Məzmuna keç

Şükufə xanım

Vikimənbə saytından
Nağıllar. Şükufə xanım
Müəllif: Şifahi xalq ədəbiyyatı


Badi-badi giriftar,
hamam-hamam içində,
xəlbir saman içində,
dəvə dəlləklik elər,
köhnə hamam içində.
Qarışqa şıllaq atdı,
dəvənin qıçı sındı.
Hamamçının tası yox,
baltaçının baltası yox.
Orda bir tazı gördüm,
onun da xaltası yox.
Ömrümdə belə şilə aşı yeməmişəm,
belə yalan deməmişəm

.

Günlərin bir günündə Məmmədnəsir tinində bir cavan oğlan varıdı. Bu oğlanın özünə görə az-çox dövləti varıdı. Oğlan evlənib toy elədi. Günlərin birində arvadının boynuna uşaq düşdü. Arvad həmliydi, oğlan qürbətə getdi. Oğlan gedəndən üç ay sonra arvad bir gözəl qız doğdu. Arvad ərinə yazdı ki, bir qızımız olub, adını da Şükufə qoymuşam. On altı ildən sonra arvad ərindən kağız aldı ki, gəlirəm. Bəli, bir gün Şükufə xanım evdə yatmışdı, anası da evdə yoxudu. Bu vaxt Şükufə xanımın dədəsi gəldi. İçəri girib gördü arvadı yoxdu, amma bir gözəl qız yatıbdı, belə gözəldi ki, yemə, içmə bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya, günə deyir: sən çıxma, mən çıxıram. Dədəsi Şükufə xanımı görən kimi az qaldı ağlı başından çıxsın. O saat qıza aşiq oldu.

Bu halda Şükufə xanımın anası gəldi. Əriynən görüşdü, öpüşdü, sonra kişiyə dedi:

– A kişi, görürsən necə qəşəng qızımız var?

Kişi bildi ki, bu gördüyü öz qızıdı. Kişinin əlacı kəsildi bilmədi neyləsin, qızın məhəbbətindən ürəyi çırpınırdı. Kişini fikir aparmışdı, heç bilmirdi neyləsin. Çox fikirləşdi, axırda arvadına dedi:

– Arvad, mən gələndə bir nəfər mənə dedi ki, padşah gözəl qızları, cavan qızları yığıb öz hərəmxanasına aparır; gəlib bizim Şükufəni də aparacaq. Odur ki, bu yavuq şəhərdə mənim tanışım var, aparım tanışımgildə qoyum, hələ orda qalsın, özüm də qayıdıb gəlim.

Arvad kişinin sözünə inanıb razı oldu.

Gecənin bir yarısı kişi nökərini çağırdı; araba qoşdular, qız atasıynan arabaya mindi, nökər də sürdü, bunlar yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər var-yox iynə yarım yol getdilər. Gəlib bir yolun qırağında kişi nökərinə dedi:

– Arabanı saxla, bu saat gəlirəm.

Nökər arabanı saxladı, kişi çıxarıb nökərə çoxlu pul verib dedi:

– Hara istəyirsən get, ancaq evə getmə. Bir adama da bir söz demə.

Nökər pulu aldı, çox razılıq eləyib dedi:

– Mənim nə dərdimə ki, başqasına söz deyəm, bir də sizə gedəm. Elə mən Allahdan istəyirdim pulum olsun, əlimdə maya eləyib öz kasıbçılığımı eləyim.

Nökər baş alıb getdi.

Sənə deyim bizim Şükufə xanımdan, dədəsiynən az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir çeşmənin başında düşdülər. Şükufə xanım dedi:

– Dədə, hara gedirsən?

Kişi hirslənib dedi:

– Nə dədə, mən sənin dədən deyiləm, kim deyir mən sənin dədənəm?

Qız dedi:

– Axı, anam dedi ki, sən mənim dədəmsən.

