İlk bahar (Hüseyn Cavid)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İlk bahar
Müəllif: Hüseyn Cavid


Kiçik bir məktəbliyə

Bahar, bahar gəlmiş, yenə ilk bahar;
Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar,
İnsanların tutqun könlünü açar.
Dağlar, çəmənlər geyinir al, yaşıl;
Yerlər, göylər parıldar işıl-işıl.
Bülbüllər ötüşür, cəh-cəh vururlar,
Güllüklərdə dügün, dərnək qururlar.
Sevgili bir çoban, on bir yaşında,
Düdük çalar axar sular başında.
Ətrafında qoyun, quzu hoplaşır,
Oynar, mələr, qoşar yenə toplaşır.
Bir yanda bir dul qadın ağır-ağır
Xəstə yavrusunu öpüb oynadır.
Bir yanda məktəbli bir çox qız, oğlan
Oynaşıb oxuşur həp bir ağızdan.
Əl-ələ, qol-qola şadan olurlar,
Haqqın qüdrətinə heyran olurlar.