Məzmuna keç

İtirilmiş sərvət

Vikimənbə saytından
İtirilmiş sərvət (1848)
Müəllif: Rabindranat Taqor

Tərcümə: Səbuhi Novruzov ixtisarla

...Gecənin qaranlığında nə vaxtsa yağış dayandı, nəğmə səsləri kəsildi. Fonibxuşon hələ də pəncərə önündə əyləşmiş, sanki bütün dünyanı sarmış zülmətə baxırdı. Ona elə gəldi ki, sanki önündə ölüm şahlığının göylərə ucalan darvazaları açıldı “onun qarşısında durub, qışqırmaq və çağırmaq lazımdır və bu zaman əbədi itirilmiş olan gözlərim önündə canlanacaq!”...
Mənim qayığım köhnə, yarıuçuq körpünün kənarında dayanmışdı. Günəş üfüqdə gizlənir, çayın səthi isə gah qızıl, gah da polad kimi işıldayır, göyqurşağı kimi əlvan və solğun rənglər növbəylə yanıb-sönür, axaraq hiss olunmadan öz çalarını dəyişirdi. Elə qayığın damındaca öz namazını yekunlaşdıran, səssiz dualarla səcdə edən qayıqçı atəşli üfüqün fonunda sanki qara ağacdan yonulmuş fiqura bənzəyirdi.
Axşamın sakitliyini yalnız cırcıramanın nəğməsi pozurdu. Mən çaya enən daş pilləkanın—əzəmətli oşotxa ağacının köklərininin parçaladığı -pilləsində oturmuşdum. Qarşımda böyük, pəncərələri sinmış, eyvanı çökmüş ev ucalırdı. Qəflətən arxadan səs eşidildi, mən diksindim. —Əziz cənab haradan təşrif buyurub?
Mən başımı qaldırıb qarşımda üzgün, həyatdan küskün siması olan bir insan gördüm. Bir çox benqallar kimi, çörəkpulu qazanmaqdan ötəri doğma yurdundan didərgin düşmüş bu insanın sifətinə həmçinin laqeyidlik də möhürlənmişdi… Əynindəki yarıaçıq, kirli, duzlanmış paltarından bəlli olurdu ki bədbəxt yenicə işini bitirib və indi şam vaxtı gəlib çatanda o, sahildə təmiz hava udmaqla kifayyətlənir.
Tanımadığım bu kişi yanımda əyləşdı.
—Mən Rançidən gəlmişəm-deyərək onun sualını cavablandırdım.
—Nə ilə məşğul olursunuz?
—Ticarətlə.
—Nə satırsınız?
—Tərəvəz, barama...
—Adınız nədir?
Azacıq fasilə verdikdən sonra uydurma bir ad söylədim. Amma görünür yeni tanışımın marağı hələ sönməmişdi, beləliklə növbəti sual gəldi.
—Nəyin xatirinə bura gəlmisiniz?
—İqlimə görə. Havamı dəyişmək istəyirəm.
Həmsöhbətim deyəsən bir az çaşdı.
—Əziz cənab, —o, mənə tərəf döndü—artıq altı ildir ki, mən bu yerlərin iqlimindən və nemətlərindən istifadə edirəm, lakin elə bir fərq hiss etməmişəm.
Mən etiraz etdim.
—Hər halda etiraf etməlisiniz ki,buraların havası Rançinin iqlimindən xeyli yaxşıdır!
—Hımm… düz deyirsiniz… Bəs harada qalacaqsınız?
Mən çaydan yuxarıda, pilləkanın sonunda yüksələn evi göstərərək dedim.
—Bax o evdə.
Bu vaxt mənə elə gəldi ki, yeni tanışımın ürəyində mənə qarşı şübhə yarandı, sanki mən bu tərk edilmiş, köhnə evdə xəzinə tapmışam. Bununla belə o, fikrini dilə gətirməyərək on beş il bundan əvvəl bu evdə baş vermiş hadisəni ətraflı olraq danışmağa başladı.
Bu insan yerli məktəbin müəllimi imiş. Onun keçəlləşmiş başı, dərin, çuxura düşmüş, lakin aclıq və xəstəliklərdən solmuş sifəti ilə əsla uyuşmayan çox parlaq gözləri vardı.
Beləliklə müəllim öz hekayəsinə başladı.