Dədəsi dedi:

– Anan da çox qələt elədi, sən də. Mən sənin dədən deyiləm, mən sənin ərinəm.

Şükufə xanım işi başa düşdü, qorxudan ürəyi çırpınmağa başladı. Elə ki, çeşmənin başında bir az çörək yedilər, Şükufə xanım dedi:

– Mən bir bayıra çıxım, gəlim.

Atası izn verdi. O, yavaşca dərəyə enib, qaçmağa başladı. Dədəsi gördü ki, Şükufə qaçır. Qız qaçdı, dədəsi qovdu, az qalmışdı ki, dədəsi qıza çatsın. Bu vaxtda Şükufə xanım gördü ki, bir çoban gəlir, qabağında qoyunları. Özünü çobana yetirib dedi:

– Aman günüdü, məni bu kişinin əlindən qurtar!

Çobanın əlində bir çomağı varıdı, çomağın başına əlinə keçən mıx qırığı, dəmir parçası çalmışdı. Çoban çomağı qaldırıb kişinin belinə bir dəfə çəkdi. Bir-ikisini də vuranda kişi gördü işlər fırıqdı, sürüşquluya dəm verib qaçmağa başladı. Uzaqlaşandan sonra qıza dedi:

– Yaxşı, gör sənin başına nə oyun açacağam. Eybi yoxdu, sən məni döydürdün?

Bəli, kişi qaçmaqda olsun, sənə kimdən deyim, Şükufə xanımnan çobannan. Şükufə xanım çobana dedi:

– Əgər mən belə qız paltarında sənnən şəhərə getsəm, onda səni də incidərlər, məni də. Həm də məni sənin əlindən alarlar. Sən gəl öz paltarını ver mən geyim, bir dənə də qoyun qarnı ver keçirdim başıma, desinlər ki, keçəl oğlandı.

Çoban razı oldu, öz paltarını çıxardıb Şükufəyə verdi. Şükufə xanım başına bir qoyun qarını keçirib, lap keçələ oxşadı. Bu çoban padşahın çobanıydı. Bəli, axşam Şükufə xanım çobannan bərabər evə gəldilər. Padşah arvadı çobanın yanında keçəl uşağı görüb soruşdu:

– Çoban, bu kimdi?

Çoban dedi:

– Xanım, bu mənim qohumumdu. Elə gələndə yolda rast gəldi, gətirdim evə. Buna da bir iş verin işləsin.

Xanım gördü ki, bu çox gözəl bir oğlandı, hayıf ki, keçəldi. Əlqərəz, nə başınızı ağrıdım bizim bu keçəli qazlara çoban elədilər. Keçəl hər gün padşahın qazlarını qəsrin dalında olan böyük bağın çəmənində otarırdı. Bu çəmənin ortasında bir hovuz varıdı, qazlar bu hovuzda çimərdi. Şükufə xanım da istilənəndə bu hovuzda çimərdi. Beləliknən Şükufə xanımın günü keçərdi. Bəli, Şükufə xanım burda qaz otarmaqda olsun, sənə kimnən deyim, bizim padşahın oğlundan. Padşahın bir cavan oğlu vardı. Bu oğlan hər gün pəncərədən bağı seyr edirdi. Bu vaxt Şükufə xanım da hovuzda çimirdi. Padşahın oğlu bir də gördü ki, hovuzda bir gözəl qız çimir, az qaldı ağlı başından çıxsın; öz-özünə dedi ki, bu gözəl qız hardan gəlib. Qoy baxım görüm bu qız çıxıb hara gedəcək. Oğlan gördü ki, qız çimib, paltarını geyindi. Getdi qaz otarmağa. Padşah oğlu gördü ki, bu qız qaz otaran keçəldi, o saat barmağını dişlədi, başladı fikrə getməyə. Anası oğlunu çağırdı çörək yeməyə. Padşahın oğlu gəlmədi. Axırda anası öz-özünə dedi:

– Bıy, başıma xeyir, balam naxoşlayıb, ac qaldı.

