İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2014)

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
2013 Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik (31 dekabr 2014)
Müəllif: İlham Əliyev


“Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir.

Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu.

155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir.

Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə - siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz.

2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir. Bu da çox önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir.

Qeyri-neft sektorumuzun inkişafı bizim üçün prioritet olaraq qalır. Şadam ki, bu il qeyri-neft sektorumuz təxminən 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Bu da çox önəmli hadisədir. Çünki indi dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir. Azərbaycanda sərmayə qoyuluşu yüksək səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq.

Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir. Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi isə sabit olaraq qalır.

Siz yaxşı bilirsiniz ki, dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgəmizdə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə istər siyasi, istər iqtisadi sabitlik təmin edilir və ediləcək. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır.

Sosial siyasətimiz bütün dövrlərdə bizim üçün əsas vəzifə olmuşdur. Bu il Azərbaycanda sosial infrastrukturun yaradılmasına böyük vəsait qoyulmuşdur, 60-dan çox tibb ocağı, 50-yə yaxın məktəb, uşaq bağçası tikilib təmir edilmişdir. Əminəm ki, gələn il də bu müsbət proseslər gedəcək.

Azərbaycanda inflyasiya 1,4 faizdir. Əhalinin pul gəlirlərinin artımı isə 5 faizə yaxındır. Maaşların, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması əlbəttə ki, insanların rifah halını yaxşılaşdırır.

Ən ağır vəziyyətdə olan soydaşlarımızın – məcburi köçkünlərin problemləri də uğurla həll edilir. Hər il 20 mindən çox köçkün yeni evlərə köçürülür. Bu il də bu məqsədlər üçün böyük vəsait ayrılmışdır və biz bu məsələni də tədricən həll edirik.

Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmamışdır. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa - bu ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər. Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü səmimi aparmamışdır. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir məqsədi var idi - Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq.

Bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bildiyiniz kimi, sənaye potensialımız gündən–günə güclənir. Azərbaycan bu istiqamətdə çox böyük uğurlara imza atmışdır və bu sahədə görülən işlər bu il də istisna olmamışdır. Beləliklə, bu il 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır və bu da həm işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir. Biz özümüzü əsas ərzaq məhsulları ilə artıq təmin edirik. Eyni mənzərəni tikinti materialları bazarında da görmək istəyirik və biz bu məqsədə çatırıq. Bildiyiniz kimi, icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi də məhz bundan ibarətdir.

Azərbaycan, eyni zamanda, yüksək texnologiyalara böyük investisiyalar qoyur və bu il bu sahədə yaddaqalan il olmuşdur. Bu il Azərbaycan ikinci peykinə sahib oldu. Noyabr ayında bu peyk Azərbaycana təhvil verildi və beləliklə, bizim indi iki peykimiz var: “Azərspace” və “Azərsky”. “Azərsky” peykinin xüsusiyyəti ondan ibarətdir ki, - dünyada cəmi 20 ölkə belə peyklərə malikdir, - bu peyk yer səthini yüksək dəqiqliklə müşahidə edir. Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir.

Korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. “ASAN xidmət” bu sahədə xüsusi yerə malikdir. Artıq 7 mərkəz yaradılmışdır, 3 milyon 500 min müraciət edilmişdir. “ASAN xidmət” ictimai xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından cəmi iki il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük irəliləyişə nail ola bilmişik. Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi mübarizə aparılacaq, həm cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir.

Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Bu il mən Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar müvafiq Sərəncam imzalamışam. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır.

Bu il sentyabrın 20-də biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd etmişik. Simvolik haldır ki, məhz 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə yerinə yetirəcəkdir.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.

Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"