İsgəndər Zülqərneyn
Nağıllar. Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri var idi biri yox idi bir padşah var idi. Bu padşah nə qədər
arvad alırdısa, övladı olmurdu ki, olmurdu. Padşah bütün rəmçiləri,
dərvişləri, həkimləri çağırmışdı ki, ona əlac eləsinlər. Heç biri bir əlac
eləyə bilməmişdi. Padşah xüfətinnən heyva kimi sapsarı saralmışdı.
Bir gün yatmışdı, aləmi-röyada gördü kü, bir pirani qoca kişi başının
üstündə dayanıb deyir:
– Ey padşah, sən kimi alsan övladın olmayacaq, bircə İsfahan padşahının qızını alsan, ondan sənin bir övladın olacaq.
Padşah yuxudan ayılan kimi vəzir-vəkili, əyan-əşrəfi başına yığıb yuxusunu onlara söylədi, tədbir istədi. Vəzir dedi:
– Padşah sağ olsun, burda elə bir çətin iş yoxdu. Elçi göndərək, gedib qızı istəsinlər.
Padşah dedi:
– Birdən qızı vermədilər, onda?
Vəzir dedi:
– Padşahım, sənin adın-sanın yeddi iqlimə məlumdu, adını eşidəndə padşahlar yata bilmirlər, kimin cürəti çatar ki, sənin qabağına çıxa bilsin? Verməz, onun torpağını at torbasında daşıdıb dəryaya tökərik. Bəli, vəzirin tədbirini hamı bəyəndi. Həmin gün vəzir kəcavəni bəzədib öz adamları ilə İsfahana yola düşdü.
Az gedib, çox gedib çatdılar həmən şəhərə. Ədəb-ərkanla padşahın elçi daşının üstündə kəcavəni qoydular yerə. Padşahın adamları tez gedib xəbər apardı ki, hansı padşahınsa adamları elçi daşının üstündə oturublar. Padşah əmr elədi ki, gedin onları gətirin içəri. Gedib elçiləri gətirdilər padşahın hüzuruna. Elçilər əhvalatı tamam başdan-başa danışıb padşahın qızını istədilər. Qızın atası dedi:
– Doğrudu, qızım mənim sözümnən çıxmaz. Mən kimə versəm o gedər, amma qızımın üç şərti var. Gərək sizin padşah o şərtləri yerinə yetirə, sonra razılıx verək.
Padşah əmr elədi, qızı gətirdilər, əhvalatı atası qızına söylədi, dedi:
– Qızım, indi sənin fikrin nədi?
Qız dedi:
– Mehriban ata, sən məni ilana da versən razı olaram, amma icazə versən onlara üç şərtim var, ondan sonra tamam razılıx verərəm.
Elçi gələn vəzir dedi:
– Qızım, şərtlərini de görək nədi?
Qız dedi:
– Birinci şərtim odu ki, gərək onunla at minib, ox atam, ikinci şərtim odu ki, qılınc vurub güləşəm, üçüncü şərtim də budu ki, gərək padşah mənim suallarıma cavab verə.
Elçilər razı olub qızın sözlərini gedib öz padşahlarına söylədilər. Padşah bu xəbəri eşidən kimi cin vurdu beyninə ki, Allahın işinə bax, bir qız mənə meydan oxuyur, mən qızın ayağına gedib onunla güləşsəm nə deyərlər? Yaxşısı budu ki, qoşun çəkim, dava eləyim. Vəzir dedi:
– Şahım, dava eləyib qoşunu qırdırmağın nə xeyri var, əvvəlcə gəl qızın təklifini yerinə yetirək, işdi bu baş tutmasa, onda dava eləyərik.
Padşah dedi:
– Axı ay vəzir, mənə yaraşmaz ki, durub gedəm qızın ayağına.
Vəzir dedi:
– Şahım, gəl sən təğyiri-libas ol, get, de ki, məni padşah göndərdi ki, əvvəlcə mənnən at minib ox atsın. Əgər məni ötə bilsə sonra padşah özü gələr. Bu tədbir pa dşahın ağlına batdı. Həmən gün təğyiri-libas olub bir dəstə adamnan düşdü yola, gəlib çıxdı İsfahana. Qıza xəbər göndərdi ki, gəlsin. Bəli, qız hazırlaşıb altdan geyinib, üstdən qıfıllandı, əlinə ox, qalxan alıb, belinə qılınc bağladı. Bir dəstə adamla gəldi padşahın yanına, dedi:
– Məni istəyən sənsənmi?
