Məzmuna keç

İtkin qız

Vikimənbə saytından
Nağıllar. İtkin qız
Müəllif: Şifahi xalq ədəbiyyatı


Məhəmməd adlı bir kişi vardı. Bunun bir arvadı, Əhməd adlı bir oğlu, Güllü adlı bir qızı varıdı. Bir gün Məhəmməd kişi Məkkəyə gedəsi olur. Arvadı, oğlu dedilər ki, biz də gedəcəyik. Məhəmməd kişi onların getməsinə razı oldu. Məhəmmədin bir yaxşı qardaşlığı varıdı. Özü də qazı idi. Məhəmməd kişi qardaşlığının yanına gəlib dedi:

– Mən Məkkəyə gedəcəyəm. Ev-eşiyimi, qızım Güllünü sənə tapşırıram.

Qazı dedi:

– Arxayın ol, özündən yaxşı muğayat olaram.

Məhəmməd kişi arvadını, oğlu Əhmədi götürüb Məkkəyə yola düşdü. Onlar Məkkəyə getməkdə olsun. Sizə qazı ağadan xəbər verim. Qazı ağa gündə ət, xuşkəbər alıb nökəriynən Güllüyə göndərirdi. Bir gün də özü ət, şey-şüy alıb Güllü qızın yanına gəldi. Gördü ki, Güllü başını yuyur, bulud kimi qara saçları üzünə tökülüb. Bir qızdı, günə deyir sən çıxma, mən çıxım, aya deyir sən çıxma, mən çıxım. Qazı ağa imanını əldən verib Güllü qıza bənd oldu. İçəri girib şey-şüyü qıza verdi. Dili tutar-tutmaz dedi:

– Ay qardaşlığımın qızı, yenə ətdən-zaddan alıb nökərnən göndərəcəyəm, bir yaxşı xörək bişir, mən də axşama sənə qonaq gələcəyəm.

Güllü qızın ürəyinə heç bir xayınlıq gəlməyib dedi:

– Gələcəksən, gəl, gözüm üstə yerin var . Qazı ağa soyuq dəymiş kimi, evinə getdi, bazardan əvvəlcə iki cür şey alıb, nökəriynən qıza göndərdi. Güllü axşama yaxşı bişmiş qayırdı.

Axşam qazı ağa başında bir top ağdan əmmamə, belində on beş arşın parçadan qurşaq, ayağında bəzəkli başmaq, əynində əba, əlində təsbeh, saqqalı yırğalana-yırğalana Güllü qıza qonaq gəldi. Güllü yuxarı başda bir döşəkçə saldı. Qazı ağa dəvə kimi, diz üstə çökdü, gözlərini qıza zillədi. Pişik kimi əl atdı qızın çənəsinə. Güllü qız dedİ:

– Ay qazı ağa, atam məni sənə belə tapşırdı? Ayıbdı, saçından, saqqalından utan!

Qazı ağa dedi:

– Kəs səsini, çəpəl, məni günaha batırma, mən səni şəriətnən özümə əyal eləyəcəyəm.

Güllü qız ha dedi, qazı ağa eşitmədi, onun sözünə qulaq asmadı, çənəsini bir də əllədi. Güllü gördü qazı ondan əl çəkmir. Kəfgiri götürüb qazı ağanın təpəsindən elə vurdu ki, təpəsi qarpız kimi cırıldı. Qazını qan aparıb, çul kimi yerə sərildi.

Güllü qızın yenə də qazı ağaya yazığı gəldi. Başının qanını yudu, yarasına bir yaylıq sarıdı. Xeyli keçəndən sonra qazı bir təhər özünə gəldi. Utandığından Güllünün də üzünə baxa bilməyib əbasının ətəyini dəstələyib evinə getdi. Qardaşlığı Məhəmmədin yolunu gözləməyə başladı. Qazı ağa bir gün eşitdi ki, qardaşlığı Məhəmməd gəlir. Qazı bir at minib getdi onun qabağına. Məhəmməd qazı ağanın başını, gözünü sarınmış görüb dedi:

– Qardaş, sənə nə olub?

