İxtiyarlıq
İxtiyarlıq Müəllif: Aşıq Şenlik |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu dünyanın səfasını sürmədən
Nə tutdun yaxamı ay ixtiyarlıq.
Əvvəlki dövranım düşər yadıma
Əl götür yaxamdan, qoy ixtiyarlıq.
Alıb verir dizlərimin yelini,
Əydin qamətimi, bükdün belimi.
Yaxın ikən iraq etdin yolumu
Günlük yolum oldü ay, ixtiyarlıq.
Dayaqsız bir addım ata bilmənəm,
Tük döşək üstündə yata bilmənəm,
Altı aylıq cocuğa yetə bilmənəm,
Etdin sabilərə tay ixtiyarlıq.
Sultan idim dağ başında mən əzəl
İndi tökülənlər könlümdən xəzəl.
Məni görüb gülər idi hər gözəl
Onu da ömrümə say, ixtiyarlıq.
Sulandı gözlərim, zay oldu işlər,
Ağız papucladı, töküldü dişlər,
Ürkməz oldu məndən yerdəki quşlar,
Çəkərəm əlindən huy, ixtiyarlıq.
Səfil Şenlik böylə bir halə gəldi,
Eşq ucundan bənzi saraldı soldu,
Evladi-əyalım tərkimi qıldı,
Axır günüm oldu zay ixtiyarlıq.