Qızını göndərdi ki, get qardaşını gətir çörək yesin. Qız getdi, nə qədər elədi, oğlan gəlmədi. Gördü oğlan başını qoyub əllərinin içinə bərk fikirləşir. Dedi mən çörək yemirəm, iştaham yoxdu. Əlqərəz, nə başınızı ağrıdım, nə qədər elədilər, oğlan gəlmədi. O, elə otaqda qalıb, keçəl çobanın dərdini çəkirdi. Bu keçəl çobanı padşahın külfətinin hamısı çox istəyirdi; heç kim onun qəlbinə dəymirdi. Hamı deyirdi ki, yazıq keçəl yetim uşaqdı, bunu incitməyin, Allaha xoş getməz. Elə ki axşam oldu, keçəl çoban gəldi, padşahın arvadı öz-özünə dedi:

– Aha, yaxşı oldu, qoy bu keçəlnən oğluma yemək göndərim,

bəlkə bu yetimin xətrinə yedi, yoxsa gedə lap acından ölər. Məcməyiyə cürbəcür yeməklər qoyub, keçələ dedi:

– Apar bunu şahzadə yesin.

Yazıq keçəlin heç bir şeydən xəbəri yox idi. Məcməyini əlinə alıb oğlanın otağına getdi. Elə ki, oğlan gördü keçəl gəldi, tez yerindən durub, məcməyini, stolun üstünə qoydu; sonra qapını bağlayıb, keçələ dedi:

– Paltarlarını çıxart, qız paltarı gey.

Oğlan əvvəldən qız paltarı hazırlamışdı. Şükufə xanım qorxuya düşüb dedi:

– Ağa, mən oğlanam, qız deyiləm.

Padşahın oğlu dedi:

– Heç o yan, bu yan eləmə, əhvalatın hamısını bilirəm. Hovuzda çiməndə öz gözümnən görmüşəm.

Şükufə xanım gördü ki, gizlətməyin yeri yoxdu. Durdu padşahın oğlu hazırladığı ipək paltarı geydi, aynanın qabağında özünə bir az gözəllik verdi. Bəli, Şükufə xanımın gözəlliyi birə-on artdı. Hər iksi əyləşib çörəklərini yeməyə başladılar. Oğlan dedi:

– Sən mənim kəbinli arvadım olacaqsan.

Qız dedi:

– İki şərtim var, qəbul eləsən, arvadın olaram.

Oğlan dedİ:

– De görüm şərtlərin nədi?

Şükufə xanım dedi:

– Birinci, saraya təzə adam gəlib gecə qalsa, mənə xəbər ver. İkincisi, gecə evə gəlməsən, qabaqcadan mənə de, qapını bağlayım rahat yatım.

Oğlan şərtləri qəbul elədi. Bunlar öz söhbətlərində olsunlar, sənə kimdən danışım, oğlanın anasından. Oğlanın anası gördü ki, keçəl getdi gəlmədi. Ürəyinə qorxu düşüb dedi:

– Yəqin oğlum hirslənib yazıq keçəli öldürdü.

Qorxa-qorxa gəlib pəncərədən baxdı, gördü oğlunun yanında bir nazənin xanım var, yemə, içmə bu qızın gül camalına tamaşa elə. Öz qızı bu qızın əlinə su tökməyə yaramaz. Amma bu qız keçələ oxşayır. Ha göz gəzdirdi, keçəli görə bilmədi. Öz-özünə dedi:

– Bəs bu yazıq keçəl nə oldu?

