər. İbrahimin anası baxıb gördü adə, oğlunun gözləri bir az göyərib, amma daha bir söz demədi, gördü ki, oğlu bir az qəzəblidi. Fikirləşdi ki, yəqin ticarəti düz gətirməyib. Bir sözlə qız İbrahimin adından başladı burda qalıb ticarət eləməyə. Şəhərdə tacirlər arasında da yaman hörmət qazanmışdı. Daha bir sözünü iki eləmirdilər. Bu burda qalmaqda olsun, sənə kimdən deyim, İbrahimdən. İbrahimi biz qoyduq yolda. Özü də ki, gedirdi şəhərə. Bu minvalnan yazıq qəm dəryasına qərq olub, fikir eləyə-eləyə gəlib çıxdı şəhərin kənarına. Baxdı ki, burada lap kənarda qobunun üstündə balaca bir daxma var. Girdi daxmaya, gördü bir qarı oturub təndirdə çörək bişirir. İçəridə bir tüstü var, bir tüstü var ki, ərəsət ayağıdı. Salam verdi, salam aldı, girdi daxmaya. Qarı bir Allah bəndəsi qarıydı. Tez bir dənə mindər götürüb atdı daxmanın yuxarı başına. İbrahimə dedi: – Əyləş! İbrahim əyləşdi. Qarı gördü ki, İbrahim çox bərk pərişandı, soruşdu ki: – Bala, nə olub belə qəm dəryasına batıbsan? De görüm, bəlkə məndə sənə bir çarə oldu. İbrahim başına gələn qəza-qədəri danışdı. Qarı dedi: – Bala, sənin toqqanı yeddiqanad ifritə aparıb. İbrahim soruşdu: – Bəs indi sənin sözün nədi? Mən necə eləyim? Qarı dedi: – Bala, ifritə Ənbərguh dağında olur. Onun yanına getmək hər oğulun işi deyil. Ora gedən gərək canından keçib gedə. İndiyədək kim ki, ora gedib, sağ-salamat gəlməyib. Ancaq mən sənə onun tilsimini öyrədərəm. İbrahim dedi: – Tez ol, qarı nənə, başına dönüm! Qarı dedi: – Bala, mən onun tilsimini sənə öyrədərəm, ancaq ki, o tilsimi sındırmaq özü də elə bir igidlik istəyir. İbrahim dedi: – Sən de, işin olmasın. Qarı dedi: – Bala, o ifritənin dünya boyda bir tiyanı var. O tiyanın altı həmişə cəhənnəm kimi zəbanə çəkib yanır. Bütün əlinə keçən adamları da o tiyanın içində qaynadır. Sən tilsimi sındırmaq üçün gərək əvvəlcə o tiyanı söndürəsən. İndi qulaq as, deyim, gör tiyanı necə söndürəcəksən. O tiyan burdan düz yeddi aylıq yoldadı. Elə ki, tiyana on gün qaldı, sən istidən gedə bilməyəcəksən. O ocağın istisi vaxt eləyəcək ki, səni boğsun. Amma gərək gedəsən. Elə ki, çatdın tiyana, elə ki, tiyan göründü, qorxma daha sənə heç bir şey olmayacaq. O tiyanın sağ tərəfində, dağın sıldırım daşı üstündə bircə dənə alma var. Gərək cəhd eləyib o almanı vurub salasan yerə. Əgər saldın tiyan sönəcək, yox, əgər sala bilmədin, ifritə səni də tutub atacaq həmin tiyana. Amma elə ki, almanı vurub saldın, hər tərəfdən sənə hücum eləyəcəklər. Gərək qorxub özünü çaşdırmayasan. İbrahim tilsimi öyrənib durdu ayağa, qarıya bir az pul verdi, yolu da bələdləyib düzəldi yola. Bu getməkdə olsun, sənə kimdən deyim, qızdan, yəni bizim yalançı İbrahimdən. Axı onu hamı İbrahim bilirdi. O da ki, özünü vurmuşdu hiyləyə, bu kələk ilə işini aparıb ticarətin eləyirdi. Özü də çox həlim təbiətli olduğuna görə, çox çəkmədi bütün tacirlərin müştərisini çəkdi özünə tərəf. Daha bir şöhrət qazandı ki, olmayan kimi. Bunun bu şöhrəti gedib