Padşah dedi:
– Yox bacı, məni padşah əvvəlcə göndərdi ki, görsün sənin mənə gücün çatırmı? Əgər mənə gücün çatsa ondan sonra padşah özü gələcək. Yoxsa hər xırda-xuruş işlərdən ötəri padşah bura gəlməz.
Qız istədi geri qayıtsın, fikirləşdi ki, camaat nə bilir əhvalat nə yerdədi, hamı deyəcək yəqin qız qorxdu. Bir də cıdır düzünə, meydana o qədər adam yığılmışdı ki, iynə atsaydın yerə düşməzdi. Hamı bilirdi ki, qızla onu istəyən padşah at sürəcək. Bəli, hər ikisi atlanıb at çapdılar, biri-birindən qabağa keçə bilmədilər. Atın üstündə üzüyün içindən ox keçirdilər. Sonra başladılar bir-birinə qılınc vurmağa, gördülər qılıncdan da bir şey çıxmadı, əl atdılar qurşax tutdular, dizləriynən yeri kotan kimi eşdilər. Çox çətinliknən padşah qızın kəmərindən yapışıb vurdu yerə. Padşah dedi:
– İndi sözün nədi?
Qız dedi:
– Sözüm yoxdu, amma de görüm sən kimsən?
Padşah açıb əhvalatı söylədi.
Qız dedi:
– Onda üçüncü şərtimi də yerinə yetirsən, razılıx verərəm.
Padşah dedi:
– Nədi şərtin?
Qız dedi:
– Dünyada ən gözəl nədi?
Padşah dedi:
– Ən gözəl könül sevəndi.
Bu söz qızın xoşuna gəldi. Qız razılıx verdi.
Bəli, əhvalat qızın atasına məlum oldu. Ədəb-ərkannan yeddi gün, yeddi gecə toy eləyib qızı verdilər padşaha. Padşah qızı alandan doqquz ay, doqquz gün sonra bir qəşəng oğlu oldu. O saat tayaçılar tutuldu, gecə-gündüz bu uşağa baxıb böyütdülər. Uşağın adını İskəndər qoymuşdular. İskəndərin uşaxlıqdan bircə eybi varıydı. Təpəsinin ortasınnan bir buynuz çıxmışdı. Başına uzun bir şiş papax qoyardı ki, buynuzu görükməsin. Bəli, dayələr İskəndəri böyüdüb boya-başa çatdırdılar. İskəndər bütün elmlərin sirrini tamamkamal öyrənib açarın qoymuşdu cibinə.
İş belə gətirdi ki, İskəndərin atası öldü. Gətirib oğlunu yerində padşah qoymax istədilər. Padşahın paxıl vəzirlərindən biri dedi:
– Bizim dədə-baba qaydamız var, gərək quş uçurdax, kimin başına qonsa, onu da padşah seçək.
Elə də elədilər. Quşu uçurtdular. Quş düz gedib qondu İskəndərin başına. Gətirib atasının yerində onu padşah qoydular. İskəndər elə bir padşah oldu ki, adı-sanı hər yerə yayıldı. İskəndər yetmiş yeddi ölkədən baci-xərac alırdı. Bütün padşahlar onun adını eşidəndə tir-tir titrəyirdilər. İskəndərin şəhərində hər həftə bir dəllək ölürdü. Heç kim bu sirdən baş çıxara bilmirdi. Demə İskəndər hər dəfə bir dəllək çağırıb başını qırxdırandan sonra öldürtdürürmüş. Şəhərdə dəllək qalmamışdı, hamısını öldürüb quyuya atdırmışdı. Padşah bir gün yenə vəzirini yanına çağırıb dedi:
– Vəzir, başımı tük basıb, bir dəllək tap, gəlib qırxsın.
Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, şəhərdə dəllək qoyubsan ki, çağırım?