Təxminən on il əvvəl mən bura köçəndə, bu evdə Fonibxuşon Saxa yaşayırdı. Ona sonsuz dayısından böyük miras qalmışdı. Lakin Fonibxuşonun təhsil və tərbiyyəsi müasir ruhda idi. O, öz şəriyinin kabinetinə ayaqqabılı girir, onunla təmiz ingilis dilində danışırdı. Bir sözlə Saxaya ötəri bir nəzər salmaqla anlamaq olardı ki, o, benqalların yeni təbəqəsinə aiddir. Aydındır ki, o, işdə uğur qazana bilməzdi. Evdə də işlər ürəkaçan deyildi, özünüz düşünün:
müasir təhsil və gözəl arvad!
Aydındır ki, belə ab-havası olan evdə köhnə və gözəl adətlər yaşaya bilməz. O, heç də qənaətcil deyildi, xüsusən geyimə, yemək və arvadının bəzəklərinə çox pul xərcləyirdi. Hətta arvadı xəstələnəndə evə burdakı cərrahın köməkçisini çağıtdırırdı.
Siz cənab… sözsü ki, evli adamsınız və siz də şübhəsiz bilirsiniz ki, qadınlar adətən kal meyvələri, turş manqonu, bərk, qırmızı bibəri və güclü kişiləri sevirlər. Əgər kişi kifir və kasıbdırsa bu heç də ona işarə etmir ki, qadın onu sevməyəcək, amma kişi çox yumşaqdırsa bu qaçılmazdır! Siz soruşursunuz nə üçün? Mən cavab verərəm. Bu haqda çox düşünmüşəm.
Heç kim təbiətən nəyə meyilli və nəyə qadir olduğunu dərk etmədən xoşbəxt ola bilməz! Maral öz buynuzunu itiltmək üçün bərk ağac axtarır, yumşaq ağaca sürtünmək ona heç vaxt ləzzət verməz. Eyni hal qadılarla baş verir. Kişi ilə qadın arasında fərq yaranan gündən bəri o, müxtəlif fəndlər, hiylələr vasitəsi ilə kişini aldadıb özünə bağlamağa, onu ram etməyə çalışır. Və o, bu elmi çox yaxşı mənimsəyib. Güzəştə gedən kişinin arvadına yalnız acımaq olar: biçarə çox şeydən məhrum olub.
Nənəsindən, ulu nənələrindən ona miras qalmış, minilliklər boyu yaxşı itilənmiş mükəmməl silahlar—alovlu oxlar, tələlər—onun üçün artıq gərəksiz bir alətə çevrilir. O zaman ki, kişi çox yumşaq və xeyirxah olur, qadınsa öz silahlarından istifadə edə bilmir; onda kişi üçün pis olur, qadının payı isə daha acı olur.
Müasir sivilizasiyanın və təhsilin ovsunladığı kişi, Allahın ona bəxş etdiyi təbii kişi sifətini—kobudluq və sərtliyi əridərək yox edib, nəticədə isə müasir cəmiyyətdə ailə bağları zəifləyib. O ki, qaldı Fonibxuşona o da müasir sivilizasiyanın yetirməsi idi, bu səbəbdən də onu nə işdə, nə də ailədə xoşbəxtlik gözləmirdi.
Onun həyat yoldaşının adı Monimalika idi. O, ərindən nəvazişləri heç bir əziyyətsiz alır, yeni sari üçün göz yaşı tökmür, bilərzik almaqçün ona uzun-uzadı naz-qəmzə, inad, bezdirici, arasıkəsilməz xahiş və zəhlətökən yalvarışlar da gərək deyildi. Bütün bunlarsa ona gətirib çıxardı kı, qadına məxsus olan hər bir şey Monimalikada öz kəsərini itirdı, ərinə olan məhəbbəti də... O, əvəzində heç nə vermədən yalnız alırdı! Zavallı, sadəlövh ər isə düşünürdü ki, bəxş etməklə hər şeyə qarşılıq alacaq. Nəticə isə belə oldu: Monimalika Fonubxuşona—onun arzularını həyata keçirən maşın kimi baxmağa başladı... Həmçinin bu elə əlverişli maşınıydı ki, onun heç təkərlərini belə qaraltmaq lazım deyildi.