çatdı padşahın qulağına. Padşah vəzirin bir gün çağırıb hüzuruna dedi: – Vəzir, bilirsən nə var? Vəzir zəmin-ədəb öpüb cavab verdi: – Yox, sənə qurban olum, əmr elə görüm nə olub? Padşah dedi: – Deyirlər ki, bizim şəhərimizdə bir yaxşı sövdəgər peyda olub, adına da tacir İbrahim deyirlər. Şöhrəti daha dünyanı basıb. Gərək bu işin həqiqətini öyrənib onun halını, nəcabətini bilib mənə xəbər verəsən. Vəzir “baş üstə” deyib bir gün möhlət istədi, dərviş libasını geyib çıxdı bazara. Gəlib çatdı İbrahimin dükanının qabağına. Gördü vallah, bu bir oğlandı, bir oğlandı ki, nə qədər tərif eləsən yenə də o təriflərin hamısından yaxşıdı. Qərəz, daha uzun baş ağrısı olmasın, padşah nə ki, istəmişdi vəzir hamısını öyrənib gəldi padşaha dedi. Padşah böyük bir qonaqlıq düzəldib İbrahimi qonaq çağırdı. İbrahim padşahın gözünə çox xoş gəlmişdi. Daha lap hayıl-mayıl olmuşdu. Tutdu onun yaxasından ki, qızımı verəcəyəm sənə. Yazıq İbrahim nə qədər elədi, nə qədər sürüşmək istədi, baş tutmadı ki, tutmadı. Axır naəlac öz razılığını verdi. Baxdı ki, əgər desə almıram, padşahdı, hər nə istəsə eləyəcək. İbrahimin anasının ayağı daha yerə dəymirdi. Çeşn eləyirdi. Zarafat deyil, oğlu padşah qızı alırdı. Bəli, tədarük görüldü, alınmalı alındı, çağırılmalı çağırıldı, toy başlandı, düz qırx gün, qırx gecə bir atəşfəşanlıq oldu, bir atəşfəşanlıq oldu ki, heç Şah Abbas da belə toy eləməmişdi. Qırx birinci gün qızı köçürtdülər İbrahimin evinə. Sənə kimdən deyim İbrahimdən, yəni bizim qızdan, yalançı İbrahimdən. Yazıq qız tutuldu qarın ağrısına ki, indi mən başıma haranın külünü töküm? Mən yazıq neyləyim? Bir çox fikir-xəyaldan sonra gəlib girdi qızın otağına, gördü ki, qız əyləşib, amma doğrudan da heç özündən qalan qız deyil. Gözəllikdə heç Züleyxa ona deyə bilməz ki, yerin əyridi düz otur. Gəldi qızın yanına, bir az söhbət elədilər, danışdılar, gülüşdülər, elə ki, yatmaq məqamı gəldi, İbrahim çıxdı çölə, hamını dağıtdı ki, çıxıb getsinlər, özü də gəlib soyundu, üzünü divar tərəfə çevirib yatdı. Bəli, sabah gecə oldu, yenə də üzünü divara tərəf çevirib yatdı. Bir gün, iki gün, üç gün, axırda qız bir gün dilə gəlib dedi: – Bu nə hoqqadı ki, sən çıxardırsan? Belə niyə eləyirsən? Əgər məndən xoşun gəlmir, üzümə de da! İbrahim baxdı ki, qız hazırlaşır getməyə, soruşdu ki: – Hara gedirsən? Qız dedi: – Gedirəm atama deyəm, görəm məni niyə sənə verib? İndi ki, sənin məndən zəhlən gedir, daha mən burada niyə qalım? Sənin deyəsən gözün özgəsindədi. İbrahim hərçi elədi ki: – Sən dayan, bu bir sirdi, vaxt olar sənə deyərəm. Qız qulaq vermədi ki, vermədi. Axır İbrahim, yəni bizim yalançı İbrahim məcbur oldu ki, açıb işin həqiqətini ona desin. Bəli, necə ki, biz danışmışdıq, eləcə açıb bütün əhvalatı qıza danışdı. Qurtarandan sonra papağı başından götürüb uzun saçlarını dağıtdı dalına. Padşahın qızı gördü nə? Bunun əri bir dənə qızdı ki, yemə, içmə xətti-xalına, gül camalına tamaşa elə! Elə bil bir dənə huridi, qılmandı, ml;şmüşdü yola ki, gedib Ənbərguh dağında ifritənin tilsimini sındırıb toqqasını gətirsin. Bəli, İbrahim altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, ya mədəd deyib düşdü yola, başladı getməyə. