İlham Əliyevin Xalq artisti Afaq Bəşirqızına məktubu

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Xalq artisti Afaq Bəşirqızına" 14 avqust 2015-ci il tarixli məktubu (14 avqust 2015)
Müəllif: İlham Əliyev


Xalq artisti Afaq Bəşirqızına

Hörmətli Afaq xanım!

Sizi – müasir Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəmizdə teatr və kino sənətinin inkişafında Sizin özünəməxsus xidmətləriniz vardır. Siz yaradıcılıq aləminə qədəm qoyduğunuz ilk vaxtlardan tanınıb sevilərək təkrarolunmaz ifa üslubuna malik sənətkar kimi tamaşaçıların hüsn-rəğbətini qazanmısınız. Qırx ildən artıq dövrü əhatə edən sənət fəaliyyətiniz ərzində ustalıqla yaratdığınız dolğun və rəngarəng surətlər həmişə öz incə yumoru və yüksək dramatizmi ilə seçilərək qəlblərə yol tapmışdır. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu obrazlar silsiləsi sənətin incəliklərinə necə dərindən bələd olduğunuzu nümayiş etdirir.

Milli teatrın zəngin ənənələrinə sadiq qalaraq uzunmüddətli səhnə həyatı verdiyiniz çoxsaylı rollarda ən maraqlı, komik məqamları məharətlə üzə çıxarmış və gülüşün böyük tərbiyəvi əhəmiyyət daşıdığını bir daha sübuta yetirmisiniz. Bədii filmlərdə canlandırdığınız obrazlar məhz istedadınızın gücü sayəsində Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş unudulmaz səhifələrindəndir.

Ölkəmizdə və onun hüdudlarından uzaqlarda qastrol səfərlərindəki çıxışlarınızla Siz Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmisiniz. İnanıram ki, yaradıcılığınızdan hələ neçə-neçə sənətkar bəhrələnəcək və mədəniyyətimizin daha da çiçəklənməsi naminə töhfələr verəcəkdir.

Bu yubiley gününüzdə Sizə cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq sevincləri arzulayıram.

Dərin hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2015-ci il.

Mənbə[redaktə]