Padşah dedi:
– Bilmirəm, hardan olur-olsun tap gətir.
Vəzir əlacsız qalıb, getdi kənddən bir çoban dəllək tapdı. Dəlləyi fikir götürdü. Bilirdi ki, ora gedən dəlləklərin heç biri geri qayıtmır. Amma səbəbini bilmirdi. Dəlləyin varı-yoxu bircə qoça anası varıydı. Anasıynan halallaşıb gəldi padşahın yanına, əli əsə-əsə onun başını qırxdı və başının ortasında olan şiş buynuzu gördü. Dəllək elə ki, padşahın başını qırxıb qurtardı, gördü ki, onu da öldürmək istəyirlər. Padşaha yalvardı ki, qoca anama yazığınız gəlsin, məni ona bağışlayın. İskəndər dedi:
– Əgər bu sirri saxlayıb heç kimə deməsən, səni öldürmərəm, işdi, bir adam bu sirri bilsə, o günü sənin başını bədənindən ayıracam. Oğlan and-aman eləyəndən sonra onu buraxdılar.
Dəllək beş həftə bu sirri içəri verib uddu. Fikir onu sapsarı saraltmışdı, günü-gündən əriyib çöpə dönmüşdü. Anası iə qədər yalvarırdı ki, oğul, axı sənin dərdin nədi belə saralıb-solursan, de, bəlkə əlac elədim. Oğlu dedi:
– Ana, bu sirri heç kimə deyə bilmərəm.
Anası çox yalvardı, yaxardı, yenə demədi. Axırda dəllək gördü sirr qarnını deşir. Gedib meşədə bir yumuşax yerdə torpağı eşib bir çuxur qazdı, ağzını çuxura tutub üç dəfə yavaşcadan dedi: “İskəndərin buynuzu var, buynuzu”. Sonra çalanı yenə torpağnan doldurdu. Aradan bir neçə ay keçdi, həmən çaladan çoxlu qarğı çıxdı. Vaxt oldu ki, bir çoban gəlib burdan keçəndə həmən çalada bitən qarğılardan kəsib tütək qayırdı, başladı çalmağa. Hansı havanı çaldısa elə tütəkdən səs gəldi ki, İskəndərin buynuzu var, buynuzu. Çoban qaldı məəttəl ki, bu nə sirdi.
Günlərin birində İskəndərə xəbər gətirdilər ki, hər yerə yayılıb ki, İskəndərin buynuzu var, buynuzu. İş o yerə çatıb ki, çobanların tütəyi də bu havanı çalırlar. İskəndər bu sözləri eşidən kimi cin atına minib əmr elədi dəlləyi əli-qolu bağlı gətirsinlər. Cəlladlar o saat oğlanı tapıb gətirdilər, şahın hüzuruna. Şah dedi:
– Necə olub sirri hamı bilir?
Dəllək and-aman elədi ki:
– Sirri heç kimə deməmişəm.
Padşah dedi:
– Düzünü de!
Dəllək dedi:
– Padşah sağ olsun, gördüm dərd qarnımı yırtır, axırda gedib meşədə bir çala qazdım. Əyilib bu sözləri o çalaya dedim, sonra da üstünü torpaxladım, bundan savayı heç kimə bir söz deməmişəm.
Padşah başa düşdü əhvalat nə yerdədi. O gündən padşahın adı qaldı İskəndər Zülqərneyn.
İskəndər, qəzəbindən od tutub yanırdı. Vəzirini çağırıb dedi:
– Vəzir, qoşunu hazırla, uzax bir yerə səfərə çıxacam.
Vəzir xəbər aldı:
– Şahim, xeyir ola, nə səfərdi?
İskəndər dedi:
– Vəzir, eşitmişəm zülmətdə dirilik suyu var, kim onu içsə ölmür, sağ qalır.
Vəzir İskəndərin xasiyətini bilirdi deyin heç nə demədi. Həmin gündən tədbir töküb hazırlıx gördü. Nə qədər bilici adamlar, dünya görmüş qocalar vardısa İskəndər hamısını yığıb məsləhət-məşvərət elədi, heç biri ora getmək üçün bir yol tapa bilmədi. İskəndər dedi:
– Yaşı ötmüş, dünya görmüş qocalardan daha kim qalıb bura gəlməmiş? Dedilər ki, filan yerdə üç yüz yaşında bir qoca var, yerinnən tərpənə bilmir, pambığın içində saxlayırlar, bircə ona deməmişik. İskəndər dedi:
– Vəzir, dur gedək o qocanın yanına.
