Şəhid əsir
Görünüş
Şəhid şeir Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.116 |
Əsirim, umdum ki, Xızrım gəlecək,
Çıxdım ki, yollara edəm sorağın!
Dedim gəlsən, könlüm, gözüm güləcək,
Baxdım bükük boynun, solğun yanağın,
Əsir cənazənlə qarşıma çıxdın!
Bir quşa zülm etdin, bir yuva yıxdın!
Şəhid qardaş, bu gün sizin obalar,
Anar qərib səni, düşünüb ağlar.
Qardaş yada salmaq böyləmi olar?!
Qapanmaz gözlərin, bir sözünmü var?
Qəbrin “gül” açınca ağlaram sana!
“Qara gün” keçincə ağlaram sana!
Dağlar gülümsərkən, dumanlar aldı!
Bükülməz qolların nədən boşaldı?!
Gəldin, yoxsul ninən kimlərə qaldı?
Ölmə! Qardaş, ölmə! Düşmən çoxaldı!
Ölsən də söz yox ki, qanın coşacaq!
Düşman boğmaq üçün dağlar aşacaq!