Məzmuna keç

İnanclar

Vikimənbə saytından
İnanclar
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə. Güney Azərbaycan folkloru. I cild. Bakı,2013

Açarı oynadanın evinə dava düşər.
Axşam süpürülən evdən bərəkət əskilər.
Axır çərşənbənin falı doğru deyər.
Axşamın səbri xeyrə yürər.
Axşam aynaya baxanın bəxti tutqun olar.
Aqasiya gülünün arasındakı bəsmi dilinin altına qoysan, işin rast gələr.
Altı barmaqlı adamın əli udumlu olar.
Ala adama gülən özü də alalıq tutar.
Anadan dişli doğulan uşaq evə xeyir-bərəkət gətirər.
Ana ilə qızı bir ayda doğsalar, uşaqların biri eybəcər olar.
Anasına çəkən qız bəxtəvər olar.
Arı yuvasını dağıdanın dudmanı dağılar.
Astanada başmaqları saysan evdən adam əskilər.
At nalı evə bərəkət gətirər.
Aya çox baxanı ay çəkib aparar.
Aynanın şövqünü evə salanda evdən ölü çıxar.
Ay tutulanda mis qab çalmaq, tüfəng atmaq xeyirli olur.
Ayağının baş barmağı yekə olanın bəxti açıq olur.
Ay tutulanda boylu arvad aya baxsa, uşağı ayxallı olar.
Ayağı ağır adamın ayağına iş başlasan iş uzun çəkər.
Ayı barmaqla göstərmə, göstərdin barmağıni dişlə.
Ay işığı düşən divara çirkli su atının işi düz gəlməz.
Ayın üzünə gərnəşən nasazlığa düşər.
Aynanın üzüni divara sarı çevirmək uğursuzluq gətirər.
Azan veriləndə əlini işdən çəkənin ömri uzun olar.
Baltanın ağzını baş yuxarı qoysan, yağış yağar.
Barmaqlarını şaqqıldadanın ömrü gödək olar.
Barlı ağacı kəsənin ömrü az olar.
Barmaqları daraqlamaq qəm artırar.
Başmağı üst-üstə çıxaran başmaq sahibi zərər görər.
Başmağı başmaqçıya verəndə cüt ver, tək tay versən arvadın ölər.
Başmağının bağını düzgün salsan işin düzgün gətirər.
Başmağını taykeşik geyənin işi rast gəlməz.
Başın yekəsi dövlətdi, ayağın yekəsi neybət.
Bayquş həyətdə ağaca, ya dama qonsa, ev yiyəsi vay xəbər eşidər.
Bayram günü xoş olan ili başa-baş şadlıqla yaşar.
Bir gecəlik ayı gördün, ya qızıla, ya gözələ baxgilən.
Bir gecəlik ayı əvvəl görənin işi udumlu olar.
Bir iş dalınca gedəndə qabağıva boş qabla çıxsalar, o işdən əliboş qayıdacaqsan.
Birinin başına köhnə palaz örtüb üstündən su calasan yağış yağar.
Biri daldan səni dabanladı, sən də dön onu dabanla, belə eləməsən işin dava-döyüşə çıxar.
Boylu arvad işlək olsa, uşağı oğlan olacaq, bir böyri üstə uzansa, uşağı qız olacaq.
Boşqabı batıq qoyan ziyanın çəkər.
Boynunun dalında ət xalı olan adam dövlətli olar.
Boylu arvad şirinə yerikləsə uşağı oğlan olacaq, turşuya yerikləsə qız olacaq.
Boylu arvadın üzünə səngil düşsə, uşağı qız olacaq.
Boylu arvadın südünü suya sağsalar, süd suyun dibinə batsa uşaq oğlandı, batmasa qız.
Canamaz ayaqlayanın gözi kor olar.
Cümə güni gələn qonaq özü ilə xeyir-bərəkət gətirər.
Cümə güni yağış yağsa, şənbə hava açılacaq.
Cümə güni dırnaq tutan dövlətli olar.
Cümə güni səfərə çıxmazlar.
Cüt səbir xeyirli olar.
Çay içəndə istəkanlar bi sıraya düzülsə, evə qonaq gələr.
Çadranı tərs örtmək qəm gətirər.
Çərçivəni daraqliyanın işi rast gəlməz.
Çəçisən bil ki, sovqat yeyəcəksən.
Çinar ağacından nənni düzəltmək yaxşı olmaz.
Çinar ağacı yarpağını ətəkdən töksə qış ağır keçər.
Çini, ya bülur qabın sınması evdən qada-balanı sovar.
Çox ağlayan uşaq atasının, ya anasının başın yeyər.
Çox gülən adam zərərin çəkər.