Monimalika az danışar, qonşularla laqqırtı vurmaz, mərhəmət xatirinə belə sədəqə verməzdi. Onun heç nəyi itməzdi. O qənaətlə yığar, aldığı hər şeyi qoruyardı. Ərinin nəvazişlərindən başqa. Ən təəccüblüsü isə o idi ki, Monimalika öz gənclik və ecazkar gözəlliyindən də heç nə itirməmişdi. Kimin ki, köksünsə qəlb əvəzinə buz parçasıdı, kimin ki, ürəyi məhəbbət əzabından qovrulmayıb düşünürəm ki, belə insanlar gəncliyin əlvan rənglərini uzun müddət qoruya bilərlər. Monimalika sonsuz idi, Yaradan onu övladdan, yəni qadın üçün dəmir mücrüdəki qiymətli xəzinədən əziz olacaq, yaz günəşi kimi buz parçasını əridərək məhəbbət bulağına, ailə xoşbəxtliyinə çevirəcək—əsas sərvətdən məhrum etmişdi. Fonibxuşonun arvadı evi yaxşı idarə edirdi. O, heç vaxt razı olmazdı ki, kimsə onun görə biləcəyi işi görüb, əlavə pul alsin. O, heç kimi sevmir, heç kimin qayğısına qalmır, yalnız işləyir və pul yığırdı. Buna görə də Monimalika xəstəlikdən, kədər və iztirabdan uzaq idi. Öz xəzinəsinin yaxınlığında bu qadın sarsılmaz sakitliyi və möhkəm sağlamlığı ilə bərq vururdu...
Yaradan kişilərə incə duyum bəxş etməyib. Gizli olanda nə qədər açıq var? Hissiyatsızlıqda nə qədər hiss var? Aydın deyilmiş fikirdə hansı eyham var? Heç bir dəyəri olmayan xırda-xuruşun qiyməti nə qədərdi?
Əlbəttə kişiyə bu qabiliyyət gərəksizdi. Qadınlarsa başqa aləmdir. Onlar ərləri tərəfindən olan diqqət və diqqətsizliyi tələsmədən incələyir, deyilən hər söz və jesti tutmağa çalışırlar. Bu isə aydın məsələdir, çünki qadının bütün gücü—həyatının əsas sərvəti—ərinə olan məhəbbətindədir. Qadın üçün ər məhəbbəti çılğın bir küləyə bənzər: o, istiqaməti düzgün müəyyənləşdirərək, vaxtında da yelkənlərini açır və öz qayığını şirin arzular sahilinə yönəldir. Bunun üçün də Tanrı məhəbbətdə qadının ürəyinə kompas qoyub, kişiyə isə bunu bəxş etməyib. Allah kişi ilə qadını kifayyət qədər fərqli yaradıb. Təəssüf ki, müasir cəmiyyət bu fərqi aradan götürüb. Qadın—kişiyə çevrilir, kişi də qadına, nəticədə isə evdə sakitlik və qayda-qanun olmur.
Zahirən hər şey qaydasında görünsə də Fonibxuşon hiss edirdi ki, “nə isə” qaydasında deyil. O, arvadından səhv hərəkət görməmişdi və onu nədəsə məzəmmət edə bilməzdi, buna baxmayaraq o xoşbəxt deyildi. O, Monimalikanın ürəyini brilliyantlar, mirvarilərlə doldurmağa çalışırdı. Lakin dolan yalnız mücrü olurdu... ürək isə həmişəki kimi boş olaraq qalırdı...
Elə bu vaxt çaqqallar ulaşmağa başladılar, müəllimsə söhbətini bir neçə dəqiqəlik saxladı. Mənə elə gəldi ki, çaqqallar yeni tanışımın ailə həyatının yeni sistemini məsxərəyə qoyub qaqqıltı çəkirlər. Yoxsa... yoxsa onlar yeni sivilizasiyanın qurbanı olan Fonibxuşonu ələ salırdılar? Çaqqallar öz duyğularını izhar etdikdən sonra susdular. Müəllim isə söhbətinə davam etdi. —Qəflətən Fonibxuşon çox çətin vəziyyətə düşür. O, öz işində kreditdən məhrum olmaq təhlükəsi ilə üz-üzə qalır. Əgər o beş gün ərzində 100-150 min rupi tapıb bazara buraxa bilsəydi bütün işləri qaydasına düşərdi. Amma lazım olan məbləği tapmaq müşkül məsələ idi. Əgər o, pulu yerli sələmçilərdən götürsəydi bu xoşagəlməz şayələrə səbəb olacaqdı, nəticədə isə onun işi daha böyük zərərə uğrayacaqdı. O, pulu onu tanımayan insanlardan almalı idi. Bunun üçünsə ona girov qismində qiymətli əşyalar lazım idi.
