İrl Lam adlı oğlan
İrl Lam adlı oğlan Müəllif: Şifahi xalq ədəbiyyatı |
Keçmiş zamanlarda Koreyada İrl Lam adlı bir oğlan vardı.
Onun ata-anası öləndən sonra mülkədar Li üçün nökərçilik eləməyə
başladı. İrl Lam inəkləri otarır, su daşıyır, odun doğrayır,
düyü təmizləyirdi. Bütün bunların əvəzində mülkədar Li ona ancaq
yemək verirdi.
Bir dəfə payızda bərk külək qopdu. Ağası İrl Lama tapşırdı ki, tez çəltikdən kəndir hörüb evin damını sarımaq lazımdır. Külək onu qopardıb apara bilər. İrl Lam isə kəndir hörməyi bacarmırdı. O, ha əlləşirdi bir şey çıxmırdı, hörə bilmirdi. Bu dəfə də ağa onun yanına gələndə İrl Lam cəmi bir arşın uzunluğu olan kəndiri ona uzatdı. Qəzəblənmiş ağa qışqırdı:
– Əgər sən kəndir hörməyi bacarmırsansa, onda rədd ol mənim evimdən!
İrl Lam üzr istəyib, dedi ki, o heç ömründə kəndir hörməyib, ona görə elə doğrudan da bacarmır, ancaq mütləq öyrənər. Ağa heç qulaq da asmaq istəmədi. Onda İrl Lam dedi:
– Mərhəmətli ağa, mən sənin üçün düz üç il beş ay işləmişəm. Heç olmasa mənə bir az haqqımı verin.
Ağa güldü, İrl Lamın hördüyü kəndiri onun üstünə atıb dedi:
– Al, bu da sənin əməyinin haqqı!
İrl Lam dayanıb mübahisə etmədi, kəndiri götürüb çıxıb getdi. İrl Lam yol ilə gedirdi, qabağına bir arvad çıxdı. Onun qabağında içində düyü olan yekə bir qazan vardı. Birdən qazan çatladı, arvad da özünü itirib bilmədi nə eləsin. Qazanı qaldırmaq olmazdı – çünki onda qazan tamam ayrılardı, düyü də yerə səpələnərdi. Arvad İrl Lamın əlindəki kəndiri görüb dedi:
– Ay oğlan, o kəndiri ver mənə, əvəzinə sənə bir qab düyü verərəm!
– Bu kəndir mənə çox baha tamam olub, – deyə İrl Lam ona cavab verdi, – mən buna görə üç il beş ay işləmişəm.
Arvad oğlana qulaq asıb başını tərpətdi, dedi:
– Doğrudan da o sənə çox baha oturub, ancaq daha kəndir, kəndir də olaraq qalır. Bir qab düyü əlbəttə ondan yaxşıdır. Acıyanda heç olmasa düyünü bişirib yeyərsən.
İrl Lam kəndiri verdi, əvəzində bapbalaca bir torbada bir qab düyü aldı.
Axşam o, meyxanada yatmağa yer istədi. Hər meyxanada belə qayda vardı: bütün pullarını və şeylərini meyxana sahibinə saxlamağa verməli idin. İrl Lam meyxana sahibinin yanına gəlib içində düyü olan torbasını ona verdi.
– Sənin torbanda nəyin var? – deyə meyxana sahibi soruşdu.
– Ağa, orda düyüm var, – deyə Lam cavab verdi. – Bir dolu boşqab.
– Daha heç nəyin yoxdur?
– Yox, ancaq düyüdür.
– Onda torbanı öz yanında saxlaya bilərsən. Heç kəs onu sənin əlindən almaz.
– Yox, ağa! Bu sadə düyülərdən deyil. Bunun qiyməti çox bahadır. Mən onun üçün üç il beş ay işləməli olmuşam, – deyə İrl Lam cavab verdi.
Onda ağa, torbanı açıb düyüyə baxdı, iylədi gördü ki, adi düyüdən heç nə ilə seçilmir. Torbanın ağzını bağlayıb küncə atdı. Səhər tezdən İrl Lam durub torbanın dalınca ağanın yanına getdi. Ağa torbanı götürüb oğlana verdi. İrl Lam baxıb gördü ki, torbanın içində bircə dənə də düyü yoxdur. İrl Lam az qalmışdı ki, ağlasın. Ağa ona dedi:
– Mən sənə öz düyümdən və təzə torba verərəm. Mənim düyüm yaxşıdır, seçmədir.