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, ha gedib, hu gedib yeddi aydan sonra gəlib çıxdı bir yerə. Gördü adə, qabaqdan bir isti boğanaq hava gəlir ki, vaxt eləyir adamın bağrı çatlasın. Bildi ki, bəli, qarının dediyi yerə gəlib çıxıb. Bir az irəlilədi, gördü yox, getmək mümkün deyil. Paltarlarının döş¨şmüşdü yola ki, gedib Ənbərguh dağında ifritənin tilsimini sındırıb toqqasını gətirsin. Bəli, İbrahim altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, ya mədəd deyib düşdü yola, başladı getməyə. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, ha gedib, hu gedib yeddi aydan sonra gəlib çıxdı bir yerə. Gördü adə, qabaqdan bir isti boğanaq hava gəlir ki, vaxt eləyir adamın bağrı çatlasın. Bildi ki, bəli, qarının dediyi yerə gəlib çıxıb. Bir az irəlilədi, gördü yox, getmək mümkün deyil. Paltarlarının döşünü cırıb, gözünü yumdu, başladı getməyə. Bir vaxt gördü ki, qan-tərin içindədi. Heç bir şeyə fikir verməyib getdi. Bir az da gedəndən sonra gördü deyəsən indi bir az hava düzəlir, di bir az da, bir də, hə, hə... daha isti çəkildi. Qarının dediyi yadına düşdü. Bildi ki, tilsimin birinci pilləsini keçib. Gördü uzaqdan yekə bir od görsənir. Vallah, bu od elə nərə çəkib yanır, elə nərə çəkib yanır ki, lap zəbanəsi ərşə qalxır. Amma üstündə də qarının dediyi kimi, bir yekə tiyandı paqqapaq qaynayır. İbrahim özünə bir ürək verib irəlilədi. O qədər ki, gəlib çatdı bu tiyanın yanına. Sağ tərəfə gedib gördü ki, dağın ətəyində bir sıldırım var. Bunun ortasında ilahinin əmriynən susuz, otsuz bir daşın üstündə bir alma ağacı göyərib ki, vallah, yamyaşıl kölgəsi canlar alır. Baxıb gördü ki, aşağıda bir dənə qıpqırmızı qan kimi alma var. Yeridi, qılıncı çəkdi, ya mədəd – deyib hoppandı göyə, almaya bir qılınc vurdu, alma iki bölünüb düşdü yerə. Tiyanın altından bir zəbanə çıxdı, bir zəbanə çıxdı ki, İbrahim dedi: bu saat bu dünya qurtarır. Baxdı ki, hər tərəfdən əjdahalar, ilanlar, divlər yüyürürlər bunun üstünə. Dalını verdi dağa, qolun çırmayıb qılıncın aldı əlinə, sidq ürək ilə bir nərə çəkib özünü vurdu ləşkərə. Bunu burda vurdu, onu orda vurdu, bir də gördü ki, bir əjdaha elə handa handadı ki, onu çəksin kamına. Qılıncı soxdu bunun sol böyründən, qan fəvvarə verib fışqırdı göyə. Bir gurultu qopdu ki, İbrahimin başının tükləri ayağına salama gəldi. Gözün açanda bir də gördü nə əjdaha var, nə div, nə də tiyan. Burada bir dənə bulaq var, bu bulaqdan bir su axır, bir su axır, vallah, elə bil göz yaşıdı. Bulağın başında bir yekə sal var, bu salın da üstündə onun toqqası. Yüyürüb əlini atdı toqqaya, elə götürmək istəyəndə bir əl daldan yapışdı onun çiynindən dik qalxızdı göyə. İbrahim başını qaldırıb baxanda gördü bu bir nahamvar ifritədi ki, alt