Beləliklə Fonibxuşon arvadının yanına gəlir. Lakin o, öz həyat yoldaşına bütün kişilərin edə biləcəyi kimi sakit və rahat yaxınlaşa bilmirdi. Bədbəxtlikdən Fonibxuşon həyat yoldaşını hansısa bir poemanın qəhrəmanı kimi sevirdi. Bu elə bir sevgidir ki, o ağıldan keçən fikirləri ölçüb-biçmədən deməyə imkan vermir. Bu elə bir sevgidir ki, Günəşin Yerə olan cazibəsinə bənzəyir; nə qədər qüdrətli olsa da, məsafədə saxlayır.
Nəhayyət ki, o, utana-utana cəsarətsizcəsinə işin nə yerdə olduğunu bildirdi... Monimalikanın üzü kölgələndi, o, heç nə deməyərək susdu.
Fonibxuşon ona qarşı atılmış bu amansız zərbəni cavabsız qoydu. Fonibxuşon məhəbbətin hökmranlıq etdiyi yerdə zorakılıq və gücdən istifadə edə bilməzdi. O, lazım olan məbləği tapmaq üçün Kəlküttəyə gedir.
...Bir qayda olaraq qadın ərini daha yaxşı tanıyır, nəinki kişi arvadını. Əgər kişi çox incə naturaya malikdirsə, qadın onun ən dərin qatlarına baş vurmaq məcburiyyətində qalır. Eyni vəziyyət Monimalıka ilə baş vermişdi. O, öz ərini pis tanıyırdı.
Ultramüasir kişilərin xüsusiyyətləri standart çərçivələrə, əvvəlki sadə təsəvvürlərə sığmır. Bu cür kişilər xüsusidirlər, müəmmalıdırlar, anlaşılmazdılar, elə qadınların özü kimi. Adi kişilər bir neçə qrupa bölünürlər:
Birincisi—varvarlar,
İkincisi—axmaqlar,
Ücüncüsü—korlar.
Ultramüasirləri isə bu qruplara şamil etmək olmz. Buna görə də Monimalika məsləhətləşmək üçün öz yerlisi, uzaq qohumu Modxunu yanına çağırdı. Modxu təsərrüfat işləri üzrə idarəedicinin köməkçisi idi. Monimalika baş verənlər barədə məlumat verərək soruşdu:
—De görüm, sən nə məsləhət görürsən?
Modxu düşüncəli halda başını yırğalayaraq cavab verdi.
—Fonibxuşon pul tapa bilməsə sənin cəvahiratlarına əl qoyacaq! Görərsən belə də olacaq! Monimalika fikrən razılaşdı ki, belə bir hadisə nəinki mümkündür, hətta qaçılmazdır. Onun narahatlığı artmağa başladı. Onun uşaqları yox idi, ərini də qəlbən hiss etmirdi. Ona yeganə yaxın və əziz olan yığdığı sərvət idi. Hansı ki, ildən-ilə uşaq kimi böyüyürdü. Monimalika illər boyunca yığdığı sərvətin bir göz qırpımında əldən çıxacağını təsəvvür edərək dəhşətdən titrədi.
—İndi mən nə edim?
—Elə bu gün bütün qızıllarını yığışdırıb atangilə get!
Monimalika bu təkliflə o saat razılaşdı. Öz aləmində müdrik olan Modxu isə elə bir plan düşünmüşdü ki, sonluqda daş-qaşın böyük bir hissəsi ona çatacaqdı. Monimalika yola çıxmazdan öncə bütün bəzək əşyalarını paltarın altından taxdı, onun bədənində boş yer qalmadı. O, qorxurdu ki, onları mücrüdə götürsə yolda soyula bilər. Öz ərinə bələd olmayan Monimalika Modxu kimi adamları beş barmağı kimi tanıyırdı. Sahibəsinin əlində mücrü görməyən Modxu özünü itirdi. O, ağlına belə gətirmədi ki, qadının cismini və ruhunu gizlədən sərt geyim altında, onunçün həmin qadının bədənindən və ruhundan da qiymətli sərvət gizlədilib.
Evin idarəedicisi, xanımın atası evinə getməsi haqqında məlumatı Fonibxuşona məktub vasitəsi ilə çatdırdı. Fonibxuşon onun hansı səbəbdən getməsini anlayaraq çox üzüldü. Bu onunçün ən amansız zərbə idi. Fonibxuşonun ürəyində arvadına qarşı qəzəb, nifrət yaranmalı idi. Lakin bu acı ədalətsizlik ona yalnız ağrı verdi.