Qazı dedi:

– Sən gedəndən sonra qızın başına lotuları yığmışdı. Mən getdim onları qovmağa, vurdular başımı, gözümü yardılar. İndi sən qardaşlıqsansa, mənim sözümü eşit, qızın başını duzda.

Məhəmməd kişi təbdən çıxdı. Onun gözü yeri görmədi, rəng verdi, rəng aldı. Oğluna dedi:

– Oğul, Əhməd, mən daha bu sözdən sonra evə getmirəm. Əgər gedib o çəpəli öldürüb, qanlı köynəyini mənə gətirməsən, evə ayaq basmaram.

Əhməd ordan atlanıb düz evlərinə gəldi. Güllü qız qardaşını görüb qapıya çıxdı ki, onnan görüşsün. Qardaşı Əhməd qaş-qabağını tökdü. Güllü dedi:

– Ay qardaş, bəs anam, atam hanı?

Əhməd dedi:

– Onlar yoldadılar, səni qabaqlarına aparmağa gəlmişəm.

Güllü bir söz demədi. Əhməd bacısını tərkinə alıb yola düşdü; xeyli at sürdü, bir meşəyə yaxınlaşdılar. Güllü dedi:

– Ay qardaş, niyə yolundan çıxdın. Hara gedirsən, atam, anam bu tərəfdədimi?

Əhməd dedi:

– Sənin kimi namussuz bacı nə mənə, nə də atama lazımdı. Aparıram səni öldürməyə.

Güllü dedi:

– Ay qardaş, öldürürsən, apar öldür, ancaq mən bilirəm o şeytanlığı qazı eləyib, bu işdə mənim heç bir günahım yoxdu. Mən qazı deyən yolun sahibi deyiləm.

Əhməd bacısının bu sözündən fikrə getdi. Bir az yumşaldı, sonra öz-özünə dedi:

– Yəqin qazı bacıma şər atır. Daha bundan ötrü bacımı niyə öldürüm? Əhməd bu sözü deyib bacısına rəhmi gəldi. Onu aparıb bir meşədə qoydu. Köynəyini aldı, quş vurub köynəyini o quşun qanıynan qıpqırmızı boyadı. Atını sürüb qanlı köynəyini aparıb atasına verdi. Atası qızın ölümünə inanıb evlərinə gəldi. Onlar evlərində qalsınlar, sizə Güllü qızdan söyləyim. Güllü qız meşədə ağlaya-ağlaya gəzirdi. Gəldi bir ağac koğuşu tapdı; oranı özünə məskən elədi. Meyvələrdən yeyib, ölmə-diril orda ömür sürməyə başladı.

Günlərin bir günü, bir padşah oğlu ova çıxmışdı. Yolu azıb meşədə tək gəzirdi. Birdən bu oğlan meşədə qızı gördü, istədi onu tutsun, qız qaçıb çıxdı bir ağaca. Padşah oğlu ağacın dibinə gəldi. Oxu çəkib dedi:

– Ey nəçisən, düş ağacdan aşağı, yoxsa səni oxnan vuracağam.

Güllü qız əvvəl düşmək istəmədi, sonra gördü oğlan əl çəkmir. Qorxusundan ağacdan yerə düşdü. Padşah oğlu gördü bu bir gözəl qızdı ki, dünyada bərabəri yoxdur. Padşah oğlu bir könüldən min könülə Güllü qıza vurulub dedi:

– Ay qız, söylə görüm sən kimsən, kimin qızısan? Bu qalın meşələrdə təkbaşına nə gəzirsən, demirsənmi qurd-quş basıb yeyər?

Güllü başına gələn əhvalatı padşah oğlundan gizləyib dedi:

– Padşah oğlu, mən də padşah qızıyam. Qardaşlarımnan gəzməyə çıxmışdım. Meşədə yolumuzu azdıq, bura gəlib çıxdıq. Qardaşlarımı qurd-quş dağıtdı, tələf elədi. Mən gizlənib salamat qaldım. Oğlan dedi:

– Mən padşah oğluyam, gedək səni özümə alım.