dodağı yer süpürür, üst dodağını göy süpürür. İfritə bunu qaldırdı buludların üstünə. İbrahim öz-özünə dedi: – Bəli, mənimki də elə buracan imiş. Gözlərin yumub qulaqların şəklədi ki, görək nə vaxt məni buradan salacaq yerə. İfritə onu lap göyə qaldırıb dedi: – İbrahim, anan matəmində əyləşsin! Mənim oğlumun toqqasını oğurlamısan bəs deyil, özünü də öldürmüsən, ikinci oğlumu da öldürmüsən. İndi də cürət eləyib gəlib mənim dünya boyda tiyanımı söndürmüsən. Mən səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Ya budu ki, səni bu saat buradan salacağam yerə, ya da budu ki, mən görürəm sən igid oğlansan, mənim bir dərdim var, gərək ona çarə eləyəsən. İbrahim dedi: – O nə dərddi? İfritə dedi: – Mənim bir düşmənim var, o da ki, ağ divdi, dünyanı, ruzigarı mənə haram eləyib. Mən onnan nə qədər əlləşmişəm bacarmamışam, amma onun ölümü bəni-adəmin əlindədi. Özü də o bəni-adəm o bəniadəmdi ki, mənim dünya boyda tiyanımı söndürəcək. İndi əgər onu gedib öldürsən, onda toqqanı da verib, özünü də götürərəm düz atanın vilayətinə.Yox, əgər öldürmədin, balıq olub suya cumsan, quş olub göyə uçsan, ilan olub torpağa girsən də mənim əlimdən qurtarmayacaqsan. İbrahim gördü bu xına o xınalardan deyil. Bu elə bir nahamvar, nanəcib ifritədi ki, dünyada hər nə pislik desən əlindən gələr. Çar-naçar razı olub dedi: – Yaxşı, öldürərəm. İfritə onu qanadının altına vurub qalxdı buludların üstünə, üz qoydu məşriğə tərəf uçmağa. Bu minval ilə nə qədər yol getdilər İbrahim bilmədi, bir vaxt ifritə dedi: – Bax, İbrahim, div odu gedir. İbrahim yerə baxıb gördü ki, yernən bir dağ gedir. İfritə onu şəhərin kənarında yerə qoyub dedi: – Bax, haman div bu dağın o tərəfində bir mağara var, orada olur. Sən gedib orada onu öldürməlisən. Bunu deyib qanadın vurub qalxdı yenə havaya. İbrahim saldı başını aşağı, öz gününə yana-yana başladı şəhərə tərəf getməyə. Gəlib çatdı şəhərə, gördü bütün şəhər əhli qara geyi-nib. Gəldi girdi bir çayçı dükanına ki, bir balaca rahatlansın. Əyləşdi, gətirib qabağına bir dənə əla çay qoydular. Bir dənə də qəlyan alıb şirmayı müştüyünü keçirdi dodaqlarına, başladı çəkməyə. Bir də İbrahim fikir verib, gördü bunun yanında bir cavan oğlan oturub elə hey ah çəkir. Bir az bu oğlana fikir verib gördü yox, elə bu oğlan başını qoyub iki dizlərinin üstünə, bir ucdan ah çəkir. Özü də elə ah çəkir, elə ah çəkir ki, elə bil bütün dünyanın xəracatını bundan alırlar. Axırda özünü saxlaya bilməyib soruşdu: – Qardaş, nə olub sənə? Nə dərdin var? Bəlkə sənin dərdinə məndə bir dərman tapıldı? Oğlan buna baxıb dedi: – Əh, səndən mənim dərdimə nə çarə olacaq! İbrahim əl çəkmədi. Axırda ah çəkən oğlan İbrahimi dükanın bir tərəfinə çəkib başladı dərdini danışmağa. Oğlan dedi: – Mən dövlətli bir tacirin oğluyam. Atam öləndən sonra əmim bütün var-yoxuma sahib olmaq üçün məni yox eləmək fikrinə düşdü. Əmimin bir qızı var idi. Biz bir-birimizə nişanlı idik. Əmim baxdı ki, əgər qızı mənə versə, dövlət