Kişi—Tanrının cəzaverici əsasıdır! O, kişinin ruhuna şimşək alovu qoyub. Ədalətsizlik önündə alov püskürməyən kişilərə ar olsun! Kişinin qəzəb olovu meşə yanğınına, qadınınkı isə yüklu buluda bənzər—öz səbəbsiz göz yaşları ilə, ardıcıllıq belə nizamlanıb, lakin bu qaydalar artıq yoxdur.
On gündən sonra lazım olan məbləği taparaq, çətinlikləri atladaraq Fonibxuşon evə döndü. O, düşünürdü ki, Monimalika bu müddət ərzində əşyalarını atası evındə gizlədərək geri dönəcək. Fonibxuşon evə girərək yataq otağına yaxınlaşdı, ancaq otağın qapısı bağlı idi. O, qapını sındıraraq içəri keçdi. Otaq boş idi. Monimalikanın bir zamanlar bəzək əşyalarını saxladığı—boş, ağzı açıq mücrü otağın küncünə atılmışdı. Fonibxuşon sinəsində nəinsə parçalandığını hiss etdi. Həyat, məhəbbət, iş—hər şey onun üçün məqsədsiz və mənasız göründü. O, arvadı haqqında heç bir qərar qəbul etmədi, fikirləşdi ki gözləsin “nə vaxt istəsə onda da qayıdar!”
Lakin tezliklə məlum oldu ki, Monimalika atasıgilə gedib çatmayıb. Axtarışlar başlandı. Polisə Monimalikanı yola salan Modxunun axtarışı üçün məlumat verildi. Amma bütün cəhdlər boşa çıxdı. Bir dəfə bayram axşamında bütün ümidlərin söndüyü zaman Fonibxuşon tərk edilmiş yataq otağına keçdi. Fonibxuşonun qulaqlarına musiqi və nəğmə sədaları gəlirdi ki, bu səslər də səhərdən bəri yağan leysanın təsirindən boğuq eşidilirdi.
Otağın divarlarını rəsm əsərləri bəzəyirdi, şkafın şüşələrində farfor fiqurlar, flakon və rəngli qrafinlər, böyük dəniz balıqqulağıları vardı. Bu əşyaları Monimalika lap uşaqlıqdan yığmış və xüsusi zövqlə yerləşdirmişdi. Hər axşam Monimalikanın yandırdığı, balaca, yumru şüşəli çıraq yenədə öz yerindəydi. Lakin o, sönmüş və hislənmişdi. Bu çıraq Monimalikanı yataq otağında sonuncu dəfə görən yeganə və lal şahid idi. Qadın getmiş, ev boşalmışdı; amma onun toxunduğu hər cansız əşya özündə gözəlin silinməz izlərini, xatirələrini yaşadırdı. “Artıq qayıt, Monimalika, qayıt! Öz əllərinlə öz çırağını yandır, otağını işiqlandır! Güzgü qarşısında dayanaraq yetimlənmiş sarini gey! Bu ölü cansiz əşyalara nəfəs ver!”
Gecənin qaranlığında nə vaxtsa yağış dayandı, nəğmə səsləri kəsildi. Fonibxuşon hələ də pəncərə önündə əyləşmiş, sanki bütün dünyanı sarmış zülmətə baxırdı. Ona elə gəldi ki, sanki önündə ölüm şahlığının göylərə ucalan darvazaları açıldı “onun qarşısında durub, qışqırmaq və çağırmaq lazımdır və bu zaman əbədi itirilmiş olan gözlərim önündə canlanacaq!” Fonibxuşonu bu fikirlərdən qəflətən hansısa quru və ahəngdar, metel bəzəklərin cingiltisi ilə müşaiyət olunan səs ayırdı. Addım-addım səs yaxınlaşmağa başladı, pillələrdən ötərək evə doğru gəldi. Bu gün keşikçı qapını bağlayaraq bayrama getmişdi. Və budur, həmin qapı döyüldü. Bəzək əşyalarının səsi eşidildi. Fonibxuşon rahat otura bilməzdi, o, qaranlıq otaqlardan, qaranlıq pilləkandan ötərək qapıya yaxınlaşdı. Qapı arxadan bağlanmışdı. Fonibxuşon əlləri ilə qapını bərk-bərk vurmağa başladı... Ağrıdan ... və səsdən o, ayıldı. Onun bədəni tər içində idi, əlləri və ayaqları buz kimi soyuqdu, ürəyi isə sönməkdə olan çırağa bənzəyirdi. Bayırdansa yağış səsi və sabaha uzanan nəğmə səsləri eşidilirdi.
