İtqıran kəndi

Vikimənbə saytından
Rəvayətlər. İtqıran kəndi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim zamanlarda İran hökmdarı öz kəndlərindən əlavə, Naxçıvan ətrafındakı kəndlərdən də vergi alarmış. Günlərin bir günü hökmdar öz adamlarını ucqar kəndlərdən birinə göndərib deyir ki, İran ayğırları Tehranda kişnəyib, onların atları quluna qalıblar. Həmin qulunları versinlər.

Kənd camaatı hökmdarın əlindən cana doymuşmuş. Ona görə vergi verməkdən boyun qaçırırlar. Şahın adamları çox çək-çevirdən sonra deyirlər:

– Sözünüzü hökmdara özünüz deyin.

Kəndin camaatından bir dəstə ayrılıb İrana gedir. Hökmdarın sarayına bir günlük yol qalanda dəstə başçısı yoldaşlarına əmr edir ki, qabağınıza çıxan itləri vurub öldürün. Sözü bir yerə qoyub harda it görürlərsə, öldürürlər. Xəbər hökmdara çatır. O, həmin adamları yanına çağırtdırıb itləri öldürmələrinin səbəbini soruşur. Dəstə başçısı deyir:

– Şah sağ olsun, bu itlər sizin də, bizim də düşmənimizdir. Canavarlar qulunlu atlara hücum edəndə, bu itləri nə qədər harayladıqsa, köməyə gəlmədilər. Atların çoxunu canavarlar parçaladı, qalanı da qorxudan bala saldı.

Şah özündən çıxıb deyir:

– Ordan haraylamağı itlər haradan eşidərdi?

Dəstə başçısı istehza ilə şaha baxıb deyir:

– Şah sağ olsun, bəs İranda kişnəyən ayğırların Naxçıvanda qulunları necə olurdu?

Şah dəstə başçısının qorxmazlığını, hazırcavablığını görüb deyir:

– Bu gündən kəndinizin adını “İtqıran” qoyuram. Kəndliləri də vergidən azad edirəm.

Elə o vaxtdan həmin kəndin adına el arasında “İtqıran” kəndi deyirlər.

Mənbə[redaktə]