İndi (Aşıq Musa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İndi
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
A bimürvət, mən ha səndən ötəri
Düşmüşəm çöllərə, sayılam indi.
Can çıxdı cəsəddən, sən aşkara gəz,
O mah camalına mayılam indi.

Leyli-Məcnun kimi bəlaya tuşam,
Mən sənin dərdindən Vətənsiz quşam.
Mey ki içməmişəm, niyə sərxoşam,
Əməm ləblərindən, ayılam indi.

Sənsiz bu dünyada gəzmək əbəsdi,
Ruhum gedib, cismim quru qəfəsdi.
Bu dərdü möhnətin Musaya bəsdi,
Öldürürsən, öldür, qayılam indi.