Növbəti gün bayram bitdi, səyyari yarmarka alverçiləri və artistlər getdilər. Fonibxuşon özünü arxaya ataraq stulda oturmuş, ulduzları seyr edirdi.Bu dəfə göy üzünü bürüyən buludlar parçalanmışdı və bu kəsiklərdən ulduzlar sayrışırdı.
...Yavaş-yavaş ulduzlar sönməyə başladılar. Nəhayyət ki, tamamilə yoxa çıxdılar. Göydən qatı zülmət çökdü, Yerdən isə onu qarşılamağa başqa bir zülmət havaya qalxdı, bu iki zülmət qovuşdu, sanki dünya nəhəng gözlərini yumdu.
Bu gün Fonibxuşon sakit idi. O, heç şübhə etmirdi ki, nəhayyət can atdığı məqsədinə çatacaq və ölüm ona—öz sadiq pərəstişkarına öz sirrini açacaq.
Yenə də o günkü səs eşidildi. Addım səsləri sudan qalxaraq, çayın sahilındəki pilləkanla yuxarı qalxmağa başladı. Fonibxuşon gözləri yumulu vəziyyətdə oturmuşdu: onun dərrakəsi dərin düşüncələrdə və eyni zamanda tamamilə sakit idi. Səs get-gedə yaxınlaşaraq yataq otağına çatdı və bir anlıq dayandı. Fonibxuşonun qəlbi dəlicəsinə çırpınır, bədəni əsirdi. Lakin o, gözlərini açmırdı. Bu vaxt səs kandarı keçərək otağa daxil oldu. Və otaqdaki bütün əşyaların –sarilərin asıldığı asılqanın, çırağın, şkafın-yanından ötdu və nəhayyət Fonibxuşonun lap yanında dayandı. Bu vaxt buludlar ayın önündən çəkildi... otaq işiqlandı. Fonibxuşon gözlərini açdı. Onun qarşısında skelet dayanmışdı. Skeletin bütün barmaqları üzüklərlə, biləyi sira ilə bilərziklərlə, boynu və sinəsi mirvari və qızılla bəzənmişdı. Alnında isə böyük diadema(tacvari bəzək əşyası)bərq vururdu. Bir sözlə skelet təpədən-dırnağa brilliyant və daş-qaş içində idi. Ən dəhşətlisi isə o idi ki, onun kəlləsində iki canlı göz parıldayırdı: elə həmin qara, xumar gözlər, elə həmin sıx və uzun kirpiklər, elə həmin sakit baxışlar... Fonibxuşonun qanı damarlarında dondu. O, bütün gücünü toplayaraq gözlərini qapamaq istədi, lakin heç nə alınmadı: onun gözləri ölü gözləri kimi açıq və hərəkətsizdi.
Skelet daşlaşmış Fonibxuşonun sifətinə baxaraq, sağ əlini qaldırdı, ehmalca “gəl” işarəsi verdi. Bu vaxt onun barmağındakı btilliyant bərq vurdu. Skelet qapıya sarı hərəkət etdi. Fonibxuşon ovsunlanmışcasına ayağa qalxdı sözəbaxan marionetka kimi onun arxasınca yollandı. Qiymətli zinnət əşyaları ilə bəzənmiş skelet yavaş-yavaş aşağı düşməyə başladı. O, tamamilə düz yeriyir, heç yırğalanmırdı, gecənin qaranlıgında yalnız onun ayağının taqqıltısı eşidilirdi. Skelet çaya endi, Fonibxuşon da onun arxasınca... Amma ayağı suya dəyən kimi, Fonibxuşon ayıldı. Fonibxuşon əsərək titrədi, ayağı dolaşdı və o yıxıldı. O, üzməyi bacarırdı, lakin indi onun bədəni ona qulaq asmırdı. O, bir anlığa unutqanlıqdan reallıq aləminə qayıtdı ki, növbəti anını əbədi yuxuya bəxş etsin...
Hekayətini bitirən müəllim susdu. O, susanda məlum oldu ki, bütün təbiət sükut və hüzur içindədir.
O, soruşdu:
—Siz bu əhvalata inanmırsınız?
—Bəs siz inanırsınız?
—Yox—deyə o, cavab verdi—birincisi ana təbiət roman yazmır, onsuz da onun işi çoxdur.
—İkincisi isə—mən onun sözünü kəsdim – Fonibxuşon Saxa mənəm!
—Mən belə də fikirləşirdim. Bəs arvadınızın adı nə idi?
—Nrittokali.