Tez kənizləri çağırıb soruşdu ki, bu nişanda qız bura gələndə gördünüzmü? Kənizlər dedilər ki, biz görməmişik. Arvad lap məəttəl qaldı ki, bu qız hardan, necə gəlib ki, heç kimin xəbəri olmayıb. Əlqərəz, nə başınızı ağrıdım, arvad qızını da çağırdı, pəncərədən oğlannan Şükufə xanıma tamaşa elədilər. Padşahın qızı dedi:

– Ana, bu qız lap keçələ oxşayır, görürsən? Amma keçəl hara, bu qız hara.

Axırda padşahın oğlu çıxıb anasını çağırıb dedi:

– Ana, bu qız həmin keçəl oğlandı. Bu keçəl paltarında gəlib bizə çoban oldu. Bu gün hovuzda çiməndə gördüm, buna aşiq oldum. Odu ki, səhərdən boğazımdan heç bir şey getmirdi. İndi mən bu qızı alıram. Get dədəmə də xəbər ver.

Bəli, anası gedib padşaha xəbər verdi. Padşah dedi:

– Ay arvad, bəs camaat deməz ki, bu qız hardan gəldi bura, kimdi? Çox danışıqdan sonra padşah oğlunu çağırıb nəsihət elədi: çox dedi, az eşitdi. Axırda oğlan dedi:

– Dədə, mən bu qıza aşiq olmuşam. Əgər onu mənə almasan, özümü öldürəcəyəm.

Padşah gördü ki, xeyir a, belə getsə oğlu özünü tələf eləyəcək; odu ki, padşah qırx gün, qırx gecə toy elədi. Şükufə xanımı oğluna aldı. Şükufə xanımın günü çox yaxşı keçirdi. Ay keçdi, gün keçdi, Şükufə xanımın boynuna uşaq düşdü. Bəli, doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə keçdi. Şükufə xanım yükünü yerə qoydu, gözəl bir oğlan doğdu. Oğlanın adını Məlikəhməd qoydular. Ay keçdi, gün keçdi, Məlikəhməd yavaş-yavaş böyüdü. Padşah nəvəsi Məlikəhmədi çox istəyirdi. Hər gün səhərlər barigaha çıxmamışdan qabaq Məlikəhmədi görüşünə gətirirdilər. Məlikəhmədi görməmişdən çay içib, çörək yeməzdi. Beləliklə, Məlikəhməd dörd yaşına çatdı. Bunlar burda yaşamaqda olsunlar, sizə kimdən deyim, Şükufə xanımın dədəsindən.

Elə ki, çoban Şükufə xanımın dədəsini çomaqla döydü qovladı, bu kişi uzaqlaşannan sonra öz-özünə fikirləşdi ki, mən neyləyim qızın məhəbbəti qəlbimi çatladır, hər nə təhər olsa, gərək qızımı alam. Axırda belə fikirləşdi ki, dərviş libasında şəhərbəşəhər gəzib qızını tapsın. Bəli, bu kişi dərviş libasını geyib, şəhərbəşəhər gəzib dərvişlik eləyirdi. Axırda gəlib Şükufə xanım olan şəhərə çıxdı. Şəhərdə qəsidə deyib gəzirdi. Bir neçə gün qəsidə deyə-deyə gəlib padşahın qəsrinə çıxdı. Qəsrin qabağında durub gözəl bir qəsidə dedi: padşahın bu qəsidədən xoşu gəlib, dərvişi içəri çağırtdırdı. Dərviş padşahın hüzurunda da gözəl səsnən bir qəsidə oxudu. Padşah dərvişə çoxlu xələt verdi. Dərviş işi belə görüb, padşahdan xahiş elədi ki, qibleyi-aləm sağ olsun, izn ver bu gecə sizin qəsrdə yatım, çünki şəhərdə yerim yoxdu. Padşah dərvişin qəsrdə qalmağına icazə verdi; dərviş gecə qulluqçularnan qəsrdə qaldı. İşin natarazlığından Şükufə xanımın əri yoldaşlarıynan bu gecə qonaqlığa getmişdi, amma yadından çıxmışdı Şükufəyə xəbər verməmişdi ki, mən bu gecə gəlməyəcəyəm. Elə ki, gecədən bir az keçdi, dərviş özünü saray qulluqçularının yanına verib soruşdu:

– Bu boyda, bu nişanda burda qız var, ya yox?

