İnsan iki kərə dünyada doğular
İnsan iki kərə dünyada doğular! (1994) Müəllif: RAUF CAVAD |
İnsan iki kərə dünyada doğular!
Həm Anadan həm özündən, candan doğar!
Arif olan anlar Həqqi bu dünyada,
Çün həqiqət Hikmətdə gizli, O anlar!
Ey zahid gəl etmə zay bu canda canı,
Anla ki, şah damarda yarı kim qanar!
Aləm bəzənib canlı min gözəl rəngə,
Görən olar heyran, çün sirri aşikar!
Gəl ki, kim anlamaz sözün əsli canın,
Anlar o zaman ki, bədəndən can çıxar!
Ey qafil, oyan, çıx qəflət qəfəsindən,
Ruh gözdən, söz dildən çıxarkən ağrıyar!
Bax əvvəl özündə canlı surətinə,
Ey cahil, gəl incitmə sözü, canı var!
Can verib yoxa o uca tək Yaradan,
Səndə canı var, ol o Cananına yar!
Əql qansa əgər canın canda Cananı,
Danmaz özün, çün əqlin də canı yanar!
Aşiq sözü Canan ilə başlar canda,
Eşqin izhar edib yarına qovuşar!
Kim anlarsa yarı, eylər fəda canı,
Çün cannın yarına var canda etibar!
Rauf, can Şirindir, qansa kim Fərhadın
Sevgisin, o zaman röyadan ayılar!
...Müəllif:Rauf Cavad