İnsan zənninə Yaradan sığmaz
Görünüş
İnsan zənninə Yaradan sığmaz (1995) Müəllif: RAUF CAVAD |
İnsan zənninə Yaradan sığmaz,
Zənn etmə ki, qəlbə iman sığmaz.
Kim Cahil, cahana sığar ikən,
Bu cahana Kamil insan sığmaz.
Göndərib neçə müqəddəs kitab,
Sözü var hər kəsə, yazsan sığmaz.
Göstərib sevginin yolun qəlbdə,
Məhəbbət yoluna bəyan sığmaz.
Sözlər vəsf edər cümlənin canın,
Gəl ki, bu sözlərə Canan sığmaz.
Nə qədər istəsəm, olsam Məcnun,
Leyla həsrətinə zaman sığmaz.
Aşiqəm nur əksi surətinə,
Xəlq edib Gözəli, heyran sığmaz.
Hara baxsam, yar, görürəm səni!
Eşqə, cümlə aləm, hicran sığmaz.
Əsir düşdü nəfsim xəyalinə,
Dəli könlümə ah-fəğan sığmaz.
Rauf, gəl vəfa qıl sözlərimə,
Bu cəfakar cahana can sığmaz.
...Müəllif:Rauf Cavad