Qulluqçular dedilər ki, var.

Dərviş soruşdu:

– O qız hardan, nə təhər gəlib?

Qulluqçular dedi:

– Vallah, nə təhər gəldiyini, hardan gəldiyini bilmirik, ancaq elə bir gün gördük ki, toy oldu, qızı padşahın oğluna aldılar.

Bəli, elə ki gecənin yarısı oldu, xoruzlar bir ağız banladı, dərviş yavaş-yavaş qızın otağına gəldi. İçəri girib gördü ki, qızı öz taxtının üstündə yatıb. Dərviş cibindən bıçağı çıxardıb yavaş-yavaş Məlikəhmədin üstünə gəldi. Uşağın başını kəsdi, qanlı bıçağı Şükufə xanımın cibinə qoydu. Kişi yavaşca evdən çıxıb gəldi qulluqçuların yanına, özünü yuxuluğa vurub xoruldadı. Elə ki səhər oldu dərviş çıxıb getdi. Padşah yuxudan durub əl-üzünü yudu, Məlikəhmədi gözlədi. Ha gözlədi, gördü ki, Məlikəhməd gəlmədi. Axırda Məlikəhmədin dalınca adam göndərdi. Bu adam Məlikəhmədin dalınca getməkdə olsun, sənə kimdən deyim, Şükufə xanımdan. Elə ki, səhər oldu, Şükufə xanım gördü ki, hələ əri gəlməyib, durdu, geyinib oğlunun yanına gəldi, gördü ki, Məlikəhmədin başı kəsilibdi. Şükufə xanım qupquru qurudu, heç bilmədi neyləsin. Yazıq bilmirdi ki, cibində qanlı bıçaq var. Qızın bədəni yarpaq kimi əsirdi. Bu vaxt padşahın göndərdiyi adam gəlib dedi:

– Padşah deyir Məlikəhmədi göndərsin.

Yazıq Şükufə xanım heç bilmədi nə desin. Əlacı kəsilib dedi:

– Get padşaha de ki, Məlikəhməd hələ yatıbdı.

Bəli, padşah çox gözləyəndən sonra axırda özü gəldi. Padşah Məlikəhmədin taxtının yanına gəldi ki, nəvəsini görsün, gördü nəvəsinin başı kəsilib. Hirsləndi, az qaldı ağlı başından çıxsın. Şükufə xanım hönkür-hönkür ağlayırdı. Göz yaşı sel kimi yanağından axıb yerə tökülürdü. Padşah dedi:

– Gecə sarayda kim varıdı?

Qulluqçular dedilər:

– Qibleyi-aləm sağ olsun, gecə sarayda dərvişdən başqa heç kim yoxudu.

Bəli, padşah əmr elədi şəhərə adam salıb, o saat dərvişi tapıb gətirdilər. Padşah qəzəblənib dedi:

– Ey məlun, dərviş bu gecə dünyada mənim ən çox istədiyim nəvəmin başını kəsiblər, de görüm bu işdən nə bilirsən? Yoxsa bu saat başını bədənindən ayıraram.

Dərviş ədəbnən baş əyib dedi:

– Padşah sağ olsun, izin ver mən sizin nəvənizi öldürəni tapım.

Padşah izn verdi, dərviş yalandan bir o tərəfə gedib, bir bu tərəfə gedib əllərini yuxarı qaldırıb, elə bil ki, Allahnan söhbət eləyirdi. Yazıq Şükufə xanım atasını dərviş paltarında tanımırdı. Dərviş dedi:

– Qibleyi-aləm sağ olsun, qeybdən səs gəlir ki, kimin cibindən qanlı bıçaq çıxsa, uşağı o öldürüb.

