Məzmuna keç

İncimərəm (Aşıq Ələsgər)

Vikimənbə saytından
İncimərəm
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada,
Alırsan canımı al, incimərəm.

Firqətindən saralıban solanam,
İzin versən, yar, başına dolanam,
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövlət-mal incimərəm.

Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.