Çoxdan səfərə gedənin tez qayıtması üçün qapı ağzına qeyçi, ya pıçaq qoyarlar.
Çömbəltmə oturmaq bədbəxtlik gətirər.
Çörəyi yerdə görüb ayaqlayanın gözi kor olar.
Çörəyi ayaq üstə yesən bərəkəti qaçar.
Dan yeli üzünə əsən adam həyalı olar.
Darda qalanın dadına çatmasan günaha batarsan.
Dəsmalı özgəsinə vermək ayrılıq gətirər.
Dəvə yunu oğru qızdırmanın dərmanıdı.
Dəyirman daşın yatdıq yerə qoymaq şər gətirər.
Dırnağına xal düşsə təzə paltar geyəcəksən.
Dırnağı uzun adam şeytan törəməsidir.
Dırnağı bir-birinə çalmaq qovğa yaradar.
Dizləri qucaqlayıb oturmaq qəm artırar.
Dil açmayan uşağa göyərçin yumurtası versən tez dil açar.
Diskinən adama qapı həlqəlcəsini suda çalxalayıb içirsən diskintisi keçər.
Doğan arvadın yanında qız uşağı olsa çətin doğar.
Doğan arvad yerinə keçəndə Allahdan hər nə istəsə verər.
Duz yerə töküləndə yığmasan evə dava düşər.
Duzu bu dünyada dağıdan o dünyada kirpikləri ilə yığacaq.
Ehsan üçün kəsilən heyvanın kəllə-paçasını ehsan verən yeməsə yaxşıdı.
Evdən uzağa gedəndə üç yol qapıya desən: “Evi sənə tapşırıram” - evə oğru gəlməz.
Evi yarımçıq süpürənin ömri yarımçıq olar.
Evi süpürəndə çalış süpürgə bədəninə toxunmasın, yoxsa sözün kəsərli olmaz.
Evə bədnəzər gəlsə, gedəndə dalınca çirkli su atsan zərər toxunmaz.
Əcinələr səni çağırsalar denən ki, əlimdə işim var, məyər görmürsüz duz üyüdürəm.
Əcinədən qorxan yaxasına iynə taxsa amanda olar.
Əli yüngül adamdan siftə alanın qazancı çox olar.
Əl və ayaq dırnağını bir yerdə tutmaq pis olar.
Əncir ağacı altında yatan ağırlaşar.
Əncir ağacını sındıran, odununu yandıran xeyir görməz.
Əri çox istəyən arvadın paltarı tikiləndə sap tez-tez qırılar.
Ərə gedən qızın ayaq baş barmağı o biri barmaqlarından uzun olsa, ərinin itaətində olacaq, ikinci ayaq barmağı uzun olsa, əri onun itaətində olacaq.
Əti acı adamı mığmığa sancmaz.
Fal açanda danışmazlar.
Fəqirə gülən yoxsulluğa düşər.
Gec dil açan uşağa sərçə əti yedirtsən tez dil açar.
Gecə ağzı açıq yatan adamın ağzına şeytan tüpürər.
Gecə anadan olan adamın ayağı ağır olar.
Gecə başının altına paltar qoyub yatan adamı qara basar.
Gecə baş daramaq yaxşı olmaz.
Gecə dırnaq tutanın ömrü azalar.
Gecə yarısı it hürüb qarğalar qarıldasa, zəlzələ olar.
Gecə qayğanaq yeyəni qara basar.
Gecə saçını kəsdirənin ruzusu kəsilər.
Gecə yatanda mitəkəyə tapşırsan, vəqtli-vəqtində səni oyadar.
Gəlin gedən qızın ata evində geydigi başmağı ər evinə aparsalar gəlinin ər evində yeri daralar.
Gəlin başına tökülən noğullardan yesə bəxti açılar.
Göydə hərənin bir ulduzu var, adam öləndə göydəki ulduzu axır.
Gözü ölüyə sataşan boylu arvadın uşağı kor olar.
Gözün üstündən öpmək ayrılıq gətirər.
Gözündə xalı olan adamın baxışı tutarlı olar.
Gözü yol çəkən adam taza xəbər eşidər.
Gülab çəkmənin düşər-düşməzi olur.
Gün batanda tikiş tikməzlər.
Gündüz anadan olan adamın ayağı yüngül olar.
Hamamdan çıxanda sərin su içmə, içdin əlivi qoy başuva.
Hörümçək göydən sallananda evə qonaq gələr.
Xallı qız bəxtəvər olar.
Xalı çox olan adamın düşməni də çox olar.
Xırda pulu səsləndirsən pullanarsan.
Xonçaya başmaq qoymaq darlıq gətirir.
İki arvadın arasından keçənin işi rast gəlməz.
İldırım çaxanda dəmirə əl vurmazlar.
