Şəhidlərə
Görünüş
Şəhidlərə (1919) Müəllif: Əhməd Cavad |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Azərbaycandakı osmanlı şəhidlərinə
Qalx, qalx! Sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə,
Hər gələn yolçuya yol soran əsgər!
Sənin qovduqların yabançı xanlar,
Qurtardı ölkəmi tökdüyün qanlar!
Bax nasıl öpməkdə tozlar, dumanlar,
Qərib məzarını mənlə bərabər!
Sənin qanındanmı düzlərdə böylə
Qüdrət bitirmişdir sayılmaz lalə?!
Dost elindən qopdu bir yanıq nalə,
Yoxsa o nalənin ruhumu söylər?!
Keçərkən göylərdən bir qatar durna,
Ağlar buraxdığın gözləri sorma!
Bax doğru çıxmaqda gördüyün röya,
Bəslədiyin əməl bu gün gülümsər.
Çarıqlı qardaşın sadədil köylü,
Gəldi məzarına bir örük ördü.
Toplanıb baş-başa hər üçü-dördü
Hər gün köylü qızlar dərdini dinlər!
10 mayıs 1919, Gəncə