İran və inqilabı/Böyük mütəfəkkirin yaradıcılıq dünyası
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
| |
İran və inqilabı Böyük mütəfəkkirin yaradıcılıq dünyası Müəllif: Vaqif Sultanlı |
Ümumi mütaliə→ |
Azərbaycanın qüdrətli fikir sahiblərindən olan Əhməd Ağaoğlu özünün zəngin yaradıcılığı, ciddi ictimai-siyasi fəaliyyəti ilə istər ġərq, istərsə də Qərb
dünyasında böyük maraq doğurmaqdadır. Dünyanın müxtəlif ölkələrində onun haqqında çoxlu sayda tədqiqat əsərləri yazılsa da, böyük mütəfəkkirin yaradıcılıq irsi doğma vətəni Azərbaycanda kifayət qədər araşdırılmamış, küll halında nəşr edilməmişdir. Məhz bu səbəbdən də Azərbaycan oxucusu Əhməd Ağaoğlu fenomenini bütün mahiyyəti ilə dərk etmək imkanına malik deyildir.
Böyük siyasi xadimin bioqrafiyası əsrin mürəkkəb və keçməkeçli hadisələri ilə müşayiət olunmaqdadır. Qeyd edək ki, 1869-cu ildə Qarabağın mədəniyyət mərkəzi olan Şuşada dünyaya gəlmiş ədib ilk təhsilini mollaxanada almış, daha sonra isə rus gimnaziyasında oxumuşdur. 1887-ci ildə təhsilini davam etdirmək üçün Peterburqa gedən Əhməd bəy burada imtahan qəbul edən müəllimlərin şovinistliyi ucundan Texnologiya İnstitutuna qəbul ola bilmədiyindən Avropanın mərkəzinə - Parisə üz tutur.
1888-ci ildə Paris hüquq məktəbinə daxil olan Əhməd Ağaoğlu təhsilini davam etdirməklə yanaşı, şəhərin ədəbi-elmi mühiti ilə ünsiyyət yarada bilir. O, məşhur avestaşünas C.Darmstaterin vasitəsilə Fransanın Ernst Renan, İppolit Ten, Oppert, Qaston Paris və başqa məşhur alim və ədibləri ilə yaxından tanış olur.
Əhməd Ağaoğlunun fransız mətbuatında müntəzəm çıxışları 1890-cı ildən etibarən başlayır. O, «Jurnal de Deba», «Nuvel Revyü», «Revyü Blö» və başqa mətbuat orqanlarında ş\rqin tarixi, mədəniyyəti, ədəbiyyatı və s. haqqında məqalələr dərc etdirir. Məhz bu illərdən başlayaraq o, Tiflisdə rusca çıxan «Qafqaz» qəzeti ilə əməkdaşlığa başlayır və bu əməkdaşlıq onun publisistik fəaliyyətinin canlanmasında mühüm rol oynayır.
Əhməd bəy 1892-ci ildə dünya şərqşünaslarının Böyük Britaniyada keçirilən beynəlxalq konqresində «Şiəlikdə məzdəki inancları» mövzusunda məruzə ilə çıxış etmişdir. Şərqşünasların diqqət və marağına səbəb olmuş bu məruzə ilə o, İran şahının hədiyyəsinə layiq görülmüşdür. Məruzə həmçinin Kembric Universitetinin xətti ilə Avropanın bir çox dillərinə tərcümə edilərək yayılmışdır.
Əhməd bəy Parisdə olarkən böyük şərq mütəfəkkiri milliyyətcə Azərbaycan türkü olan Şeyx Cəmaləddin Əfqani ilə görüşmüş və bu görüş onun ictimai və estetik baxışlarının formalaşmasında dərin iz qoymuşdur.