İlin axır çərşənbəsində qulaq falı düz deyər.
İlin axır çərşənbəsində səhər tezdən sudan atlananın bəxti açılar.
İlin axır çərşənbəsində səhər tezdən özünü axar su ilə yuyan gözəlləşər.
İl təhvil olanda balıq üzünü qibləyə qoyar.
İstiot dağılan evə dava düşər.
İsti suyu yerə tökəndə “Bismillah” deyərlər ki, ziyan tapmayalar.
İşi ayağı yüngül adamın ayağıla başlasan, iş tez qutarar.
İt kəlləsi asılan bostana göz dəyməz.
İt olan evə məlakə dolanmaz.
İt yaylaqda ləhləyəndə dolu düşər.
İtki tapılmasa şeytanın quyruğunu (sapın ucunu, ya dəsmalın guşəsini) düyünləsən tapılar.
İydə gül açanda altında durmaq yaxşı olmaz.
Kağızı, ya parçanı doğramaq fəlakət gətirər.
Kəbin kəsəndə açıq bıçağı büksən qaynananın dili bağlanar.
Kəhrəbanı evdə saxlamağın düşər-düşməzi olur.
Kərpici üst-üstə qoysan arasında əqrəb törər.
Kitabı açıq qoyub yatanın oxuduqları yadından çıxar.
Kitabı oxuyandan sonra açıq qoysan, şeytan oxuyar.
Kişinin başmağı astanadan yanaki dursa evə qonaq gələr.
Qabağına tor atan adam varlı olar.
Qabaq dişləri yekə olan adam xoş iqbal olar.
Qabağına qərə pişik çıxsa getdigin iş boşa çıxar.
Qabını yuyulmamış qoysan işin bəndə düşər.
Qapını əl ilə daraqlasan borclu düşərsən.
Qaranquş alçaqdan uçanda yağıntı olar.
Qaranquş yuva salan evdə həmişə şadlıq olar.
Qaranquşun yuvasını dağıdanın yurd-yuvası dağılar.
Qarğa çox olanda qış soyuq keçər.
Qarpız qabığı gəmirənin başı keçəl olar.
Qaşıq yerə düşsə arvad qonağı gələcək.
Qaşı çatma olan qızı qohumlarına verərlər.
Qazan dibi yalayanın toyunda qar yağar.
Qayçı əldə oynadılan evdə dava düşər.
Qəbir üstə su səpəndə ölünün ürəyi sərinlər.
Qəbristanlıqdan çıxanda dönüb dala baxmazlar.
Qırxılı uşağın paltarını qaranlıq çökməmiş şəritdən götürərlər.
Qırxılı uşağa sarı geyindirməzlər.
Qolları qucaqlayıb durmaq qəm gətirər.
Qonağın tez getməsini istəsən başmağına duz cütlə.
Qoz ağacının altında yatan ağır durar.
Qurban ətindən yeddi yerə pay çıxmaq vacibdi.
Qurbağanı öldürənin əlinin duzu olmaz.
Qurd yağı sürtən adamı hamı qurd görər.
Qurbağanı əlinə götürənin bədəninə ziyil düşər.
Lüt yatanın imanı olmaz.
Lüt adama baxan günaha batar.
Maşanı boş yerə titrədənin, əlləri titrəyər.
Maşanı boş yerə titrətsən qıtlıq olar.
Mayadan borc alanın mayasını qaytarmasan ruzusu kəsilər.
Meşəyə kəsərsiz gedən ziyanın görər.
Məscidə başmaqlı gedənin dalısı sözlü olar.
Mürgülüyəni bərkdən səsləsən günaha batarsan.
Müştəriyə yalan deyənin işi bəd gedər.
Nalı oda salsan sönmüş məhəbbət doğrular.
Nanə əkməyin düşər-düşməzi olar.
Od, ya ocaq yandıranda alov çırtıldasa dalınca söz danışarlar.
Oturan adamın başına dolanmaq yaxşı olmaz.
Ölünün dalıca danışanda fəlakət olar.
Ölü paltarı satmaq nikbət gətirər.
Özgənin payın yeyənin dilinə pay çıxar.
Özgənin canına and içənin andı özünü tutar.
Özünə qəsd eliyən adam gorbagor olar.
Saçı yumşaq olanın xasiyyəti də yumşaq olar.
Saçınınn tükü üzünə düşsə, bil ki, qonağın gələcək.
Sağ əlinin içi qaşınanda əlinə pul çatacaq.
Sağ gözün səyirməsi şadlıq gətirir.
Sayıqlayan adamı oyatmazlar.
Səfərə çıxan adamın dalıca su səpsən səfərdən tez qayıdar.
Səhər tezdən qabağına boş dolça çıxan adamın işi rast gəlməz.
