Məzmuna keç

İranlı dedi, bildim

Vikimənbə saytından
İranlı dedi, bildim
Müəllif: Cəfər Cabbarlı

İranlıların mən hamın həmmal sanıram,
Tacirlərə bir kan imiş İran, nə bilim mən.
Bu həmşəri zalımları bielm bilirdim,
Bir mənbəyi-ürfan imiş İran, nə bilim mən.

Yazdın qəzetə fors ilə amadə cəfəngi,
Guya ki, keçib elmdə İran Firəngi.
Çəkməz, ölə iranlı nə tiryək, nə də bəngi.
Yox bircə nəfər Ənzəlidə, Rəştdə cəngi
Hər kəs də desə, öylə vurarlar sınar əngi!
Bir söhbəti-fərman imiş İran, nə bilim mən,
Bir mənbəyi-ürfan imiş İran, nə bilim mən.

İranlı səsi çıxsa düşər lərzəyə əflak,
Qeyrət, nə var iranlıda var, hamısı bibak,
Hacı Molla Ələkbər kimi yox sahibi-idrak.
Dərman üçün iranlıda olmaz kişi tiryak!
Ağzı əgilər kim ki, bu sözdə ola şəkkak.
Bir hakimi dövran imiş İran, nə bilim mən,
Bir mənbəyi-ürfan imiş İran, nə bilim mən.

Mərdə gərək iranlıya versin bu cəmaət,
İranda göbək yazmağa yoxdur deyor adət.
Bir yanda zavod, fabrika, bir yanda sənaət.
Yoxdur nə şəqavət, nə bəxalət, nə ədavət!
Bundan sonra iranlıya lazımdı itaət.
Bir məsləki-insan imiş İran, nə bilim mən.
Bir mənbəyi-ürfan imiş İran, nə bilim mən.

İranlı da məntiq sözünü yaxşı qanırmış,
Məntiqdən uzaq düşməyə zalım utanırmış...
Tənqidi-qəzet al-verəni birgə sanırmış.
Qəzi zərər etdikdə o biçarə yanırmış.
İranda bu cür qarpızı başlar yaranırmış...
Başdan-başa fantan imiş İran, nə bilim mən.
Bir mənbəyi-ürfan imiş İran, nə bilim mən.

İranlı deyəndən böylə məlum olur əhval,
Doxtur-zad imiş hər nə ki var küçədə həmmal.
Yox bir nəfər İranda nə falçı və nə rəmmal.
İran da dirildi, dəxi çal təblini təbbal.
İranlıya bir can imiş İran, nə bilim mən,
Bir guşeyi-rizvan imiş İran, nə bilim mən,
Zadeyi-şannan imiş İran, nə bilim mən
Bir mənbəyi-ürfan imiş İran, nə bilim mən.