İdeala xidmətə örnək
İdeala xidmətə örnək Müəllif: İsa Həbibbəyli |
Həmçinin baxın: Haqqında • Sitatları Mənbə: Azərbaycan.- 2012.- 8 mart.- S. 10. |
XXI əsrdə söz mülkünün sultanı, dahi sənətkar Məhəmməd Füzuliyə xüsusi bir qayıdış vardır. Bu, şübhəsiz ki, hər şeydən əvvəl, Azərbaycanın dövlət müstəqilliyi qazandıqdan sonra klassik ədəbi irsi, bu irsin böyük nəhəngi Məhəmməd Füzulini keçmiş cəmiyyətin ideoloji buxovlarından uzaq, ölkənin və xalqın milli maraqları əsasında yenidən tədqiq və nəşr edərək yeni nəsillərə çatdırmaq məqsədini daşıyır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı 12 yanvar 2004-cü il tarixli sərəncamı əsasında görkəmli klassiklərimizlə bir sırada Məhəmməd Füzulinin altı cildlik külliyyatının 25 minlik tirajla çap edilərək geniş auditoriyaya çatdırılması da mühüm ədəbi-tarixi hadisədir.
Çoxprofilli musiqi tədbirlərinin, muğam müsabiqələrinin keçirilməsi ustad Füzulinin zəngin bədii irsinin milli mədəniyyətimizin inkişafındakı rolunun müəyyən edilib öyrənilməsinə ciddi bir zərurət yaratmışdır. Bundan başqa, ali və orta məktəb dərsliklərinin yenidən yazılma zərurətinin yaranması, çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin çap olunmağa başlaması da məlum ideoloji məhdudiyyətlərdən kənar gerçək bir Füzulinin meydanda olmasını tələb edir. Bu mənada Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin son onillikdə meydana çıxmış böyük Füzuli haqqındakı sanballı tədqiqatları müstəqillik dövrü Azərbaycan füzulişünaslığında, ümumən elmi mühitdə layiqli əks-səda tapan fərqli və dəyərli əsərlərdir. Tərəddüd etmədən demək olar ki, professor Gülşən Əliyeva-Kəngərli orta əsrlərdən başlayaraq bir neçə tarixi və siyasi-ideoloji mərhələdə yaranıb inkişaf edən Azərbaycan füzulişünaslığının müstəqillik dövründə yeni mərhələsini formalaşdırmaq üçün böyük iş aparır.
Çətin zəhmət bahasına bir neçə istiqamətdə Azərbaycan füzulişünaslığının inkişaf etdirilməsi sahəsində gördüyü ardıcıl və sanballı işlər artıq onun füzulişünaslıq sahəsində "öz mərhələsindən" də danışmağa imkan verir. Birincisi, o, son onillikdə yazdığı bütün əsərlərində mövzusundan asılı olmayaraq mütləq Füzuli babasından da söz açmışdır. Gülşən xanımın ayrı-ayrı kitablarındakı fikirləri sadəcə xatırlatma, ehtiram mənasında ifadə edilən mətləblər olmayıb, həmişə ciddi elmi qənaətlər təəssüratı yarada bilmişdir. Məsələn, onun hələ 2000-ci ildə çap olunmuş "Çağdaş poeziya və klassik irs" kitabında "xalqının ədəbiyyatının fəxarət mənbələrindən biri kimi qalan" Məhəmməd Füzulinin müstəqillik ərəfəsində və başlanğıc dövrlərdəki Azərbaycan ədəbiyyatının inkişafındakı rolu çox orijinal və obyektiv elmi mövqedən belə mənalandırılmışdır: "Çağdaş poeziyada özünü göstərən sənətkarlıq ənənələrindən biri də ... Füzuli kolibirində söz demək, poetik obraz işlətmək, orijinal poetik fiqurlar tapmaq, sözün məna dərinliyinə varmaqla oxucuda Füzuli heyrətinə bənzər bir estetik heyrət doğurmaq cəhdidir". Bu, müasir Azərbaycan şeirinin XX əsrin 70-90-cı illəri dövrünün bədii-sənətkarlıq axtarışlarının nəzəri cəhətdən düzgün dəyərləndirilməsi ilə bir sırada Füzuli irsinin öyrənilməsində ilk addımlarını atan cavan füzulişünasın ciddi elmi müşahidələrinin nəticəsi kimi meydana çıxmış nəzəri qənaətlərdir.