İskəndərlə vəzir gedib qocanı tapdılar, əhvalatı ona söylədilər. Qoca dedi:
– Oğul, zülmət dünyasına iki adamdan savayı heç kim gedib çıxa bilməyib.
İskəndər dedi:
– Qoca, kimdi onlar?
Qoca dedi:
– Biri Xizr1, biri də Axirət zaman.
İskəndər dedi:
– Qoca, bəs mən necə, gedə biləcəm, ya yox?
Qoca dedi:
– Oğul, gedəcəksən, amma qayıdandan sonra öz qılıncının altında öləcəksən.
İskəndəri fikir götürdü, amma öz-özünə dedi: “Ölsəm də, qalsam da gedəcəm”. İskəndər qocadan zülmətin yolunu soruşdu. Qoca dedi:
– Oğul, ora yeddi il, yeddi ay gecə-gündüz yol gedəcəksən, yolda qayış baldırlara, ilan-çayana, əjdahalara rast olacaxsan. Gedib bir yerə çıxacaxsan ki, ordan o üzə atlarınız getməyəcək. Düşüb atların nalını sökərsiniz. Sonra gedib bir qarannıx dağa çıxacaxsınız, orda bir bulax var, özünlə bir ölü balıx götürərsən, o bulağa çatanda ölü balığı atarsan suya, əgər dirilsə onda bilginən ki, dirilik suyunu tapıbsan.
İskəndər qocanın yanından çıxıb qoşunuynan, dəm-dəsgahıynan başladı zülmətə getməyə. Az getdilər, çox dayandılar, çox gedib az dayandılar, gəlib bir cəzirənin düzünə çıxdılar. Bu cəzirədə o qədər ilan, əjdaha varıydı ki, addım atmağa yer yoxuydu. Qoşun başladı bunları qıra-qıra getməyə. Amma bu ilan-çayan qoşunun yarısını öldürdü. Birtəhər ölüm-zülümnən burdan çıxıb getdilər. Qabaxlarına qalın meşə çıxdı. Elə yenicə atlardan, dəvələrdən düşüb bir az meşədə rahatlanmax istəyirdilər, bir də gördülər hər tərəfdən şirlər, pələnglər, ayılar, qurdlar-quşlar, bütün vəhşi heyvanlar bunlara hücum elədi. İskəndər Zülqərneyn gördü ki, burdan tez çıxmasalar tamam qırılıb qurtaracaxlar. Gecəynən başladılar getməyə. Bir xeylax gedənnən sonra gəlib bir dağın başına çıxdılar. Nə qədər atları sürdülərsə heç biri yerdən tərpənə bilmədi. Atların ayaxları yerdən qopmurdu, elə bil mıxlamışdılar. O saat qocanın sözü düşdü yadlarına. Atlardan düşüb nallarını sökdülər. Təzədən atlanıb başladılar getməyə. Gedib elə bir yerə çıxdılar ki, hər yer tamam zülmətin içindəydi, göz-gözü görmürdü. İskəndər bir təhər şamnan, çaxmax-qonan, iməkləyə-iməkləyə axtarıb bir bulax tapdı, tez balığı suya saldı. O saat balıx dirilib başladı üzməyə.
