Şəki xanlarının müxtəsər tarixi
Şəki xanlarının müxtəsər tarixi (1829) Müəllif: Kərim ağa Fateh |
Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum deyildir, adına Qara keşiş deyərlərmiş. Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşişin qızını oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm. Sonra Qara keşiş deyər ki, Kiş çayından bir arx mən də evimin yanına gətirərəm. Kişdəki keşiş deyər ki, suyu gətir, sonra qızımı oğluna verim. Qara keşiş bu sudan bir arx gətirər. Sonra (Kişdəki keşiş) qızını bunun oğluna verər. Və Qara keşişin oğlunun adı Candardır. Candar bir neçə vaxtdan sonra müsəlman olub, adına Əlican deyibdirlər və Əlicanın oğlu Qutul xandır. Qutul xanı İran padşahının biri Şəkidə xan edibdir. Qutul xanın oğlunun adı Şəki xandır. Və Şəki xanın oğlunun adı Həsən Sultandır.
Amma Həsən Sultanın qəziyyəsini “Aləm-ara” adlı bir tarix kitabı var, o kitabda belə yazıbdır ki, Həsən Sultan (ali) - Səfəviyyə şahı Şah İsmayıla qulluq edərdi. Gürcü valisinin gücü və qüdrəti çox idi. Amma şaha qulluq eləmək səbəbi ilə Həsən Sultana gücü çatmazdı. Şah İsmayıl ölən ildə Gürcüstan valisi Levond xan qoşun götürüb gəlib və Həsən Sultan da qoşun ilə onun qabağına gedib, dava elədilər. Davada Həsən Sultan öldü. Sonra Şəki vilayətinin böyükləri Həsən Sultanın oğlu Dərviş Məhəmməd xanı özlərinə hakim elədilər. Və Şah İsmayıl öləndən sonra oğlu Şah Təhmasib İranda şah oldu.
Dərviş Məhəmməd xan atası kimi şaha qulluq eləmədi. Şirvan vilayətinə şahın qoşunu gəlib dava edəndə, Dərviş Məhəmməd xan da qoşun götürüb gedib Şirvanda Qızılbaş qoşununa şəbxun edibdirmiş. Bu qəziyyəni də Şah Təhmasibə Şirvandakı qoşun böyükləri məlum elədi. Şah Təhmasib, tarixi-islamiyyə doqquz yüz əlli səkkizdə olanda, qoşun ilə gedib, Ərəş mahalına düşdü. Şah Ərəşə gələndə bu ətrafda olan hakimlər ehtiyat elədilər. Levond xan valiyi-Gürcüstan Ərəşdə şahın qulluğuna gəlib,itaət elədi və şah ona xələt verdi və nəvaziş elədi. Şah, Dərviş Məhəmməd xana fərman göndərdi ki, gəl sən də qulluq elə; özünü xarab eləmə, padşahın sənə şəfəqqəti çox olar. Dərviş Məhəmməd xan və Şəkinin böyükləri yerlərinin möhkəmliyinə məğrur olub, qəbul eləmədilər. Şəki vilayətinin sərkərdələri, bəzisi Kiş qalasını bərkidib onda durdular və Dərviş Məhəmməd xan özü bir para böyüklərlə Gələsən-görəsən qalasına getdilər.
Gələsən-görəsən qalası çox hündür və bərk olmasına görə onu heç kimsə ala bilməmişdi. Və bir para adamlarda Əbruz (Elbrus) dağı ki, Qafqazdır, onun ətəklərində sığnaq elədilər. Şah Təhmasib bu işdən çox acıqlanıb, qızılbaş xanlarının bir parasın Kiş qalasına almağa müqərrər buyurdu. Və bir para xanları Levond xan bilə Gələsən-görəsən qalasının üstünə göndərdi; və bir para xanları Əbruz ətəyində olan sığnaq üstünə göndərdi.
Kiş qalasına gedən xanlar qalaya top və tüfəng urdular. Qala əhli gördülər (ki) qala xarab olur. Qalanın yaharın (açarın) özlərilə götürüb, padşahın hüzuruna gəldilər. Padşahın bunlara şəfəqqəti oldu və xələt verdi. Sonra padşah buyurdu Kiş qalasın söküb, xarab elədilər. Və padşah özü də qoşun ilə sığnaq tərəfinə hərəkət elədi.