Fikrimizcə, Gülşən Əliyeva- Kəngərlinin "Poetika məsələləri" (2002) kitabında poetika anlayışının Məhəmməd Füzulinin "Söz" qəzəlinin təhlilindən başlaması təsadüfi olmayıb, tədqiqatçının ustad sənətkarın yaradıcılığının həm də nəzəri yanaşmalar baxımından geniş imkanlara malik olduğunu diqqət mərkəzinə çəkmək meylindən irəli gəlir. Hətta əsasən ədəbi növlər və janrlar müstəvisində dramatik ədəbi növün poetikasına həsr olunmuş bu dəyərli dərsliyin üzqabığına tanınmış rəssam Tofiq Ağababayevin çəkdiyi orijinal Füzuli portretinin bənzərsiz nümunəsinin çıxarılması müəllifin gec-tez bu dahi yaradıcı şəxsiyyətin həyat və yaradıcılığının öyrənilməsini baş mövzu səviyyəsinə qaldıracağının parolu kimi görünür.
Bunun ardınca dərhal "Füzuli sehri" kitabının (2003) oxuculara çatdırılması isə Gülşən Əliyeva -Kəngərlinin adı ilə bağlı olan Azərbaycan ədəbiyyatının Füzuli seriallarının əsası qoyulmuşdur. Bu əsər Gülşən Əliyeva-Kəngərlinin yığcam və ümumiləşmiş elmi sözlə Füzuli kimi qüdrətli bir sənətkar haqqında dərin, nəzəri, səviyyəli, bənzərsiz fikir demək məharətinin uğurlu nümunəsidir. Kitabdakı "Füzuli sehri" adlı giriş məqaləsi təkcə bu əsərin deyil, geniş mənada Gülşən Əliyeva- Kəngərlinin füzulişünaslıq istiqamətində yazılmış əsərlərinin müqəddiməsi sayıla bilər. Əslində "Füzuli sehri" kitabı Azərbaycan füzulişünaslığının yeni epoxasının mükəmməl elmi proloqudur. Kitabdakı annotasiyada haqlı olaraq deyildiyi kimi, müəllif bu əsərində "Füzuli sənətinin ecazına baş vurmuş, Füzulinin sənət sehrinin, söz möcüzəsinin heyrətamiz cəhətlərini oxucunun gözləri qarşısında açmaqla bir daha dahi şairimizin ölməzliyinə ... diqqəti cəlb etmişdir".
Məhəmməd Füzulinin çətin, müşkül müəmmalardan ibarət olan on yeddi qəzəlinin mənasını Şərq poetikasının qanunauyğunluqları, xüsusən də Füzuli sənətinin açar kəlmələri hesabına açıqlamaqla o, artıq "Qəlb şairinin" sənət dünyasına daxil olmağı bacardığını isbata çarpdırmışdır. Füzuli müəmmalarının izahı və şərhi kimi çətin məsələnin uğurlu elmi açıqlamaları ilə Gülşən Əliyeva Kəngərli böyük füzulişünasların cərgəsində özünəməxsus yer tutmağa iddialı olmaqda nəzərə çarpdırır. "Füzuli sehri" kitabındakı ustad şairin tərcümeyi-halına və əsərlərinin motivlərinə çəkilmiş nadir, düşündürücü rəsm əsərləri müəllifin sadəcə böyük şairə olan sevgisini yox, həm də onun kəşməkəşli tale yolunun və ədəbi irsinin öyrənilməsində rəsm əsərlərindən, şəkillərdən faydalanmağın imkanlarını və zərurətini meydana qoyur. Bu mənada Ə.Məmmədovun yağlı boya ilə çəkilmiş "Azərbaycanlıların Bağdada köçürülməsi", xalq rəssamı Mikayıl Abdullayevin "Gənc Füzuli müəllimi Şeyx Rəhmətullahla və onun qızı ilə", "Məcnun Leylisinin qəbri önündə", Maral Rəhmanzadənin "Məcnun Leylinin qəbri üstündə" kimi nadir və təsirli rəsm əsərləri də geniş mənada Füzulinin həyatı və yaradıcılığının bir çox müəmmalarını açmağa xidmət edir.
