İki uşaq
Görünüş
İki uşaq Müəllif: Abbas Səhhət |
Yoldaşına bir uşaq
Dedi: – Dur gəl oynayaq.
Oynamağın vaxtıdır,
Qızılgülün taxtıdır.
Qızılgülü əkərlər,
Misqal ilə çəkərlər.
Gedək görək uşaqlar
Bağda nə cür oynaqlar.
Yoldaş dedi: – Qardaşım,
Dinmə, ağrıyır başım.
Açılsa gül olsa yaz,
Mənim könlüm açılmaz.
Mən dərsimi bilmirəm,
Oynamağı neylirəm.
Bunu dedi o birisi:
– Bu gün qoy qalsın dərsi,
İndi hələ gəl gedək,
Bağda gəzib seyr edək.
Ertə durarsan səhər,
Dərsi edərsən əzbər.
Yoldaşı verdi cavab:
– Danışma bəd-bihesab,
Sübhə bugünkü işi
Qoymaz ağıllı kişi.
Dərsimi hazırlaram,
Sonra gedib oynaram.