İri pul
Görünüş
İri pul (23.05.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Bu dünyada mən üç gözəl bilirəm:
Biri sərvət, biri rüşvət, biri – pul!
Hər pula da gözəl demək olmayır –
Gözəllərin gözəlidir iri pul!
Kimsə qılmaz bu gözəlin tərkini,
O çevirər məhəbbətə hər kini.
Zəifi zor, gözəl edər çirkini,
Döndərməzmi bir pişiyə şiri pul?
Ərgən görən deyə bilməz: dul gözəl,
Heç olarmı ağasından qul gözəl?
Yar soruşdu: mən gözələm, pul gözəl?
Acıqlanıb çıxırdım ki: kiri! Pul!
Qəhrəmansan, şir gücü var qolunda,
Heyranların sağında, həm solunda.
Sərkərdəsən mutluluğun yolunda –
Düş qabağa, apar bizi, yeri, pul!
Tərtəmizdir, aydan – sudan arıdır,
Can candırsa, pul can ilə yarıdır!
Dünya həmin Nuh gördüyü qarıdır,
Bu qarının qocası pul, əri – pul!