İrl Lam isə başını tərpədib dedi:
– Yox ağa, sizin düyünüzü mən götürmərəm, mənim öz düyümü verin. Axı mən onun üçün üç il beş ay işləmişəm. Əgər düyünü siçan balası yeyibsə, onu tutub mənə verin.
Ağa, oğlan üçün siçan balasını tutmalı oldu. İrl Lam köhnə torba deşik-deşik olduğundan siçan balasını təzə torbaya qoydu və yoluna davam etdi.
Axşam İrl Lam yenə də bir meyxanaya gəldi. Ağa ilə salamlaşıb torbasını onun stolu üstünə qoydu.
– Ay oğlan, torbada nəyin var? – deyə meyxana sahibi ondan soruşdu.
– Boz siçan balası.
– Nə – siçan balası?
Ağa, torbanın ağzını azca açıb içində balaca boz siçan balasını gördü.
– Onu özündə saxla. O, kimə lazımdır? Bircə pişikdən başqa heç kəsə.
– Yox ağa, siz onu gizlədin. Bu siçan balası adi siçanlardan deyil, mən onun üçün üç il beş ay işləmişəm.
Ağa torba üçün İrl Lama yazıb qəbz verməli oldu.
Səhər İrl Lam oyanıb ağanın yanına getdi. Ağa torbanı çıxarıb İrl Lama verdi. İrl Lam torbanı açıb gördü ki, siçan balasının çoxdan canı çıxıb: gecə pişik onu boğub.
– Vay, vay, vay, siçan balası ölüb. İndi nə edəcəyik? – deyə ağa təəssüfləndi – siçan balasına görə sənə on ten verirəm.
– Yox ağa, belə edə bilmərəm. Sizin pulunuz mənə lazım deyil. Yaxşısı budur, siçan balasını öldürən pişiyi tutub mənə verəsiniz.
Ağa sevindi ki, gör nə ilə yaxasını oğlanın əlindən qurtara bilir. Pişiyi tutub ona verdi.
İrl Lam çıxıb getdi, bütün günü yol getdi; axşam yenə də bir meyxanaya gəlib çatdı.
Meyxanaçıya dedi:
– Ağa, bilirsiz, mən bütün günü yol gəlib bərk yorulmuşam. Mənim pişiyimi alıb bir yerə salın; mən də bir az dincəlim.
Ağa, pişiyi götürüb həyətə çıxdı, it damını açıb pişiyi ora saldı. Gecə it öz damına girmək istədi, o qapını açdı, içindən bir pişik çıxıb qaçdı. İt onun dalınca hürdü. İtin hürməsinə meyxana sahibi həyətə çıxdı. Gördü ki, pişik yoxdur, tez evə qaçdı, İrl Lamı yuxudan oyadıb, əhvalatı ona danışdı.
– Vay, mən indi neyləyəcəyəm? – deyə İrl Lam ağlamağa başladı.
– Ağlama, mən sənə ayrı pişik verərəm.
– Yox, ağa! Dünya üzündə belə pişik yoxdur. Mənim pişiyim mənə çox baha oturmuşdu: mən onun üçün üç il beş ay işləmişdim. Mənim pişiyimi tapın! Tapmasanız, onda pişiyi açıb buraxan iti verməlisiz.
Ağanın öz itini oğlana verməyə heç ürəyi gəlmirdi, ancaq yazıq uşağın da qəlbini incitmək istəmirdi, ona görə də iti oğlana verdi. Səhər İrl Lam meyxanadan çıxıb getdi. O, yol ilə gedə-gedə bütün günü düşünür, fikirləşirdi ki, necə eləsin mehriban iti meyxana sahibinə qaytara bilsin.
Axşam başqa bir meyxanaya gəlib çatdı. Həyətdə bir dayça bağlanmışdı. Kök və hirsli meyxana sahibi isə həyətdə dayanıb yəqin ki, qonaq gözləyirdi.
İrl Lam ona yaxınlaşıb dedi:
– Mən bütün günü yol gəlib yorulmuşam. Sizdə qalmaq istəyirəm. Zəhmət olmasa, deyin görüm, iti hara bağlaya bilərəm?
Meyxana sahibi dayçanın yanındakı dirəyi göstərib dedi:
– Bax o dirəyə bağla.
– Yox ağa, o dirək mənim itim üçün münasib yer deyil, sizin dayça deyəsən çox dəcəldir.