"Füzulinin əruz kanonları üzrə tədrisi təcrübəsi" kitabı (2005) ali məktəbdə çalışan füzulişünasın pedaqoji fəaliyyəti sahəsində də böyük sənətkara sədaqətini qabarıq nəzərə çarpdırır. Bu kitab Məhəmməd Füzulini dərindən öyrənməklə sevərəkdən tədris etməyin, yeni nəsillərə yüksək elmi-metodiki səviyyədə çatdırmağın və sevdirməyin açarıdır. Bütün bunlar sanki həm də Gülşən Əliyeva-Kəngərlinin Məhəmməd Füzuli haqqındakı gələcək geniş, sistemli, əhatəli monoqrafik tədqiqatları üçün zəruri və əhəmiyyətli bir hazırlıq, professional füzulişünaslığa aparan ciddi və səmərəli bir məşq rolunu oynayır. Gülşən Əliyeva-Kəngərlinin "Azərbaycan Füzulişünaslığının təşəkkülü" (2005) adlı ilk monoqrafiyası alimin füzulişünaslıq sahəsindəki hazırlıq dövrünün yekunu, professionallıq mərhələsinin başlanğıcıdır. Bu monoqrafik əsərlə həm də Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq füzulişünaslığın elm səviyyəsində əhatəli şəkildə öyrənilməsinin əsası qoyulmuşdur.
Nəhayət, Gülşən Əliyeva-Kəngərlinin böyük həcmə malik "Azərbaycan füzulişünaslığı" monoqrafiyası qüdrətli sənətkarın adı ilə bağlı olan çoxəsrlik tədqiqatlar əsasında yeni bir elmi istiqamət yaratmağın mümkünlüyünün isbatıdır. Bu monoqrafiya hər şeydən əvvəl, Azərbaycan füzulişünaslıq elminin mükəmməl bir elmi-nəzəri salnaməsidir. "Azərbaycan füzulişünaslığı" əsəri həmin problemə həsr olunmuş ilk sanballı monoqrafiya kimi də mühüm əhəmiyyət kəsb edir. Bu monoqrafiyada birinci dəfə olaraq söz ustadı Məhəmməd Füzulidən həm də alim-ədəbiyyatşünas kimi də əsaslı şəkildə bəhs olunub. Müəllifin tədqiqatları və təhlilləri şair Füzuli irsinin incəliklərinə qədər dərk olunmasında və araşdırılmasında alim-ədəbiyyatşünas Füzuli Bağdadinin roluna və xidmətlərinə gur işıq salır. Füzulişünaslığın tarixi dövrlər üzrə və problemlər əsasında elmi təsnifatı və nəzəri şərhi məsələsi də Gülşən Əliyeva-Kəngərlinin bu monoqrafiyası ilə ifadə olunan xidmətdir. Həmçinin "Azərbaycan füzulişünaslığı" monoqrafiyası Füzuli haqqında elmin gələcəyini də dərk və təsəvvür etməyə imkan yaradır. Bu sanballı əsər, eyni zamanda, müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının müstəqil elmi düşüncəyə, milli təfəkkürə, yüksək nəzəri səviyyəyə malik füzulişünasını da - kitabın müəllifini də geniş ictimaiyyətə təqdim edir.
"Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal" kitabı (2011) da Gülşən Əliyeva-Kəngərlini füzulişünas ədəbiyyatşünas kimi tanıtdırır. Burada professional səviyyəyə malik bir ədəbiyyatşünasın Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Rəsul Rza, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Vaqif Səmədoğlu və başqalarına həsr edilmiş araşdırmaları füzulişünaslıq üstündə köklənmiş tədqiqatçının ümumiyyətlə Azərbaycan ədəbiyyatının görkəmli yaradıcıları haqqında orijinal, yeni, yüksək nəzəri səviyyədə söz deyə bilmək istedadını aşkar meydana qoyur. Kitabdakı Füzuli araşdırmaları isə füzulişünaslıq, füzulişünaslar və Füzuli sənətinin estetikası kimi məsələləri vahid sistemdə birləşdirən, yüksək elmi səviyyədə təqdim edən əsərlər kimi böyük dəyər qazanır. Gülşən Əliyeva-Kəngərli bu kitabda füzulişünaslıq sahəsindəki tədqiqatlarını dünya füzulişünaslığına dair araşdırmalarla zənginləşdirmişdir. Müəllifin Avropa, Türkiyə, Rusiya və Orta Asiya füzulişünaslığının ümumi mənzərəsi, əhatə dairəsi, tanınmış yaradıcıları, əsas problemlərə dair araşdırmaları Azərbaycan füzulişünasının geniş imkanlarını nəzərə çarpdırır. Eyni zamanda, dünya füzulişünaslığı istiqamətində aparılmış tədqiqat bu fonda Azərbaycan füzulişünaslığının yüksək elmi-nəzəri səviyyəsini və böyük nailiyyətlərini daha aydın şəkildə təsəvvür olunmasını da şərtləndirir.
Kitabdakı "Poetik sözün fəlsəfi imkanları" bölməsində toplanan araşdırmalarla Gülşən Əliyeva-Kəngərlinin "füzulişünaslığına" Füzuli sənəti də daxil olur. Onun Füzulinin bədii irsinə həsr olunmuş tədqiqatları elmi-nəzəri dəyərləndirmələrindəki poetika baxımından yanaşmalarla estetikanın sintezinin tətbiq olunması ilə səciyyələnir. Bundan başqa, Füzuli sənətinə sufizm nəzərindən baxış da onun tədqiqatı üçün xarakterikdir. Həmçinin dahi şairin əsərlərinə dərindən bələdlik əsasında bədii mətndən çıxış etməsi də tanınmış füzulişünas alimin elmi qənaətlərinin əsaslandırılmasına şərait yaradır. Ən başlıcası isə Gülşən Əliyeva-Kəngərlinin Füzuli sənətinə dair araşdırmalarında hazırqəlib sxemlərdən istifadə meyli müşahidə olunmur. Əksinə, Gülşən Əliyeva-Kəngərli Füzuli şeiriyyətini öyrənib araşdırmağın, elmi şəkildə təqdim etməyin özünəməxsus modellərini meydana qoyur və bunu elmi cəhətdən əsaslandırır: "Nə qədər ki, Füzuliyə yaxın deyildim cəsarətlə Füzulidən yazır və onun haqqında danışırdım... Onda mən Füzulinin tüstüsünü görmüşdüm, az sonra işığını gördüm və həvəslə bu işığa can atdım. Gəldiyim qənaət bu oldu ki, Füzulidən yazmaq çətin, Füzulidən yazanlardan yazmaq ikiqat çətin, müşkül bir məsələdir. Uzun, incə yolda geriyə dönmə işarəsi yoxdur... Mən ilk dəfə ... bir neçə il ərzində dərk etdim ki, Füzulinin tüstüsünü udmaqla, işığını içinə çəkməklə füzulişünas olmaq mümkün deyil. Cəsarətlə Füzuliyə doğru son və həlledici addımları atıb bu ecazkar dahinin oduna yanmalısan. Füzuli eşqi - Füzuli odudur. Füzuli sözü - Füzuli yanğısıdır... Füzulişünaslıq - Füzuli oduna yanmaqdır".