onun əlindən çıxacaq. Ona görə də bir gün mənim boynuma oğurluq atıb şəhərdən sürgün elətdirdi. Mən atamın bütün dövlətindən, mal-mənalından əlimə bir dənə ağac alıb düzəldim yola. Gethaget, gəlib çatdım bir meşənin kənarına. Baxdım ki, ayaqlarımın altı qabar eləyib yaman göynəyir. Əyləşdim ki, bir az yorğunluğumu alım, bir də gördüm budu daldan bir cavan oğlan bir ağ atın üstündə çapa-çapa dörd ayağa gəlir. Atlı gəlib çatdı mənə. Bu atlı kim ola, kim ola, bir baxam ki, əmim qızı. Əmim qızı yetişib məni görcək ağladı, atdan düşüb özünü saldı mənim üstümə, qolunu saldı boynuma, başladı məni öpməyə ki: – Əmioğlu, sənin əmin qızı vəfasız deyil. Sən demə əmim qızı işi bilir, durur ayağa, vəzndə yüngül, qiymətdə ağır şeylərdən götürür, bir heybə doldurub gecə ilə bir ata minib düşür dalıma. Qərəz, mən də durdum ayağa. Əmim qızı ilə tərkləşib gəldik çıxdıq haman bu şəhərə. Burada bir dükan açdım, əmim qızını da aldım, başladıq güzəran eləməyə. Güzəranımız da heç pis keçmirdi. Mənim dükanımın qonşuluğunda bir də cavan, gözəl oğlan var idi, tacir idi. Bu oğlannan qardaş olmuşduq. Bir gün evə gəlib gördüm əmim qızı evdə yoxdu. Ora əmim qızı, bura əmim qızı, əmim qızı bir parça ət oldu uçdu göyə. Hər yeri ayaqdan saldım, tapa bilmədim ki, bilmədim. İşi o qardaşıma açdım. O, iki əli ilə dizinə vurub dedi: – Qardaş, sənə gələn mənə gələ idi. Yəqin qızı həramilər aparıb. Soruşdum: – Necə həramilər? Qardaşlığım dedi ki: – Burada həramilər dəstəsi var. Şəhərdə nə qədər gözəl qız olsa aparırlar. Yəqin onu da onlar aparıblar. Soruşdum: – Bəs o həramilər harada olur? Qardaşlığım mənə göstərdi ki: – Bax, o dağın dalında bir bulaq var. O bulaq onların yeridi. Mən sabahı gün yemə, içmə, durub getdim haman ora. Gedib əyləşdim bulağın başında, başladım gözləməyə. Bir də gördüm budu əmim qızı, əlində bir kasa gəlir bulağa su doldurmağa. Sevincək ayağa qalxdım ki, götürüb qaçam. Baxdım ki, əmim qızı heç mənə fikir verməyir. Əmim qızı nazü-qəmzə ilə gəldi bulağın başına. Gözləri də məndəydi. Kasanı doldurub başladı getməyə. Durdum ayağa ki: – Əmi qızı, hara? Əmim qızı bir mənə baxdı, güldü, çıxıb yenə də nazü-qəmzə ilə getdi həramilərin olduğu mağaraya. Mən kor-peşiman qayıtdım evimə. Qardaşlığım gəldi ki: – Nə oldu? Dedim: – Bəs hal-əhvalat belə. Qardaşlığım bir az fikrə cumub dedi: – Onu həramilər yoldan çıxarıblar. O da tay mehrin salıb onlara. İndi özünü gözlə ondan sənə ziyan dəyər. Mənim doğrusu ki, ürəyim tab gətirmədi, sabahı yenə getdim. Yenə bir az gözləyəndən sonra baxdım ki, budu çıxıb firavan-firavan gəlir bulağa su doldurmağa. Gözlədim, lap gəlib çatdı, durdum ayağa. Əmim qızı məni görcək dedi: – Əmim oğlu, get! Bir də buralara gəlsən, mən sənnən ayrı cür danışaram. Mən yapışdım bunun əlindən ki: – Necə yəni necə? Sən mənim zənənimsən. Əmim qızı itələyib məni yıxdı yerə, özü çıxıb getdi. Durub gəldim evə. Qardaşlığıma tay heç bir söz demədim. Sabahısı yenə getdim haman yerə, gözlədim, əmim