Bəli, cibləri axtardılar. Şükufə xanımın cibindən qanlı bıçaq çıxdı. Yazıq Şükufə xanım ölü kimi sap-sarı saraldı, boğazı qurudu, dili danışmağa söz tutmadı.

Bəli, padşah dərvişi razı eləyib yola saldı, sonra Şükufə xanıma yanaşıb dedi:

– Ey məlun, sən mənim istəkli nəvəmin başını niyə kəsmisən?

Yazıq Şükufə əsirdi, söz deməyə dili tutmurdu, boğazı qurumuşdu. Padşah Məlikəhmədin meyidini də Şükufə xanımın qucağına verib əmr elədi:

– Aparın, bu məlunu qırx arşın dərənin dibinə atın.

Sonra üzünü Şükufə xanıma tutub dedi:

– Get, məlun, sənin cəzan elə budu.

Bəli, aparıb Şükufə xanımı qırx arşın dərənin dibinə atdılar. Şükufə xanımın o gül kimi bədəni yaralandı, dərənin dibində bihuş qaldı. Başı kəsik balası da yanındaydı. Yazıq sızıldayırdı. Bunlar burda sızıl- damaqda olsunlar. Sənə kimnən deyim, bir cüt göyərçindən. Elə ki, Şükufə xanım yaralı, bihuş dərədə sızıldayırdı, bu vaxt bir cüt göyərçin uçub gəlib dərənin içində bir daşın üstünə qondular. Göyərçinlər dilə gəlib danışdılar. Biri dedi:

– Bacı, bilirsən bu kimdi?

O biri dedi:

– Yox, bilmirəm.

Göyərçin yenə dedi:

– Bu, Şükufə xanımdı, o da bunun oğludu. Gecə Şükufənin dədəsi dərviş paltarında gəlib bu uşağın başını kəsib, sonra da qanlı bıçağı yazığın cibinə qoyubdu. Axırda bıçaq bunun cibindən çıxanda deyiblər, elə bu öldürüb. İndi görürsən bu yazığın başına nə işlər gətiriblər? O biri göyərçin dedi:

– Bacı, indi yazığa çarə yoxdu?

Bacısı dedi:

– Niyə yoxdu, əgər indi biz həzrət Süleyman eşqinə deyib, uçanda bir qanad salsaq, Şükufə xanım götürüb yaralarına çəksə, ikisi də yaxşı olar. Ey Şükufə xanım, bil və agah ol, qanadı yaralarına çəkəndən sonra, qoy cibinə. O qanad, Süleyman peyğəmbərin üzüyünün nəqşəsinə çəkilmişdir. Qanad səndə olandan sonra sən bütün heyvanların və quşların padşahı olacaqsan.

Göyərçinlər uçub gedəndə, həzrət Süleyman eşqinə deyib, bir qanad saldılar. Şükufə xanım qanadı canına çəkdi, sapbasağ oldu, oğlunun boğazına çəkdi, uşaq asqırıb ayağa durdu.

Şükufə xanım oğlu Məlikəhmədin əlindən tutub dərəynən yuxarı çıxırdı. Bir də gördü budu, bir sürü hər cür çöl heyvanı, nə bilim, şir, pələng, ayı, tülkü, qurd, nə bilim şir, pələng, ayı, tülkü, qurd, nə başınızı ağrıdım, hər cür heyvan gəlir. Göy üzü bulud kimi quşlarnan doldu. Qara quşdan tutmuş bayquşa, bülbülə kimi varıdı. Bunların hamısı gəlib, ana-balanın dörd tərəfinə yığıldılar. Hamısı baş əyib dedilər:

– Xanım, bizə görə qulluq?

Şükufə xanım dedi:

– Bu saat padşahın evindən beş-altı ağac aralı bir bina tikin.

