Məzmuna keç

İsitmə

Vikimənbə saytından
İsitmə
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Fəryada gətirdin məni sən canə, isitmə!
Döndərmə gözüm yaşın ümmana, isitmə!
Bu il məni saldın belə nöqsanə isitmə!
Qəsb etmək üçün qoymadın heç yanə, isitmə!
Axır eylədin xanəmi viranə, isitmə!

Hər dərddən artıq, bəli, qızdırmanı gördüm,
Baş ağrısı dürməli qızdırmanı gördüm,
Cəndan ilə çəkdi ili qızdırmanı gördüm,
Əqilini eylər dəli, qızdırmanı gördüm,
Yazıqdı, sən əl vurma heç insanə, isitmə!

Ey vay, günüm zar ola, titrətmə gələndə,
Min dərdə bəla car ola, titrətmə gələndə,
Dünya başıma dar ola, titrətmə gələndə,
Canım yenə pərgar ola, titrətmə gələndə,
İncitmə, isitmə məni, amma nə isitmə!

Titrəməvi qızdırma, isitmə-üçü həmrah,
Bunlar uzun heç kafirə göstərməsin Allah.
Bir körpə görən kimsənə sağ canə çəkər ah,
Aciz qalı, candan olur axır ki, o ikrah,
Hər kimsə içərsə də dolu peymanə, isitmə.

Bir gün hər üçü gəldi bular Valehə mehman,
Dedi sənə iş tovlarıq, aciz qalı loğman.
İndi nə verirsən, de görüm, sən bizə ehsan,
Bəxş etdi məni ol Şahı - mərdanə isitmə.