Məzmuna keç

İstərlər

Vikimənbə saytından
İstərlər
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.349.

Sərsəri, girmə meydana,
Aşiq, səndən yol istərlər.
Qəllaş ilə oturmadan
İman əhli pul istərlər.

Bu yola girən oturmaz,
Haqq sözə hiylə qatılmaz,
Bunda heç hiylə satılmaz,
Gövhərindən qul istərlər.

Bir qılı min para edər,
Bu yolu ixtiyar edər,
Şahım bir yol qurmuş gedər,
Yol içində yol istərlər.

Şah Xətayi der: – Neylərsən?
Hər müşkülü həll eylərsən.
Arısan, çiçək iylərsən,
Yarın səndən gül istərlər.