– Bağla! Əgər itin başına bir iş gəlsə, əvəzində dayçanı alarsan.
İrl Lam itini bağlayıb evə getdi. O, pəncərənin qabağında əyləşdi ki, dincəlsin. Bu vaxt həyətə bir kişi girdi. Dalınca da yüklü bir eşşək gəlirdi. Eşşək tərslik eləyib dayandı, adam onu çəkdi, eşşək “İo! İo”, anqırdı. Dayça şahə qalxdı, it isə hürkdü, dartınıb qaçdı. Axı ip lap boş bağlanmışdı.
İrl Lam həyətə qaçıb qışqırdı:
– Vay, mənim itim hanı? Ay ağa! Axı mən sizə qabaqcadan xəbərdarlıq elədim ki, bura mənim itimin yeri deyil? Ya mənim itimi tapın, ya da söz verdiyiniz kimi dayçanı verin.
– Ay oğlan, sən dəli olmusan! Harda eşidilib ki, dayçanı itin əvəzində versinlər. İtin qiyməti on vondur, mənim dayçamın qiyməti isə yüz əlli vondur. Al, bu sənə on von və rədd ol!
– Yox ağa, istəyirsiz lap min von verin, mən almaram! Mənim itimin qiyməti sizin dayçadan bahadır: mən onun üçün üç il beş ay mülkədar Liyə işləmişəm.
Bu vaxt başqa adamlar oğlanın tərəfini saxladılar. Meyxana sahibi qorxdu ki, dilə-dişə düşər, dayçanı götürüb oğlana verdi. İrl Lam dayçaya minib yoluna davam etdi. Yolda özünün əvvəlki ağasının oğlu Li Una rast gəldi.
– İrl Lam, sənsən? – deyə Li Un təəccüb etdi. – Bu qəşəng dayçanı sənə kim verdi?
– Necə yəni kim verdi? Sənin atandan başqa kim mənə bir şey verə bilər? – deyə İrl Lam cavab verdi.
– Yalan deyirsən. Mənim atam heç vaxt bir adama da belə dayça verməz.
– Axı mən sizdən başqa heç kəs üçün işləməmişəm... Məgər mən üç il beş aya belə bir dayça da ala bilmərəm?
Li Un isə ona inanmadı.
– Gəl mərcləşək, – deyə o təklif etdi, – əgər doğrudan da sən dayçanı mənim atamdan almısan, onda mənim apardığım nə varsa, hətta eşşəyi də arabası ilə sənin olsun. Yox əgər yalan deyirsən, onda dayçanı mənə verərsən.
– Nə olar ki, – deyə İrl Lam razılaşdı, – gəl mərcləşək. Meyxanaya qədər gedərik, ora həmişə adamla doludur. Adam çox olanda yaxşıdır.
– Gedək.
Onlar qaş qaralanda gəlib İrl Lamın iti aldığı həmin meyxanaya çatdılar.
Meyxanada adam çox idi. Meyxana sahibi mehriban adam idi, özü də keyfi kök idi. O, sevimli itinin qayıdıb gəlməsinə şad idi. Axşam yeməyindən sonra İrl Lam evin tən ortasında dayanıb dedi:
– Bizə qulaq asın və bizim mübahisəmizi kəsin.
Hamı qışqırdı:
– Danış, danış!
İrl Lam üç il beş ay gecə-gündüz mülkədar Li üçün işlədiyini və öz işinə mükafat olaraq kəndir almasını, kəndirin necə olub dayçaya çevrilməsini, bir-bir danışdı. O, əhvalatın itlə bağlı olan hissəsinə çatanda meyxana sahibi ayağa qalxıb dedi ki, bütün bunlar lap əsl həqiqətdir.
Li Un dayçanı əldən çıxarmaq istəmirdi, ona görə də qışqırdı:
– Ancaq hər halda dayçanı sənə mənim atam verməmişdir!
– Atan mənə kəndiri verdi, o da axırda dayçaya çevrildi, – deyə İrl Lam cavab verdi. – Bu da o deməkdir ki, dayçanı mənə o vermişdir!
Otaqdakılar hamı bir ağızdan qışqırdılar:
– Düzdür! Li Un mərci uduzub!
Li Unun bütün mallarını, eşşəyini və arabasını əlindən aldılar. İrl Lam mülkədar Lidən zəhmətinə görə bu cür mükafat aldı.