qızı gəldi. Elə ayağa durmaq istəyirdim ki, ona bir neçə söz deyəm, bəlkə yola gəldi, bir də gördüm əmim qızı istəyir haray salıb məni öldürtdürə. Mən bunu görcək cəldlik eləyib əlimdəki bıçaq ilə onu öldürüb qayıtdım evə. Qardaşlığım gəldi ki: – Haradaydın? Əhvalatı açıb ona dedim. Bundan sonra qardaşlığım daha mənim yanımdan əl çəkmədi. Amma mən çox pərişan hal olmuşdum. Günügündən dala gedirdim. Axırda qardaşlığım mənə dedi: – Qardaş, gəl səni evləndirək, bəlkə bir az fikrin dağıla. Mən razı oldum. Qardaşlığım mənə dedi: – Gəz, dolan, axtar, hansı qızı istəsən alım sənin üçün. Mən də başladım axtarmağa. Bir ün axşam üstü bilmirəm haradan gəlirdim, bir də gördüm küçədən bir qız gedir, elə bil ki, kəklikdi səkir. Düşdüm bu qızın dalına. Bu qız gedib girdi bir ağ qapılı həyətə. Qapını yaxşıca nişanlayıb gəldim evə. Gözlədim qardaşlığım gəldi bizə, açıb ona dedim ki, bəs hal, qəziyyə belə. Qardaşlığım soruşdu: – Hansı qapı? Mən ona nişan verdim. Qardaşlığım çox pərişan oldu. Bir az fikirdən sonra mənə dedi: – Qardaş, sən gəl o qızı istəmə! Ondan sənə xeyir gəlməz. Bu çox dedi, mən az eşitdim, dedim: – Olmaz ki, olmaz. Alsan odu, almasan daha heç kəs. Əgər məni doğrudan da istəyirsənsə, gərək onu alasan mənə. Qardaşlığım çar-naçar razı oldu. Bəli, durdu ayağa, getdi, necə ki, qaydadı elçiliyə. Gəldi ki, bəs düzəldi. Mən başladım toy tədarükü görməyə. Hər şey hazırlandı. Bəli, toy başlandı. Üç gün, üç gecə toy eləyib mən bu qızı aldım. Gəlin gələn gecə qardaşlığım yox oldu. Gəlini gətirəndə baxdım ki, doşab almışam bal çıxıb. Doğrudan da min əmim qızına dəyər. Bu qardaşlığım yox oldu ki, yox oldu. Mən dükana getmədim. Gözlədim, gözlədim, bu gəlmədi. Axırda özümü saxlaya bilməyib dedim: – Ay namərd qardaşlıq!.. Gör heç bir gəlir? Aradan bir az keçdi, bir də gördüm qardaşlığım girdi içəri. Görüşdük. Elə o yandan, bu yandan soruşdum bəs harada idin? Bu mənə min dil tökdü ki, vallah, yaman azarlamışdım. Döndüm ki, qıza deyəm çay versin, gördüm qız yoxdu. Dedim yəqin bayıra çıxıb. Qardaşlığım bir az oturub durdu ki: – Bəs məni bağışla, gərək gedəm. Hərçi elədim olmadı. Bu çıxıb getdi. Bu gedəndən sonra qız gəldi. Mən elə doğrusu bir az pərişan oldum ki: – Qonaq gedəndən sonra nəyə gəlirsən? Qız bir söz demədi. Bundan sonra bu qız xasiyyət elədi, elə qardaşlığım gəlcək, bu yox olurdu. Axırda mən şübhələnməyə başladım. Bir gün qapını bağlayıb qılıncı çəkib qıza dedim: – Ya bunun səbəbini de, ya da ki, səni bu saat doğrayacağam. Qız məsələni açdı. Sən demə bu qız elə mənim qardaşlığımın özü imiş. Təzədən bununla olduq qol-boyun. Bu minval ilə üç il dolandıq. İndi düz iki aydı ki, ağ div onu oğurlayıb aparıb. O gündən də mənim işim olub belə ah çəkmək. İbrahim soruşdu: – Bəs ora necə getmək olar? Ah çəkən oğlan dedi: – Nə bilim? Budu bir aydı ki, padşahın da qızını aparıb. O da vəzirin oğlunun nişanlısıdı. Vəzirin oğlu qoşun götürüb hər gün orada dava eləyir. Bir yerə