Bu, çoxəsrlik tarixi ənənələrə malik olan Azərbaycan füzulişünaslıq elminin ölkəmizin müstəqillik dövründəki yeni nəslinin bəyanatı və monoloqudur. Yeni epoxanın Azərbaycan füzulişünaslığının Füzuliyə aid elmi konsepsiyasının cövhərində "oda yanmaq" qədər məsuliyyətli vəzifələr dayanır.
Bir cəhət də aşkar hiss olunur: geniş mənada Füzuli sənəti, bütövlükdə isə Füzuli cavan füzulişünas Gülşən Əliyeva-Kəngərli üçün böyük estetik idealın daşıyıcısıdır. Buna baxmayaraq, o, araşdırmalarında və qənaətlərində həmişə obyektivliyin, əlahəzrət faktın, məntiqi təfəkkürün ağır çəkisinə üstünlük verir. Bütün bunların işığında "Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal" kitabında təqdim olunan "Füzulidə hüsn", "Füzulidə eşq", "Füzulidə qəm" əsərləri ilə Gülşən Əliyeva-Kəngərli Azərbaycan füzulişünaslığında yeni elmi silsilə yaratmışdır. Yenilik həm də yanaşmalardakı orijinallıqdadır. Elmi-nəzəri yanaşmalardakı orijinallıq Füzuli poetik sisteminin bədii-fəlsəfi məzmununun düsturunu yaratmaqla nəticələnir: "Məhəmməd Füzulinin yaradıcılığı üç böyük rükn üzərində bərqərar olur: Hüsn, Eşq və Qəm! Əslində Füzuli deyir: Hüsn nə qədər kamil olsa, eşq o qədər böyük olar, eşq nə qədər böyük olsa, qəm o qədər dərin olar. Bunlardan biri digərini doğurur:
Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur!"
Göründüyü kimi, Gülşən Əliyeva-Kəngərlinin Füzuli sənətinə dair araşdırmaları Azərbaycan füzulişünaslığının mahiyyətcə yeni təzahürləridir. Bu tip yanaşmalarla Azərbaycan füzulişünaslığında təzə və parlaq səhifələr açan müəllif bədii sözün Kəbəsinə elmi münasibətin də yeni istiqamətlərini müyəyyən edə bilir.
"Azərbaycan füzulişünaslığının qaynaqları" adlı çoxcildliyini araya çıxarması ilə Gülşən Əliyeva-Kəngərli Füzuli haqqında elmin möhtəşəm bir abidəsini yaratmışdır. Məhəmməd Füzulinin əsərlərindən elmi-nəzəri düşüncələrinə dair seçmələrlə, dahi şairin sağlığında yazılmış qiymətli təzkirələrlə başlanan və XIX əsrdən etibarən canlanan və XX əsrdə elmilik dövrünü yaşayan, XXI yüzillikdə yeni qayıdışa çevrilən Azərbaycan füzulişünaslığının əsas örnəklərini əhatə edən bu üçcildlik çox əhəmiyyətli bir salnamədir. Bu qədər zəngin materialları böyük zəhmətlə toplayıb xüsusi elmi sistemlə, elmi izahlar və əlavələrlə təqdim edən Gülşən Əliyeva-Kəngərli ədəbiyyatşünaslıq elmimizdə ilk dəfə olaraq Azərbaycan füzulişünaslığının çoxcildlik külliyyatını yaratmışdır. Böyük şairin müasirlərinin nadir əlyazmalar şəklində dövrümüzə qədər gəlib çatmış təzkirələrinin təqdimi Məhəmməd Füzulinin hələ öz sağlığında Əhdi Bağdadinin "Gülşəni-şüəra" təzkirəsində yazdığı səviyyədə "ləyaqətli bilik sahibi, yetkin, istedadlı, hikmət əhli, ... təriqət yiyəsi, bəlağətli şeir əhli" kimi qəbul edildiyini təsəvvür etməyə imkan yaradır.