Sığnaq əhli padşahın gəlməyin və Kiş qalasının xarab olmağın görüb, dəstə-dəstə, fovc-fovc padşahın hüzuruna gəlib, icz izhar elədilər.
Dərviş Məhəmməd xan, bu adamların getməyin və özləri yalquz qalmağın görüb, peşiman olub bir gecə 400 adam götürüb, Gələsən-görəsəndən çıxdı ki, qaça gedə. Bir para xanlar ki, Levond ilə o həvalidə durmuşdular Dərviş Məhəmməd xanın getməyin bilib, qoşun əhli yolların tutubdurlar. Bir az yol getməmiş bunlara çatıb, dava elədilər. Dərviş Məhəmməd xanın çox adamları ölüb, Dərviş Məhəmməd xan özü şamlu Çərəndab Soltanın nökəri Kosa Pirqulu adlı ilə bərabər gəlib, dava elədilər. Kosa Pirqulu buna artıq gəlib başın kəsib, padşahın hüzuruna gətirdi. Padşah buna çox pul və xələt verdi və Şəki vilayətini zəbt elədi. Bu yerəcən “Aləm-ara” kitabinda yazıbdır.
Dərviş Məhəmməd xanın oğlu Baqi bəy uşaq qalıbdır. Dərviş Məhəmməd xan öləndən sonra Şəki vilayətindən bir Hüseyncan adlı bir rəşid kimsə şaha qulluq edərmiş. Şah Təhmasib onu Şəki mahalında, fərman verib, məlik edib. Məlik Hüseyncan deyibdirlər və dəxi (daha) Şəki vilayətində xan qayırmayıb. Və Məlik Hüseyncanın oğlu – Məlik Ziyaüddin Əhməd yüzbaşı, onun oğlu – Məlik Qasım yüzbaşı, onun oğlu – Məlik Əhməd xandır. Bir neçə arxa Şəki mahalında bular məliklik edibdirlər. Bulara Əskiməliklü deyərlər.
Məlik Əhməd xan öləndən sonra uşaqları qalıb, Səfəviyyə padşahının biri adam göndəribdir ki, Şəki mahalının neçə əşya (sənəlik) şahın dəxlin onun övladından alın. Mühəssil gəlib, bunların özlərin və övrətlərin döyüb, tamam mallarin alıb və məliklik adın kəsib, bir özgə nəsildən bir məlik Şəki mahalına fərman verib, məlik edibdir. Onun adı Məlik Hüseyn Saqidir. Bular da iki-üç arxa məliklik edibdir. Biri Məlik Əlmərdən və biri də Məlik Nəcəfdir ki, bular da o nəsildəndir. Axırki Məlik Nəcəfdir, padşah (Nadir şah?) əyyamı malikdir. Və Baqi bəy ki Dərviş Məhəmməd xanın oğlu idi, onda bəylik olmayıb, onun oğlu Əlican, onun oğlu Əsgər və Əsgərin oğlu Alahverdi, onun oğlu Əlican və Əlicanın iki oğlu olub: biri Qurban və biri Əhməd. Qurbanın oğlu Hacı Çələbi və Əhmədin oğlu Hacı Şeyxəli. Hacı Çələbinin Məlik Nəcəf məlik olanda, Şəkidə el arasında abru-dövləti varmış. Hacı Şeyx Qulunun (Şeyx Əlinin) da dövləti varmış. Amma Hacı Çələbinin sikkəsi və rəşadəti ondan artıq imiş.
Məlik Nəcəf padşahdan, özündən qulluq olanda sünni əhlinə çox həvalə edərmiş və sünni əhlini çox incidərmiş. Sünni əhli bunun işindən təngə gəlib Nadir şaha ərz eylədilər ki, məlik qızılbaş olmaq səbəbi ilə bizi çox incidir. Qulluq dərgar olanda qızılbaş əhlindən bizə çox artıq qoyur, bizləri xarab eləyibdir. Padşahın rəiyyəti varıq. Allah xatirinə bizə bir çarə elə. Padşah onlara buyurubdur ki, siz sünni əhlindən bir yaxşı adam qəbul eləyin, qayırın sünni əhlindən vəkil, mənim yanıma gəlsin. Ona fərman verib, mən də vəkil elərəm ki, məlik onsuz bir iş duta bilməsin. Sünni əhli şahın əmrinə görə, məşvərət edərlər ki, Hacı Çələbinin ata-babalarında böyüklük var və özü də rəşid və iş bilən adamdır. Bunu vəkil eləyək.