Sürəyya Ağaoğlunun «Bir ömür böylə keçdi (Səssiz gəmiyi bəklərkən)» adlı memuarında yazdığına görə, Fransada təhsilini bitirib Vətənə dönmək istəyən Əhməd Ağaoğlunun qeyri-adi istedadını duymuş müəllimi, görkəmli filosof, tarixçi və ədəbiyyatşünas Ernst Renan: «- Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, şərq səni udar»,- demişdir. Lakin Əhməd bəy sevimli müəlliminin təkidli israrına baxmayaraq Vətənə dönmək, Qərbdə öyrəndiklərini xalqına, millətinə vermək niyyətində olduğunu bildirmişdir.
1894-cü ilin ortalarında atasının ölüm xəbərini eşidib Vətənə dönməyə məcbur olan Əhməd bəy yolüstü İstanbulda dayanaraq Osmanlı imperatorluğunun tanınmış elm və siyasət adamları ilə görüşür. Vətənə göndükdən sonra isə bir müddət Şuşada real məktəbdə fransız dilindən dərs deyir.
Əhməd Ağaoğlu bu dövrdə «Məşriq» adlı qəzet çıxarmaq üçün Peterburq Baş Mətbuat İdarəsinə müraciət edirsə də, ona bu niyyətini gerçəkləşdirməyə icazə verilmir. O, 1897-ci ildə milyonçu Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələrək Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan «Kaspi» qəzetində əməkdaşlıq etməklə yanaşı, həm də Ali Ticarət Məktəbində fransız dili müəllimi işləyir. 1898-1904-cü illərdə «Kaspi» qəzetində Əhməd bəyin ədəbiyyatımız, mədəniyyətimiz, sosial-siyasi həyatımız, dini dünyagörüşümüz barəsində çoxlu sayda yazıları çap olunmuşdur. Ədibin «Hacı Seyid Əzimin külliyyatı», «Şekspirin «Otello»su və Şillerin «Qaçaqlar»ı tatar dilində», «Qorki və müsəlmanlıq», «Qorkinin «Həyatın dibində» pyesində tatar Asan» və başqa məqalələri sırf ədəbiyyatşünaslıqla bağlıdır.
Əhməd Ağaoğlunun ilk kitabı 1901-ci ildə Tiflisdə rus dilində çap olunmuş «İslama görə və islamlıqda qadın» əsəridir. Müəllifin bu əsərində Azərbaycanın və ümumən şərqin mühüm problemlərindən biri - cəmiyyətin sosial həyatında qadının yeri məsələsi cəsarətli şəkildə qaldırılmışdır.
Əhməd bəy 1905-ci ildə nəşrə başlayan «Həyat» qəzetinə Əli bəy Hüseynzadə ilə birlikdə redaktorluq etmiş, daha sonra «İrşad», «Tərəqqi» və rusca «Proqres» qəzetlərini çıxarmışdır.
O, həmçinin bu dövrdə fəal siyasi mübarizəyə qoşulmuş, 1906-cı ilin payızında «Difai» firqəsinin əsasını qoymuşdur. Bu firqə Azərbaycan türklərinin siyasi təfəkkürünün, milli mənlik şüurunun formalaşmasında, təşkilatlanmasında, xüsusilə erməni-daşnak təcavüzündən qorunmasında müstəsna xidmətlər göstərmişdir.
Əhməd bəy 1909-cu ildə Türkiyəyə mühacirət edərək ədəbi-elmi və siyasi fəaliyyətini orada davam etdirmişdir. Azərbaycanı tərk etməsinin səbəbini ədib hələ nəşr olunmamış xatirələrində belə əsaslandırır: «Şiddətli təqib edilənlər arasında idim. iş elə bir dərəcəyə çatmışdı ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatçılığı təhlükə altına düşmüşdü. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər iş başına gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olunmuş Vorontsov-Daşkov məni necə olursa-olsun, həbs etdirib sürgünə göndərməyə qərar vermişdi. Bunu öyrənən kimi mən dərhal qaçmağa qərar verdim»