Məzmuna keç

İldırımın köməyilə doğulmuş, qeyri-adi dərəcədə güclü oğlan haqqında söz

Vikimənbə saytından
İldırımın köməyilə doğulmuş, qeyri-adi dərəcədə güclü oğlan haqqında söz
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bu hadisə çoxdan – hökmdar Bidasunun hakimiyyəti dövründə olmuşdu. O, ölkəni İvare torpağındakı Osada sarayından idarə edirdi. Sağlığında onu Tükənməz Xəzinələrin Parlaq Mühafizəçisi adlandırırdılar).

Ovari torpağının Ayuti mahalındakı Katava kəndində bir kəndli yaşayırdı. Günlərin bir günü kəndli zəmisini sulayırdı. Azca yağış yağdı. Kəndli toxasını əlinə alıb ağacın altında daldalandı. Göy guruldayanda kəndli qorxudan və dəhşətdən toxanı üzünə tutdu. Elə bu vaxt ildırım onun qarşısına düşdü, oğlana çevrilib baş əydi. Kəndli onu toxa ilə vurmaq istəyirdi, lakin ildırım dedi: “Məni vurma, yaxşılığının əvəzini qaytararam”. Kəndli soruşdu: “Nə verəcəksən?” İldırım cavab verdi: “Yaxşılığının əvəzinə oğul verərəm. Sən mənə kamfara ağacından qayıq düzəlt, qayığı su ilə doldur, suyun üstünə isə bambuk yarpağı qoy”.

Kəndli onun xahişini yerinə yetirib qurtarandan sonra ildırım dedi: “Kənara çəkil”. Kəndli kənara çəkildi və ildırım duman burulğanında göyə qalxdı.

Bir müddətdən sonra kəndlinin oğlu oldu. İlan iki dəfə onun başına dolandı, quyruğu və başı isə oğlanın kürəyinə sallandı. Oğlan böyüyüb on yaşına çatdı, hökmdarın sarayında bir pəhləvan yaşadığını eşitdi. Oğlan pəhləvanla yarışmaq qəsdi ilə paytaxta yola düşdü.

Hökmdar sarayının şimal-şərq hissəsindəki tənha evdə qüdrətli bir şahzadə yaşayırdı. Onun evinin yanında səkkiz syaku hündürlüyündə daş vardı. Bir dəfə şahzadə evdən çıxdı, daşı qaldırıb tulladı. Sonra evə girdi, girib-çıxmamaq üçün qapını örtdü. Oğlan bunu gördü və başa düşdü ki, şahzadə axtardığı pəhləvandı. Gecə oğlan gizlicə evə yaxınlaşdı və daşı götürüb bir syaku uzağa tulladı. Qüdrətli şahzadə bunu gördü və qızışmaq üçün əllərini bir-birinə vurdu, sonra daşı götürüb tulladı, amma oğlandan uzağa ata bilmədi. Oğlan isə daşı daha iki syaku uzağa atdı. Şahzadə daşı yenə tulladı, lakin uzağa ata bilmədi. Oğlanın daşları atdığı yerdə üç sun dərinliyində izlər qaldı. Oğlan daşı üç syaku uzağa atdı. Şahzadə izləri gördü və başa düşdü ki, daşları oğlan atıb, oğlanı tutmaq istədi, amma oğlan aradan çıxdı. Oğlan çəpərdən keçhakeçdə şahzadə onu tutmaq istədi, lakin oğlan çəpəri artıq adlamışdı, buna görə də qüdrətli şahzadə onu tuta bilmədi. Şahzadə oğlanın daha güclü olduğunu başa düşdü və təqibdən əl çəkdi. Bir müddət keçəndən sonra oğlan Qanqodzi məbədinə xidmətçi düzəldi. Həmin vaxtlar zəng qülləsində hər gecə bir adam öldürülürdü. Yeni xidmətçi bunu eşitdi və məbədin rahiblərinə dedi: “Mən bu şər ruhu öldürəcəyəm və bəlaya son qoyacağam”. Rahiblər razılaşdılar. Oğlan zəng qülləsinə qalxdı, otağın künclərinə dörd çıraq qoydu və dörd köməkçisinə dedi: “Mən ruhu tutan kimi çıraqların üstündəki örtükləri götürün”.

Sonra oğlan qapının dalında gizləndi, gecəyarısı nəhəng bir ruh gəldi, lakin xidmətçini görüb qaçdı. Gecənin girt yarısında ruh yenə gəldi. Xidmətçi onun saçlarından möhkəm yapışdı. Ruh dartınıb onun əlindən çıxmaq istəyirdi, lakin oğlan çəkib onu otağa saldı. Dörd köməkçi qorxudan tir-tir titrəyirdilər və çıraqların üstündən örtükləri götürə bilmirdilər, buna görə xidmətçi ruhu küncdən-küncə sürüyə-sürüyə örtükləri özü açmalı oldu. Dan söküləndə ruh bütün saçlarından məhrum olub qaçdı. Səhər gördülər ki, qanlı izlər yol ayrıcına aparır. Yol ayrıcında vaxtilə məbəddə yaşayan yaramaz bir qul basdırılmışdı. Aydın oldu ki, ruh həmin qulun imiş. Onun saçları indiyəcən qayğı ilə məbəddə saxlanır.

Xidmətçi artıq upasaka işinə keçmişdi və Qanqodzi məbədində yaşayırdı. Məbədin suvarılan zəmiləri var idi. Bir gün şahzadələr suyu kəsdilər, zəmilər qupquru qurudu elə bu vaxt upasaka dedi: “Mən zəmilərə su buraxaram.” Rahiblər razılaşdılar. Əvvəlcə upasoko on adamın zorla qaldıra biləcəyi ağır bir kotan düzəltdi. Amma özü kotanı elə qaldırdı ki, elə bil bir parça taxtaya güc verdi, sonra zəmiyə yollandı və kotanı əngəcin üstünə qoydu. Lakin şahzadələr kotanı apardılar, əngəci bağladılar və zəmilər qurudu. Upasaka əngəcin üstünə yüz adamın zorla tərpədəcəyi ağır bir daş qoydu və su zəmilərə axmağa başladı. Şahzadələr onun gücündən qorxdular və daha əngəci bağlamağa cəsarət eləmədilər. Bundan sonra məbədin zəmiləri heç vaxt qurumurdu və həmişə bol məhsul verirdi. Məbədin rahiblərinin razılığı ilə upasaka rahib oldu. Onu Dodzyo Qanunu Müəllimi adlandırdılar.

Adamların deməyinə görə, Qanqodzi məbədindəki Dodzyo Qanunu Müəllimi əzəmətli gücü ilə şöhrət qazanmışdı. Düz deyirəm – onun gücü özündən əvvəlkilərin vəziyyətlərindən yaranmışdı.