Sən demək istədigin sözü səndən qabaq deyən adam çox yaşayacaq.
Səməni içindən götürülən acil (fındıq, badam, püstə), hər kəsin yanında olsa, hər cür qada-baladan amanda olar.
Sınıq qabdan çörək yeyən yarımaz.
Sınan qab-qacaq qada-bəlanı evdən qovar.
Soğan evdə güllənsə, didərginlik gətirər.
Soğan çox soyulan evə naxoşluq gəlməz.
Sol əlin qaşınsa, xərcin çox çıxacaq.
Sol gözün səyirməsi xoş xəbər gətirəcək.
Sözünün üstünə çıxan adam həlalzadədir.
Söyüd ağacını əyməyin düşər-düşməzi olur.
Su qızdıranda içinə yarpaq atsan, su tez qızar.
Su yolunda əcinnələr yurd salar.
Su yoluna kəsərsiz girən cinli-baxmalı olar.
Suyun evə calanması aydınlıqdır.
Süd verən adamın südü murdar yerə tökülsə, südü kəsilər.
Süfrə başında çörəyi çox doğrayan, çox uşaqlı olar.
Süfrədə qablar sıra düşsə, evə qonaq gələcək.
Süfrəni əl ilə silən yoxsulluğa düşər.
Süfrədə qablardan biri dingildəsə süfrə başındakılardan biri acıq eyləyəcək.
Süfrədə tikə birinin boğazında qalsa onun yaxınlarından biri acdır.
Süfrə üstə gəlib çıxanı qaynanası çox istər.
Süpürgəni aralığa atsan evə dava düşər.
Süfrə başında boşqabı təmiz siyirənin nişanlısı göyçək olar.
Şabalıd ağacını kəsməzlər.
Şalvarı ayaq üstə geyinmək yoxsulluq gətirər.
Şəmı (lampanı) püfləyib söndürməzlər, əl ilə söndürərlər.
Şənbə günü dırnaq tutmazlar.
Şər qarışanda ağlamazlar.
Şər qarışanda evdən çörək verməzlər.
Şər qarışanda işığı söndürməzlər.
Şər qarışanda qeybət eləməzlər.
Şər qarışanda yatmazlar.
Taxıl çuvalının üstündə otursan bərəkəti qaçar.
Təzə paltarı özgəsinə pay verməzlər.
Təzə evə köçəndə qayğanaq bişirmək şirinlik gətirir.
Təzə paltarı ya toya, ya qonaqlığa gey.
Təzə evə köçəndə qabaqcadan ayna, Quran aparmaq xoş olar.
Təzə ayı hamıdan tez görənin işi rast gələr.
Tikənin əldən düşməsi sevinc gətirir.
Torağay üzü yüxarı çıxanda, yağış yağar.
Toyuq basdırmanın düşər-düşməzi olur.
Uçuğu soyuq dəmirlə diksindirsən, toxtar.
Uşaq əvvəl diş çıxardanda hədik bişirərlər.
Uşaq yuxuda güləndə məleykələr onu danışdırırlar.
Uşaq çox pənir yesə korafəhim olar.
Uşağa babasının adını qoysalar çox yaşayar.
Uşağın ayaq tutması evə qonaq gətirər.
Uşağın dırnağını tutanda dayısı ovucuna pul qoysa, uşaq varlı olar.
Uşağın boynundan öpsən küsəyən olar.
Uşağın başına bambaça salsan yetim qalar.
Uşağı çox qıdıxlasan əti tökülər.
Yağış yağanda gün çıxsa, deyərlər qurd balalayar.
Yaxın adamdan yaylıq almaq ayrılıq gətirir.
Yaxın adamdan nəsə aldın əvəzinə bir şey ver.
Yaxşı yuxunu danışsan kəsərdən düşər.
Yarpız bitən bostana ilan dolanmaz.
Yara-xoradan çimçəşən özü də yara-xora tökər.
Yasəmən ağacının düşər-düşməzi olur.
Yatan adamın üstünə atlanmazlar, atlayanın qada-balası yatan adamın üstünə düşər.
Yatanda başının altına paltarını qoysan, qatma-qarışıq yuxu görərsən.
Yatanda üzüvi qibləyə qoyub yatsan rahat yatarsan.
Yataqda yuxu deməzlər, düşər-düşməzi olur.
Yatan yerdə çörək yeməzlər.
Yerikləyən arvad hər adamın əlindən tikə yesə uşağı yalaq olar.
Yuxuda ölən adamı öpən günaha batar.
Yuxuda öpüşmək ayrılıq gətirir.
Yuxunu hamıdan əvvəl suya denən.
Yumurtanın qabığını evə səpmək dava-dalaş gətirər.