Qız dedi:

– Nə deyirəm, aparırsan, gedərəm.

Padşah oğlu Güllü qızı götürüb, axtara-axtara gəldi qoşununu tapdı. Onlara dedi:

– Mən ovumu tapdım. Atlanın qayıdaq şəhərə.

Qoşun atlandı, qayıtdılar şəhərə. Padşah oğlu əmr elədi şəhəri xalılar, çiçəklərnən başdan-ayağa bəzədilər. Padşah oğlu qırx gün qırx gecə toy eləyib Güllü qızı aldı. Bu vaxtdan aylar keçdi, illər dolandı, bunların iki oğlu oldu. Oğlanlarının birinin adı Həmid, birinin adını Mahmud qoydular. Oğlanlar ayları, günləri sanıyıb böyüyürdülər. Bir gün padşah oğlunun dostları ona dedilər:

– Ey şahzadə, söylə görək niyə şəhərimizdəki gözəl qızları bəyənmədin, getdin bir meşə qızı aldın? Bilən yoxdu ki, əsli kimdi, nəsli kimdi.

Dostların, aşnaların bu sözü padşah oğluna ox kimi dəydi. Bikef, bidamaq ordan evinə qayıdıb gəldi. Güllü şah oğlunu bikef görüb dedi:

– Niyə belə bikefsən?

Padşah oğlu dedi:

– Bu gün dostlarımnan mənim aramda söhbət keçdi, dedilər ki, sən niyə sahibsiz, itkin bir meşə qızı alıbsan?

Güllü qız ağlaya-ağlaya dedi:

– Oğlan, dərd çəkmə, mən yetim qız deyiləm, mənim də böyük əqrabam var, mənim də atam, anam, gözü yolda qalanım var. İstəyirsən onları görəsən, gedək gör.

Padşah oğlu dedi:

– Mən taxt-tacımı buraxıb gedə bilmərəm. İnandığım vəzirimi, qoşunu sənə qoşum, get qohumlarını gör, mənə də xəbər gətir. Güllü qız razı oldu. Padşah oğlu, o gün oğlanlarını, arvadını qoşunnan bərabər vəzirə qoşub yola saldı. Onlar üç gün, üç gecə yol getdilər, dördüncü gün bir meşənin qırağında çəmənli, güllü-çiçəkli bir yerdə düşüb çadır qurdular. Hərə öz çadırında əyləşmişdi. Güllü də öz çadırında oğlanlarıynan oturmuşdu. Qoşun yerbəyer olmuşdu. Vəzir baş çadırda əyləşmişdi. Güllü də öz çadırında oğlanlarıynan oturmuşdu. Bir dəfə Güllü öz çadırından çölə çıxdı. Vəzir Güllünü görüb onun gözəlliyinə vuruldu.

Gecə oldu vəzir bütün qarovulları çadırlara göndərib dedi:

– Bu gecə rahat yatın, mən tək qarovul çəkəcəyəm.

Qoşun bütün çadıra doldu. Vəzir o qədər gözlədi ki, hamı yuxuya getdi: sonra özünü bir tərəfdən Güllü qızın çadırına saldı. Güllü vəzirin ayağının tappıltısından ayılıb dedi:

– Ay vəzir, gecə vaxtı burda nə gəzirsən? Sənə ayıb deyilmi padşah oğlunun arvad-uşağının üstünə gəlirsən?

Vəzir dedi:

– Kiri, danışma, gərək nə olursa olsun mənnən başbir olasan, yoxsa səni də, oğlanlarını öldürəcəyəm.

Güllü gördü vəzirdən yaxa qurtara bilməyəcək, istədi hiylə ilə canını onun yaxasından qurtarsın, dedi:

– Vəzir, yaxşı, nə deyirəm, qoy çölə çıxım, gəlim, sonra.