O vaxt Hacı Çələbi də (hələ) həccə getməmişmiş, adına Çələbi deyərlərmiş. Xalq bunu vəkil edib, padşahın hüzuruna göndərərlər. Şah buna fərman verib, Şəki mahalına vəkil edər ki, Məlik Nəcəf bunsuz rəiyyətə qulluq həvalə eləməsin. Fərman alıb Şəkiyə gəlir, adına vəkil Çələbi deyibdirlər. Məlik Nəcəfi qoymazmış ki, sünni əhlin bihəq yerə incitsin. Məlik Nəcəf bundan ürəyi kinli, ədavətli olub, bəhanə axtarırdı ki, bunu şahın yanında sahibi-təqsir eləsin. Neçə vaxt bundan keçəndən sonra məlik şahın yanına gedər. Şah da İran-Xarabda imiş. Şaha ərz elər ki, Çələbi məni qoymur ki, şahın qulluğun rəiyyətə buyuram. Şahın qulluğunu tutmurlar. Nə özü qulaq asır, nə xalqı qoyur. Şah qəzəbnak olub, Çələbini istər, Çələbi şahın qulluğuna gedər. Şaha bunun gəlməyi məlum olur. Hüzura istər. Məlik də hüzurda varmış. Şah Çələbiyə acıqlanıb ki, mənim qulluğumu nə üçün qoymursan əmələ gələ. Bunu öldürün! Çələbinin boğazına kəndir salırlar. Bu halda, kəndir boğazında, ərz eləyər ki, başına dönüm, mənim təqsirim nədir, bihəq yerə məni öldürürsən? Şah buyurur ki, məlik deyir: Çələbi qoymur şahın qulluğu əmələ gələ. Ərz eylər ki, sənə fəda olum, məsələn şahdan bir qulluq gəlsə məlik dört-beş qulluq da onun üstünə qoyub rəiyyətə həvalə eylər. Mən deyirəm ki, şah məni vəkil edibdir. Razı olmanam ki, şahın rəiyyəti (ni) əbəs yerə xarab eləyəsən. Məlik bu səbəbdən xilaf yerə ərz eylər. Rəiyyət padşahın ixtiyarındadır.
Məlik bu sözdən çox qorxub, şah məlikə çox qəzəbnak olub, Çələbini mürəxxəs eləyib, irəlikindən artıq hökm verib. Çələbi şahın hüzurundan çıxıb, fərmanın alıb, Şəkiyə gəlir və (şah-red.) Məliki də çox söyüb, Şəkiyə göndərir. Şah gecə fikir eləyib, öz əmirlərinə buyurur ki, mənim hüzurumda bir kəsin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi varmış ki, boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi. Heç sözün yanılmadı. Əlbəttə bundan bir xəta əmələ gələcək. Mənim zənnim xəta olmaz.
Bir neçə vaxtdan sonra məlik, Hacı Çələbidən yenə pis sözlər şaha ərz elər. Şah mühəssil göndərir ki, Hacı Çələbidən yüz tümən cərimə alın. Mühəssil gəlib Hacı Çələbidən pulu istər. (Çələbi – red.) Vermənəm, cürmüm nədir ki, cərimə verim, vermənəm (deyər). Bir neçə gün keçər. Sonra mühəssil deyər ki, pulu ver, yoxsa güclə döyərəm allam. Hacı Şeyxəli ki, Hacı Çələbinin əmisidir, deyər: “Çələbi, şahın nökəri ilə yüzləşmə, pulu ver”. Hacı Çələbi verməz. Hacı Şeyxəli çox dövlətli imiş. Oğluna deyər ki, get evimdən pul gətir, cəriməni verək. Hacı Çələbi deyər: sən də vermə. Hacı Şeyxəli onun sözünə baxmaz. Gətirər pulu verər. Mühəssil cəriməni alır, gedir. Şaha burda keçən işləri ərz eylər ki, Hacı Çələbi pulu vermirdi, əmisi verdi. Onu da qoymurdu. Sözünə baxmadı verdi.
