Məzmuna keç

İlin hesabı

Vikimənbə saytından
İlin hesabı
Müəllif: Həsənəli xan Qaradaği
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Gecə və gündüz neçə saat eyləyir?

Hər kəs tarix tutub hardan söyləyir?

Gecə və gündüz iyirmi dörd saatdır,

Yeddi gün həftədir, beylə hacətdir.

Altmış dəqiqə bir saat, altmış saniyə

Dəqiqədir, hər kəs istər tanıyə.

Dörd həftə bir aydır, on iki də ay

Bir il edir, öyrən ayı, günü say.

Otuz il dövrdir, yüz il əsrdir,

Qəmər ili şəms ilindən kəsrdir.

Qəməri il üç yüz əlli səkkiz gün,

Edər şəmsi üç yüz altmış altı gün.

İl e’tibar olur bizdə hicrətdən,

Bir min üç yüz keçir indi o vəxtdən.

Miladi-İsadən hesab edirlər

Məsihilər, il hesabın gedirlər.

Həştad üç il, dəxi bir min səkkiz yüz

İndi keçür ondan, Qaradaği, düz.