Məzmuna keç

İpək qarıyla Köpək qarı

Vikimənbə saytından
Rəvayətlər. İpək qarıyla Köpək qarı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qonşuluqda yaşayan iki qarı varmış. Bu qarıların əməllərinə görə birinə İpək qarı, o birinə isə Köpək qarı deyirmişlər. Günlərin bir günü İpək qarı görür ki, evinin eyvanına bir quş düşüb, uça bilmir. Qarı quşu götürüb baxır ki, quşun qanadı sınıb. Evə gətirib quşun qanadını sarıyır, yem, su verir. Quş sağalıncaya qədər evdə saxlayır. Gün gəlir ki, quş tamam sağalır, uçub getmək vədəsi gəlib çatır. Quş evin başına bir neçə dəfə dövrə vurub gəlir qonur qarının əlinə, bir toxum qoyub göyə qalxır. Qarı həmin toxumu basdırır, ona qulluq edir. Bu toxumdan böyük bir qovun əmələ gəlir. Qarı qovunu gətirir evə, kəsəndə görür ki, qovunun içi ağzınacan dolu ləl-cavahirat, qiymətli daş-qaşdı. O günnən İpək qarının gün-güzəranı yaxşılaşır. Qonşuluqdakı Köpək qarı bunu görür və gəlir İpək qarının yanına ki, hardandı səndə bu var-dövlət. İpək qarı hər şeyi olduğu kimi, danışır. O günnən Köpək qarını fikir alır, qonşusuna tuş gəlmiş qisməti gözləyir.

Bir gün görür ki, eyvana bir quş qonub. Bir ağac götürüb quşun qanadını sındırır. Sonra quşun qanadını sarıyır, onu bəsləyir. Bu quşun da sağaldığı gün gəlir. Uçub getmək məqamında quş Köpək qarının ovcuna bir toxum qoyur. Qarı sevincək toxumu basdırır, səbirsizliklə toxumun yetişməsini gözləyir.

Nağıl dili yüyrək olar, deyərlər. Günlər keçir, vaxt gəlir ki, bu qovun da yetişir. Köpək qarı sevinə-sevinə qovunu evinə gətirir. Ləl-cavahir, varlanmaq ehtirasıyla qovunu kəsir. Qarının tamahkarlıqla alışıb-yanan gözləri kəlləsinə çıxır, qorxudan dili tutulur. Qovunun içərisindən çıxan ilanlar qarını tas-tas eliyir.