İbtida ustaddan dərsin almışam

Vikimənbə saytından
Jump to navigation Jump to search
İbtida ustaddan dərsin almışam
Müəllif: Aşıq Ələsgər
qoşma

İbtida ustaddan dərsin almışam,
Ələst aləmində demişəm bəli,
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Mühəmməd, birisi Əli.

Əlidən dərs aldım eylədim əzbər,
Ərşin sütunudur yerlərə ləngər,
Fatmeyi Zəhra, Kafeyi məhşər,
Onun seçdim gözəllərin gözəli.

Həsən Əli müstəbda çoxdur şövkəti,
Ərşin güşvarisi, göyün zinəti,
Məhşər günü darda qoymaz hümməti,
Məhşər qucağında şahi Hüseyn gəlir.

Xəliqi ləm yazəl vahidi yektay,
Qüdrətindən kamal verib mənə pay,
Axı əlif tayın eylə haqqı say,
Arif seçə əbgə diləccim.

Günahım dəryadır, özüm dammışam,
Tutduğum işlə çox utanmışam,
Xüst pənahına daldalanmışam,
Adım Ələsgərdi, əslim Göyçəli.