çıxmır ki, çıxmır. İbrahim onu da götürüb düzəldi yola, dedi: – Qorxma, gəl sənin köməkliyinə o ağ divin canı mənim əlimdədi. Mən elə gəlmişəm onu öldürməyə. Getdilər dağın ətəyinə. Axtarıb bir quyu tapdılar. Quyunu ifritə İbrahimə demişdi. İbrahim ah çəkəni orada qoyub necə ki, ifritə demişdi, girdi quyuya. Baxdı ki, sola tərəf bir yol gedir. O yol ilə gedib çatdı bir otağa. Gördü haman padşahın qızı burada saçlarından asılıb, amma ayağının altında bir qızıl cam var, sağ ayağının dabanından bir iynə boyda deşiblər, qan cikkə-cikkə düşür bu qızıl camın içinə. Qız oğlanı görcək dedi: – Ey oğlan, yazıqsan, çıx qaç! İndi div gələr, sənin ətini aşıqcan eylər, qanını da qaşıqcan. İbrahim heç bir söz deməyib əyləşdi. Başladı divi gözləməyə. Aradan bir az keçdi, bir də gördü budu yer titrədi, göy guruldadı, div girdi içəri. İbrahimi görcək bir əlini qarnına çəkib yüyürdü onun üstünə. İbrahim ifritənin öyrətdiyi kimi cəld tərpənib qızıl camdakı qanı götürüb atdı divin gözlərinə. Divin gözləri kor oldu, yıxıldı yerə, başladı çapalamağa. Oğlan fürsəti fota verməyib, onun başını bədənindən ayırıb cəhənnəmə vasil elədi. Qızı açdı, düşürüb yerə, dedi: – Sən otur burada. Bunu deyib keçdi ikinci evə. Gördü ki, ah çəkən qardaşın qızı əyləşib, bir nahamvar bədheybət div də başını qoyub onun dizlərinin üstünə yatıb. Elə İbrahim otağa gircək div oyandı. Küştü başlandı. Düz yeddi gün, yeddi gecə gah bu ona güc gəldi, gah o buna güc gəldi. Amma heç birisi bir-birini yıxa bilmədi. Axırda səkkizinci günün ikindi çağı idi ki, İbrahim bir ya mədəd – deyib divi başının üstündən qaldırıb vurdu yerə. O qalxanacan İbrahim cəld özünü o biri otağa tullayıb haman camda qalan qanı da tulladı bunun gözlərinə, onu da yıxdı yerə, çökdü sinəsinə, qılıncı vurmaq istəyirdi, bir də gördü ifritə buludların içindən qışqırır: – Vur, anan matəmində otursun! O səni aldadır, bu saat səni öldürəcək. İbrahim gözünü yumub qılıncı basdı onun gözünə. Sonra da başını kəsdi. Baxdı ki, əmisi qızı deyil, divdi. İfritə göydən enib, bir yekə qab götürüb, tutdu onun qanının altına. Elə ki, qab doldu İbrahimə verib dedi: – Al, bu qandan hər nəyə vursan dönüb olar qızıl. Bu haman ağ divdi ki, sən öldürdün. O qəsdən sənin gözünə elə görünürdü ki, aldanasan. Qərəz, ifritə toqqanı da çıxarıb verdi İbrahimə. İbrahim qızların ikisini də götürüb gəldi quyunun ağzına. Ah çəkən qardaş ipi salladı, üçünü də çəkib çıxartdı. Onun qızını verdi özünə, vəzirin oğlunun nişanlısını verdi özünə, özü də mindi ifritənin qanadının üstünə, gəlib çıxdı öz vilayətlərinə. İşlər açıldı. Əsil İbrahim gəldi, yalançı İbrahim hər şeyi ona təhvil verdi, padşah qızı ilə olan əhdi də ona dedi. Təzədən qırx gün, qırx gecə toy eləyib öz muradlarına çatdılar. Mən də orada idim, aş yedim, nə əlim batdı, nə ağzım daddı, nə də qarnıma bir şey getdi. Siz də eləcə yeyin, doyun! Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu, siz götürün! Siz sağ, mən də salamat.