Vəzir Güllü qıza inanmadı, onun belinə ip bağladı, ipin bir ucunu əlində tutdu. Güllü qız çölə çıxdı. İpi bir ağaca bağlayıb, getdi bir təpədə durdu. Bir xeyli keçdi. Vəzir gördü Güllü qız gəlmədi. İpi çəkəndə ucunda ağac gəldi. Vəzir bildi ki, Güllü onu aldadıb qaçıb. Vəzir çıxdı hər tərəfi gəzdi, qızı tapa bilmədi, acıqlı-acıqlı çadıra girdi. Həmidi görüb çadırın ağzında yerə yıxıb dedi:

– Ay qız, hardasan, gəl! Yoxsa oğlun Həmidi öldürəcəyəm. Güllü qız namusunu oğlundan çox istəyindən gəlmədi.

Vəzir gördü Güllü gəlmədi, qılıncı çəkib Həmidi öldürdü. Sonra Mahmudu gətirib yerə yıxdı, yenə dedi:

– Ay qız, hardasan, gəl! Yoxsa bu oğlunun da öldürüb səni sinəsi dağlı qoyacağam.

Bu dəfə Güllü dözməyib təpədən dedi:

– Ay namussuz vəzir, mən bir oğul deyil, min oğuldan ötrü özümü binamus eləmərəm. Öldürürsən, öldür. Bir vaxt gələr, sən də cəzana çatarsan!

Vəzir bu sözdən daha da acıqlanıb Mahmudu da öldürdü. Güllü oğlanlarını ölmüş görüb daha çadıra gəlmədi. Qaçdı getdi qalın meşəyə. Vəzir yenə çıxdı hər tərəfi gəzdi, qızdan bir əsər tapmadı, gəldi öz çadırına, gözlədi sabah açıldı. Qoşun yuxudan oyandı. Vəzir qoşunun içinə hay-küy salıb dedi ki, baxın, padşah oğlunun arvadı öz oğlanlarının başını kəsib meşəyə qaçdı. Qoşun əhli bir-birinə dəydi. Dedilər ki, vəzir neyləyək ki, yaxamızı padşah oğlunun əlindən qurtaraq? Vəzir dedi:

– Nə eləyəcəyik, gedək olduğu kimi söyləyək.

Qoşun atlanıb gəldi şəhərə. Əhvalatı vəzir deyən kimi, padşah oğluna söylədilər. Padşah oğlu fikrə getdi, oğlanlarına, arvadına çox ağlayıb dedi:

– Yenə bu kələk vəzirin kələyidi. Gərək işi başacan qovam.

Padşah oğlu vəzirə dedi:

– Gərək biz meşəyə gedək, qızı tapaq.

Vəzir əlacsız qalıb razı oldu. Hər ikisi sayıl libası geyinib, yola düşdülər.

Güllü qız gizləndiyi meşədən çıxıb yola düşdü. Yolnan az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib sürüdə bir çobana rast gəldi. Çoban Güllünü gözəl görüb dedi:

– Gərək mənə gələsən.

Güllü baxdı ki, çobanın əlində bir çomaq, yanında bir köpək var. Elə qanmaz, heyvərə çobandı ki, çomağı çəkib itə qıs vursa, adamın bağrını yarar. Güllü öz-özünə fikir elədi ki, bu çobandan dilnən, xoşnan yaxa qurtarmaq olar. Güllü bu fikirnən çobana dedi:

– Mən sənin çoban paltarını geyinib qoyunun qırağında durum: sən get öz evinizdən mənə bir dəst gəlin paltarı gətir, geyinim gedim. Yoxsa bu cırıq-cındır paltarnan kənddə sənin evinə getmək camaat içində həm sənə, həm də mənə ayıbdı.

Çoban Güllünün sözünə inandı, paltarını çıxardıb ona verdi. Güllü çoban paltarını geyinib sürünün yanında qaldı. Çoban getdi evlərinə Güllüyə gəlin paltarı gətirməyə. Çoban gözdən itəndən sonra Güllü sürünü buraxıb, yola düşdü, az getdi, çox getdi, gəzə-gəzə, axtara-axtara gedib öz yerlərinə çıxdı. Öz obalarında doqqaznan gedirdi, birdən qardaşı Əhməd qabağına çıxdı. Əhməd Güllünü tanımadı, ancaq Güllü qardaşını görən kimi tanıdı. Əhmədgilə nökər lazım idi. Əhməd dedi:

– Ay çoban, hara gedirsən?