Üçcildliyə daxil edilmiş XIX əsr, XX əsrin əvvəlləri ədiblərinin məqalələri Füzuliyə münasibətin ədəbi-elmi dərkinin ilkin təməlləridir. Seyid Əzim Şirvani, Abdulla Sur, Bəkir Çobanzadə, Salman Mümtaz, Əmin Abid, Əliəjdər Seyidzadə, Əli Hüseynzadə, Hidayət Əfəndiyev və başqalarının məqalələri unudulub yaddan çıxmış örnəklərin yenidən elmi dövriyyəyə qaytarılması mənasında xidmətdir. Azərbaycan füzulişünaslığının görkəmli nümayəndələrinin - Həmid Araslı, Mir Cəlal, Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Əkrəm Cəfər, Məsud Əlioğlu, Samət Əlizadə, Əliyar Səfərli, Sabir Əliyev və başqalarının elmi irsindən seçilmiş örnəklərin nəşri ölkəmizdə Füzuli haqqında elmin vüsətini real şəkildə canlandırmağa imkan verir. Bütöv bir elmi-tədqiqat şöbəsinin xidmətinə bərabər üçcildlik Azərbaycan füzulişünaslığının keçdiyi inkişaf yolunun çətinliklərini, məsuliyyətini və üstünlüklərini aydın şəkildə təsəvvür etməyə şərait yaradır. Yeni nəsil füzulişünasların əsərlərindən örnəklərin təqdiminə geniş yer ayıran tərtibçi Azərbaycanda füzulişünaslıq elminin müasir səviyyəsinə və perspektiv inkişafına da diqqəti çəkir.
Filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin üçcildliyə daxil edilmiş öz əsərləri onun Azərbaycan füzulişünasları cərgəsindəki yerini, xidmətini müəyyən etməyə əsas verir. Çoxcildliyin müqəddiməsi qismində təqdim olunan "İlahi sözün əbədiyyəti" adlı "giriş sözü" sözün tam elmi mənasında Azərbaycan füzulişünaslığı haqqında yeni elmi sözün ifadəsidir. Bu müqəddimə ilə başlanan üçcildlik "Qaynaqlar" əslində həm də onun tərtibçisi, professor Gülşən Əliyeva-Kəngərlinin füzulişünaslıq sahəsindəki xidmətlərinin bir mərhələsini yüksək səviyyədə tamamlayır. Bütövlükdə isə "Azərbaycan füzulişünaslığının qaynaqları" çoxcildliyi "ruzigarın yeganəsi" - Məhəmməd Füzuliyə təkcə tədqiqatçı kimi deyil, həm də söz səltənətində böyük ideal kimi baxan Gülşən Əliyeva-Kəngərlinin Azərbaycan füzulişünaslığına (ədəbiyyatşünaslığına) sanballı, faydalı və əhəmiyyətli bir xidmətinin real göstəricisidir. XXI yüzillikdə nəşr etdirdiyi sanballı monoqpafik tədqiqatlar və böyük zəhmət hesabına toplayıb tərtib etdiyi çoxcildlik "Qaynaqlar" Gülşən Əliyeva-Kəngərli "şünaslığının" elmdə və tarixdə izi qalacaq dəyərli örnəkləridir. Bunlar Azərbaycan füzulişünaslığının yeni epoxasının gələcək cildləri kimi də görünür. Bütün bunlar həm də böyük ideala xidmətə örnəyin nümunəsidir.