İdeal/I fəsil

Vikimənbə saytından
İdeal. I fəsil
Müəllif: İsa Hüseynov Muğanna
II fəsil


Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi "super dövlət" SSRİ-nin tərkibində, müharibədən təzə çıxıb yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə "tısbağa yumurtası" adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu — "yaiçnıy paraşok" da nemət sayılırdı; taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu "paraşok" demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə, şirniyyat yerinə işlənirdi. Buna görə də Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gəlib-gedib kisə-kisə "yaiçnıy paraşok" gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.

Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də əmisi Sultanın, yəni, rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin "payoku"ndan hər cür nemət dadıb özünü "kişmiş acı" saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində — qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib önlüyünün ətəyini açıb atasından "çırpışdırdığı" kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun — Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula — göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa: "Çax-çux özünə gün ağlasın, biz də özümüzə", — deyib gülüşsünlər.

Bu üç nəfər — iki qız və bir oğlan cəhalət və işgəncələrlə dolu ölümlü dünyamızın əbədi həyat dünyası Kainatdan ayrılığının səbəblərindən bəhs edən bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların "ağzını şirin eləmişdi", cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə "müftəcə yeyirdilər". Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.

Səmədin gur, qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda o biri tərəfdən qara ipək cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:

— Ey, ey, saçlarınız görüşdü! — deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda Səmədin əli də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

— Ey, ey, əlləriniz görüşdü! — deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, "dizlərin görüşü", "ayaqların görüşü" də bunun üstünə gəlib hər üçünün arasında sehrli, sirli ilk gənclik oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi.

Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün, bəlkə də, ən xoşbəxt günləri idi. "Ekspeditor" Xalıqın rəsmi faktura — malın siyahısı və qiymətləri ilə mal payladığı və qeyri-rəsmi "çax-çux" — alver elədiyi üç para kənddə, o cümlədən burda — Qonaqlıda hamıya məlumdu ki, Arazın bu tayı ilə o tayının, yəni, Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında "sərhəd açıldığı" (1) gündən indiyə qədər — beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil, bu get-gəl Əmirlilərin o tayda — "xarici ölkədəki qohumları" ilə, Təbrizin Əmir məzarıstanında dəfn olunmuş ataları Məhəmməd Əmirlə, qardaşları Şeyx Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda — Sovet Azərbaycanında "sinfi düşmən" sayılan məsləkdaşları ilə əlaqədardılar. (2) Palıd kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-çux yenə "Məhəmməd Əmirdən, şeyx qardaşlardan", o qardaşlardan qalan mülklərdən, var-dövlətdən danışacaq.

Səməd isə öz aləmində idi. Hətta son günlərin böyük, ciddi hadisələri — "o tayda Azərbaycan Demokratik Firqəsinin məğlubiyyəti", yəni, "Milli Hökumətin yıxılması" və "Şahın bizimkiləri topa tutması" (3) da bu gur saçlı, möhkəm bədənli "əziz-ərköyün sərd oğlu"nun gur hissiyyatla dolu şadlığına mane olmamışdı. Başqa sözlə, dünyada baş verən hadisələr bu cavana hələ bir o qədər toxunmamışdı və toxuna da bilməzdi. Cəmaat deyirdi: "Sədr oğlunun Araz aşığındandı, Kür topuğundan", yəni, "heç nə vecinə deyildi". Və bu sözlərdə həqiqət vardı. Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə yarıya qədər bu otağa dəstə-dəstə gəlib-gedən cəmaat arasında "əziz-ərköyün sədr oğlu" kimi, "şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli yetirməsi" kimi, "ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən" və "yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı" kimi görmüşdü; Qonaqlının nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət bacalarında çoxlu it saxlayan Qudalı məhləsinin itlərini döyərdi; Əmirlilərə açıq-açığına "düşmənlərim" deyən Qudalı ağsaqqalı Xəlvət Rəhimin atının quyruğunun altına tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna "Göbələk Məmiş" deyib qaçışan Qudalı cavanlarını "deşiklərinəcən qovardı", əlinə keçənlərin ağız-burunlarının qanını bir-birinə qatardı; "Qudalı cavanlarının atamanı Qıllı Qeybalı" Qonaqlının partkomu Cəfər əminin — Lüt Cəfərin özündən iyirmi yaş kiçik arvadı Ayna bacının "ora-burasına baxanda" Qeybalını "Dantes köpəyoğlu" adlandırıb "duelə" çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb Qıllı Qeybalının üz-gözünü, üst-başını batırardı; hesabdar Mürsəl Qonaqlının məşhur "qəlyanlı qocalar"ından Çürük Aşıqla Xızr Abının əməkgünlərini kəsib ömürlərini bazarlarda keçirən Qudalılara əməkgünü yazanda Səməd atasının bu işə qarışmasını gözləməyib mühasibliyə cumardı, "vedomost"u stolun üstündən qapıb Mürsəlin başına çırpardı, "təzədən yaz, köpəyoğlu!" — deyib ədalət bərpa olunmayınca idarədən çıxmazdı.

Lap uşaqlıqdan başlayıb hələ də davam edən bu cür dəliqanlılığına görə Qudalı cavanları ona "Dəli Səməd" deyirdilər və yəqin ki, elə haqlı deyirdilər; daim dingildəyib hökmən nə isə eləmək, hətta gecələr çarpayıda da qaynayıb yorğan-döşəyi, balıncı əzişdirib bir-birinə qatışdırmaq heç də adi, normal adam vəziyyəti deyildi və Səməd özü də hiss edirdi ki, ancaq son vaxtlar "Kamal attestatı proqramı"nda imtahan biletlərinin çoxluğundan qorxub kitabların üstünə cumanda, bir də Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyə-yeyə Gülgəzə tamaşa eləyəndə "az-çox adam olurdu".

1946-cı il dekabrın 23-nə qədər vəziyyət belə idi.

O qış günü Çax-çuxun "o taydakı şeyx qardaşları" barədə cəmaata xəbəri, "O Əmirlilər Sovetin düşmənləridilərsə, burdakı Əmirlilər Sovetə dost olarlarmı, ay cəmaat?!" — dediyini qulağı alar-almaz Səməd əlini Gülbənizin önlüyündən çəkib birbaş idarəyə — atasının kabinetinə yüyürdü və o gün də birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa "Ağ Əmir, Boz Əmir adında Şeyx əmiləri" də varmış; haçansa "İranda məşrutə vaxtı", Səttarxan üsyanı illərində gəlib-gedərmişlər, Bakının, Gəncənin, Tiflisin, İrəvanın məscidlərində (4) ianə yığıb o taya apararmışlar. Axırıncı dəfə Şimali Azərbaycanda Şura respublikası qurulanda Nəriman Nərimanovun "Şərqdə müstəmləkəçilikdən azadlığa çıxmağın yolları haqqında" nitqinə qulaq asıb gediblər, bundan iki il sonra — iyirmi ikinci ildə isə sonuncu Azərbaycan şahının təxtində oturan təzə Pəhləvi şahının qəzəbinə keçib zindana düşüblər, yeddi-səkkiz il müddətində şaha dəfələrlə məktub yazıb Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut eləməyə çalışsalar da, "millətpərəst qiyamçılar" damğasından qurtara bilməyiblər və nəhayət, otuzuncu ilin qışında iki qardaşın ikisi də bir gündə xəlvəti öldürülüb "Əmir məzarstanı" deyilən qəbirstanda dəfn olunub...