Güllü dedi:

– Nökər olmağa gedirəm.

Əhməd dedi:

– Gedək bizə nökər ol.

Güllü dedi:

– Gedək.

Getdilər evə. Güllü atasıgilə nökər oldu. Güllü atasına ata, anasına ana, qardaşına da qardaş deyirdi, ancaq onlar buna nökər deyirdilər. Güllü onları tanıyırdı, amma onlar Güllünü tanımadılar. O tərəfdən də padşah oğlu, vəzir çölləri, meşələri gəzə-gəzə gəlib həmin Güllü rast gəldiyi çobana rast gəldilər. Ondan xəbər aldılar ki, çoban qardaş bu nişanda bir qız görmədin?

Çoban cavab verdi ki, gördüm, elə mən də onu axtarıram. Padşah oğlu dedi:

– Çoban, onda gəl gedək birlikdə axtaraq.

Çoban dedi:

– Gedək axtaraq.

Hər üçü yola düşüb gəzirdilər. Axırda gəlib Güllünün atası Hacı Məhəmmədin qapısına çatdılar. Gecə onlara qonaq oldular. Güllü onların hər üçünü tanıdı: amma açıb ağartmadı, axırını gözlədi. Qonaqlıq düzəldi. Hacı Məhəmməd çoxdan bəri evinə çağırmadığı qardaşlığı qazı ağanı da bu qonaqlığa çağırdı. Qonaqlara cürbəcür xörəklər bişdi. Qonaqlar xörək yedilər, sonra padşah oğlu dedi:

– Bir nağıl danışan olsaydı, bir az könlümüz açılardı.

Güllü bu sözü eşidib fürsət vaxtı olduğunu bildi. Ayağa qalxıb dedi:

– Mən qəribə bir nağıl danışaram, ancaq bu şərtnən ki, sən qapıda dur, mən nağılı söyləyib qurtarana kimi, heç kəsi evdən eşiyə buraxma.

Padşah oğlu ayağa qalxıb qapını kəsdi. Güllü qız başına gələn bəlaları başdan-ayağa bir-bir nağıl eləməyə başladı. Güllü nağılı söyləyib, qazı ağaya çatanda, qazı qalxdı ki, əlinə aftafa almaq mahnasıynan çıxıb qaçsın. Padşah oğlu dedi:

– Qazı, şərtimiz var, nağıl bitməmiş qoymaram çölə çıxasan.

Qazı qorxa-qorxa qayıtdı yerində oturdu. Güllü nağılı söyləyib atası Hacı Məhəmmədə çatanda, Hacı Məhəmməd istədi aftafa almaq mahnasıynan çıxsın çölə. Yenə padşah oğlu qoymadı. O da qayıdıb oturdu yerində. Güllü bu dəfə sözünü söyləyib vəzirə çatdı. Söz vəzirə çatanda o da istədi eşiyə çıxsın. Padşah oğlu qoymadı. Söz gəldi çobana çatdı. Çoban da qalxıb qaçmaq istədi, yenə padşah oğlu qoymadı: axırda Güllü danışıb qurtardı. Əhvalat açıldı, susdular, iş məlum oldu. Padşah oğlu qılıncı çəkib əzəl vəzirin, sonra qazının boynunu vurdu, çobana da ənam verib azad elədi.

Güllü ata-anasıynan, qardaşıynan, padşah oğlu təzədən qohumlarıynan görüşdülər, öpüşdülər. Hacı Məhəmməd oğlu, arvadı elədikləri işdən peşman oldular. Padşah oğlu Güllüynən bərabər qaynatasıgildə bir neçə gün qonaq qaldı, sonra onlarnan halallaşıb yola düşdülər. Gedib evlərinə çatdılar, gün keçirməyə, ömür sürməyə başladılar. Onlar yedilər, içdilər yerə keçdilər; biz də yedik, içdik dövrə keçdik. Göydən üç alma düşdü, biri bacadan baxanlara, biri nağıla qulaq asanlara, biri də nağıl söyləyənə düşdü.