O saat heyvanlar daş daşıdılar. Tülkünün ustalığınan bir möhkəm ev tikdilər. Sonra ayılar meşədən cürbəcür ağaclar gətirib evin qabağında əkdilər, evin qabağı böyük meşə kimi idi, hər cür əlvan meyvələr varıdı. Bülbüllər bu ağaclarda yuva tikmişdilər, cəh-cəh vurub oxuyurdular. Bura lap cənnətə oxşayırdı. Şükufə xanım burda Məlikəhmədnən şad yaşayırdı. Məlikəhməd həmişə ayıları, şirləri minib o tərəf bu tərəfə çapırdı. Səhərdən axşama kimi heyvanlarla oynayırdı. Burda bunlar yaşamaqda olsunlar, sənə kimdən deyim, bizim padşahdan. Bu padşahın oğlunun Məlikəhmədin dədəsinin bir atı varıdı. Bu atı oğlunnan başqa heç kim minə bilmirdi. Bir gün nə təhər oldusa, bu at qaçıb Şükufə xanımgilə tərəf gəldi. Məlikəhməd atı görəndə sevindi, çünki belə heyvan burda yoxudu. Məlikəhməd atın yanına gəldi ki, minsin. At istədi şıllağa qalxsın. Məlikəhməd iki barmağını yumdu, ata necə şillə vurdusa, at düz durdu. Gözünə döndüyüm Məlikəhməd bayaq ata mindi, o başa, bu başa çapmağa başladı. Padşaha xəbər gəldi ki, at qaçıb. Beş-altı ağac aralı bir yerdə, bir uşaq minib çapır. Padşah hirsləndi. Tez qəsrin şüşəbəndindən baxdı, gördü ki, doğrudan da uşaq atı minib o başa, bu başa çapır. At lap qan-tər içində idi. Padşah qəzəbləndi tez yüz atlı göndərdi ki, uşağı öldürsünlər. Bəli, atlılar Şükufə xanımın evinə tərəf hücum etdilər. Şükufə xanım gördü ki, qoşun gəlir, tez heyvanlara əmr elədi, şir, pələng hamısı qoşunun üstünə töküldülər, qoşunları da, atları da tər-təmiz yedilər. Padşah bunu görəndə qəzəbi tay da çoxaldı, o saat səkkiz yüz atlı göndərib dedi:

– Bu saat oranı tarmar eləyin!

Bəli, heyvanlar aşağıdan, quşlar yuxarıdan səkkiz yüz atlını elə tələf elədilər ki, dərman üçün nişanları da qalmadı. Padşah gördü xeyir a, işlər yaşdı, tay qoşun göndərmədi. Padşah sifariş göndərdi ki, sizə qonaq gəlirəm. Şükufə xanım dedi ki, gəlsin. Bəli, padşah qonaq gəldi, elə ki, yaxınlaşdı, gördü ki, hər yer şir, pələng, ayı, tülkü, ta nə deyim, heyvanlarla doludu.

Padşah bunları görən kimi qorxudan dizləri tir-tir əsdi. Şükufə xanım heyvanlara işarə elədi ki, padşaha dəyməsinlər. Heyvanlar hamısı sakitcə oturdular. Elə bir işarəyə bənd idilər. Şükufə xanım göz eləsəydi, padşahı göydə udardılar.

Padşah ağaclara, meyvələrə baxıb ağzının suyunu axıtdı. Şükufə xanım padşahı içəri aparıb, söhbət elədilər. Şükufə xanım dedi:

– Əgər mənim üstümə qoşun göndərsən, hamısını qırdıracağam, göndərməsən mənim sənnən işim yoxdu.

Padşah dedi:

– Bunnan sonra dava eləmərəm.