İskəndər barmağını dişlədi ki, bura zülmət dünyasıdı, bu bulax da zülmət suyudu. Tez ovcunu doldurub doyunca sudan içdi. Sonra qayıtdı ki, bir qabdan-zaddan gətirsin ki, sudan doldurub aparsın. Bir də gələndə nə qədər axtardısa bulağı tapa bilmədi. Təzədən atlanıb başladılar geri qayıtmağa. Elə ki, İskəndər zülmət dünyasından çıxıb gördü on beş yaşında oğlan olub, özü də tamam quşların, heyvanların, otların, çiçəklərin, ağacların dilini bilir. Bu işə İskəndər bir tərəfdən sevinirdi, bir tərəfdən də qəmgin olurdu. Çünki qoca demişdi ki, sən abihəyat suyunu içsən də öləcəksən. İskəndər içdiyi sudan başqa, bir bulax da varıydı, həmişəlik abi-həyat o bulaxdaydı ki, İskəndər ondan içə bilməmişdi. Bəli, bunlar elə bir yerə gəlib çıxdılar ki, hər yer daşkəsək, qaya-qaltan idi. Yaman yorulmuşdular. İskəndər Zülqərneyn dincəlmək üçün yer axtarırdı. Axırda böyük bir qayanın dibində yatmaq istədi. Baxdılar ki, padşahın üstünə gün düşür, nizələrinin, qılınclarının ucunu yerə sancıb başlarını bir-birinə söykədilər, üstünə tirmə şal atdılar ki, kölgə olsun. Bu səs-səmirə İskəndər yuxudan ayıldı, gözlərini açıb gördü nizədən, qılıncdan buna çadır qurublar. O saat barmağını dişlədi ki, qoça deyən söz deyəsən düz çıxacax, mənim ölümüm yaxınlaşıb. Elə bu fikirnən durub çadırın altınnan qaçmax istədi. Birdən göy guruldadı, ildırım çaxdı, gurultuynan göydən bir ifritə2 endi. İfritə İskəndərin başının üstündəki dağ boyda qayanı itələyib saldı çadırın üstünə, İskəndər Zülqərneyn qayanın altında qalıb əzikəzik oldu. Bütün qoşun tökülüb qayanın altından İskəndəri yarımcan çıxartdılar. İskəndər bir ah çəkib vəsiyyət elədi.
Vəzir, vəkil, qoşun əhli İskəndərin meyidini götürüb qayıtdılar öz vətənlərinə. İskəndər vəsiyyət eləyəndə demişdi, mən harda ölsəm, öz torpağımda dəfn eləyərsiniz. İskəndəri öz vətəninə gətirdilər. Bütün şəhər əhli başdan-ayağa qara geyindi. Çox böyük cahi-cəlalnan İskəndəri kəcavəyə qoyub aparırdılar. Amma qəribə bir möcüzə oldu. Ölünün qolunu nə qədər tabutun içinə qoyurdularsa, yenə qolu tabutdan eşiyə çıxırdı, ovucu da açıx qalmışdı. Bu işə hamı məəttəl qalmışdı. Axırda gedib əhvalatı İskəndərə zülmət dünyasının yolunu görsədən qocaya dedilər.
Qoca dedi:
– Oğlum, gedin onun ovcuna yerdən bir xışma torpax tökün. Onun gözü torpaxdan doymayıbdı.
Bəli, qoca dediyi kimi gəlib yerdən bir xışma torpax götürdülər. Torpağı meyidin ovcuna tökən kimi ovuc yumuldu, qol da çəkildi tabutun içinə. Padşahı dəfn eləyəndən sonra qırx gün, qırx gecə ehsan, xeyrat verdilər.
İndi sizə kimnən deyim, İskəndər Zülqərneynin anasınnan. İskəndərin anası oğlunun ölümünə dözə bilmirdi. Hər gün gedib qəbirin üstünə döşənib ağlayırdı. Günlərin birində arvad yenə qəbirin üstünə döşənib ağlayanda yerin altından səs gəldi ki, ey insan, axı sən ağlamaxdan bizi yordun, de görək hansı İskəndəri istəyirsən?
Arvad dedi:
– Mən İskəndər Zülqərneyni istəyirəm.
Bu dəfə İskəndər cavab verdi:
– Ana, mən elə bilirdim ki, dünyada təkcə mənəm. Amma onu bil ki, burda məndən də aşağıda, yerin yeddi qat təkində o qədər İskəndərlər yatır ki, heç sayı-hesabı yoxdu. Dur get evinə, ağlamaxdan heç nə çıxmaz.
İskəndərin anası oğlunun bu sözlərini eşidəndən sonra düz gəldi evlərinə. Burda nağıl tamam oldu, qazan aşla doldu, toxlar yedi, aclar doydu.