Məzmuna keç

Şükrlillah ki, dünən bağ ara xürrəm idim

Vikimənbə saytından
Şükrlillah ki,dünən bağ ara xürrəm idim
Müəllif: Mirzə İsmayıl Qasir

Şükrlillah ki,dünən bağ ara xürrəm idim,
Bir neçə mahivəşü simtənə həmdəm idim.

Səf bəsər huriyi-qılman düzülmüşlər idi,
Bircə o bəzmidə mən zər-bəni adəm idim.

Hər tərəfdən tökmüşdilər zülfi-siyahi yüzə,
Qara bəxtim açılıb,cilvələnib biqəm idim.

Məni hərçənd məhəbbət meyi-məst etmiş idi,
Leyk küftaridə,rəftaridə müstəkam idim.
           
Hüsni bağinə o məhbubəyi-məhbublərin,
Bağibən idi gözüm,leyk özüm məhrəm idim.

Bəs lətafət yetirib olmuşdum qətrə sifət,
Bu nəhayətdə necə gül yüzünə şəbnəm idim.

Əhli-ürfani şəbistana manəndi çıraq,
Şüəra sözlərinin zəxminə bir məhrəm idim.
 
Gör adım Qasir idi,leyk hərifim yox idi,
Dilimin xəncəri dəstimdə qəvi Rüstəm idim.