Padşah gördü ki, Şükufə xanım lap öz gəlininə oxşayır, ancaq nə deyə bilər, çünki onların ölməsini özü bilirdi. Elə ki, padşah durdu getsin, Şükufə xanım meymunlara göz basdı, padşahın cibinə üç dənə armud qoydular. Şükufə xanım padşaha dedi:

– Heç utanmırsan, armud oğurlayırsan. Mənə deyəydin, nə qədər istəyirdin verəydim.

Padşah and içdi ki, armud oğurlamamışam. Şükufə xanım armudları padşahın cibindən çıxarıb dedi:

– Bəs bu nədi, utanmazın biri utanmaz.

Padşah qorxdu ki, indi bu saat qız heyvanlara göz eləyəcək, bunun dədəsini yandıracaqlar. Qıpqırmızı qızardı, and-aman elədi ki, mənim xəbərim yoxdu. Şükufə xanım dedi:

– Mən meymunları öyrətdim, sənin cibinə armud qoydular. İndi armudları sənin cibindən çıxartdım. Mən sənə oğru deyə billəm, ya yox?

Padşah dedi:

– Xeyr, mən ki armud oğurlamamışam. Mənim xəbərim yoxdu, mənə nə təhər oğru deyə bilərsən.

Şükufə xanım dedi:

– Yaxşı, bəs gəlininin cibindən qanlı bıçaq çıxanda, niyə gəlinə dedin nəvəmi sən öldürmüsən? Heç ana da balasını öldürər?

Padşah barmağını dişlədi, bildi ki, bu, gəlinidi. Məlikəhmədi qucağına alıb o üzündən, bu üzündən doyunca öpdü, sonra Şükufə xanımdan üzr istəyib dedi:

– Qanmamışam, qələt eləmişəm, məni bağışla.

Şükufə xanım dedi:

– O dərviş ki varıdı, mənim dədəmdi, məni almaq istəyirdi. Mən onun əlindən qaçıb sənə çoban olmuşdum. Axırda da ki, dədəm dərviş paltarında gəlib uşağın başını kəsdi, bıçağı mənim cibimə qoydu, bu əhvalatı göyərçin mənə dedi.

Padşah işin nə yerdə olduğunu bildi. Tutduğu işdən xəcalət çəkdi. Şükufə xanım dedi:

– İndi bu saat dərvişi tapmaq lazımdı.

Padşah hər şəhərə adam saldı. Bir həftə keçdi, hələ də dərvişdən xəbər yoxudu. Şükufə xanım padşaha dedi:

– İndi sən dayan, mən taparam.

Əmr elədi heyvanlara ki, bu boyda, bu nişanda dərviş var, bu saat onu tapıb gətirməlisiniz. Heyvanlar yernən, quşlar göynən o saat dərvişi tapıb gətirdilər Şükufə xanımın hüzuruna. Şükufə xanım əmr elədi atasını qiymə-qiymə doğrayıb, heyvanların qabağına atdılar. Padşah Şükufə xanımın alnından öpüb, afərin dedi:

– Mən sənnən şərt bağlamamışdımmı ki, saraya təzə adam gəlsə, mənə xəbər ver. Gecə evə gəlməyəndə mənə xəbər ver. Əgər sən bunları mənə xəbər versəydin, belə olmazdı.

Əri uşaq kimi ağladı, diz çöküb dedi:

– Qanmamışam, bir qələtdi eləmişəm, bir də sənin sözündən ölənə kimi çıxmaram.

Bəli, nə başınızı ağrıdım, təzədən bunlara toy elədilər. Şükufə xanım dədəsini döyüb qovlayan çobanı çağırıb, ona çox mal-dövlət verdi, özünü də azad elədi. Sonra bütün heyvanların hamısını azad elədi. Heyvanlar anqırışa-anqırışa, quşlar da civildəyə-civildəyə dağılıb getdilər.

Bunlar yedilər, içdilər, mətləblərinə çatdılar. Sən sağ, mən salamat. Sən yüz yaşa, mən iki əlli; hansı çoxdu sən götür.