İstərəm (Aşıq Bəsti)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İstərəm (Aşıq Bəsti)
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti (2013). Bənövşələr (az). Gəncə. Orijinal mənbədən 2018-09-14 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-14.

Könül verib sevdiyimi,
Hamıdan başda istərəm.
Dörd yanında ağ sürüsü,
Qənşərdə, döşdə istərəm.
Alı kimi igid ola,
Cəngi-savaşda istərəm.
Qisas ala zalımlardan,
Onu hər işdə istərəm.
Atışmada güllə dəyər,
Kəkliyi daşda istərəm.
Bəsti, qoy yansın bu canım,
Odda-atəşdə istərəm.