Bir neçə vaxtdan sonra Məlik Nəcəf, padşaha Hacı Çələbidən yenə təqsir ərz elər. Şah bu dəfə Hacı Çələbini istər ki, hüzura gəlsin. Adam gəlir Hacı Çələbiyə deyər. Hacı Çələbi bilir ki, bu dəfə yenə şah buna şübhə edəcək. Hacı Çələbi, hər nə ki, sünni əhlinin böyükləri və yüzbaşıları var, xəlvət yığıb, cəm eylər. Deyər ki, şah məni istəyibdir, amma bu dəfə getsəm bilirəm ki, gəlməyəcəyəm. Nə deyirsiz. Bular tamamən deyərlər ki, sən getsən biz Qızılbaşların qulluğuna tab və taqət gətirmənik. Səni getməyə qoymanıq. Deyər: bəs indi mən nə desəm elə elərsiz? Deyərlər: Elərik.
Sabahdan Hacı Çələbi sünni əhlinin böyüklərini və rəşidlərini götürüb gedib Məlik Nəcəfi bir para övladları ilə qırıb öldürürlər. Təmanən cəm olub, tarixi islamiyyə min yüz əlli altıda olanda Hacı Çələbini özlərinə hakim edib, Gələsən-görəsənə gedib, sığnaq elərlər.
Bu əhvəlatı padşaha ərz elərlər. Şah, qoşun göndərib, gəlib Daşbulaq kəndinin yanında Kotandüzü deyərlər, orada ordunu qoyub, bir para zübdə (seçmə) qoşun götürüb, Gələsən-görəsən tərəfinə gedər. Çox dava elərlər. Hər iki tərəfdən çox adam ölər. Hətta şahın qabağında pişxidmətin urarlar. Şahın üməraları ərz elərlər ki, sənə fəda olaq bir para ac, bimənfəət adamlardan ötrü qoşunu nə hacət qırdırırsan. Sonra şah qəbul edib, qayıdıb ordusunda bir para vaxt dəgləşib (əyləşib) sonra gedib, o bir ildə genə gəldi.
Xülaseyi-kəlam üç il Hacı Çələbi Şəki əhli ilə Gələsən-görəsəndə oturub, çox aclıq və tənglik çəkibdirlər. Sonra şah çıxıb gedib. Bunlar da Noxuya düşübdürlər. Şah gedib, Xorasanda şahı öldürübdürlər. İranda məxşuşluluq çox olubdur. Hacı Çələbi çox böyük olub, Təbriz vilayətinəcən buna qulluq edibdirlər.
Nadir şah öləndən sonra İranda bir Əmir Aslan sərdar olub. O da Şəki vilayətinə qoşun çəkib gəlib. Hacı Çələbinin böyük oğlu Həsən ağa bir para qoşun ilə gedib, dava edibdirlər. Həsən ağa o davada ölüb. Əmir Aslan sərdar Şəki vilayətini ala bilməyib, qayıdıb gedibdir.
Bir neçə vaxtdan sonra xoylu Əhməd xan və qaradağlı Kazım xan (və qara) bağlı Pənah xan və gəncəli Şahverdi xan həsəd elərlər ki, Hacı Çələbi nəçün bir belə böyük olmaq gərək. Bular dördü Gürcüstan valisinə adam və kağız göndərərlər ki, biz və sən də qoşun götürüb gedib Hacı Çələbiyə tənbih eləyək. Vali çox qoşun yığıb gəlir. O, dörd xanlara adam göndərər. Olar da gəlir. Vali onların dördünü də dutub, öz qoşunu ilə Hacı Çələbinin üstünə gəlir. Xanları da öz yanında dustaq gətirir. Hacı Çələbi bunu eşidib, bu da qoşun götürüb gedib Şəmkir tərəfində vali ilə dava eləyib, vali çox pis basılıb, çox adamı ölüb, qayıdıb gedibdir. Hacı Çələbi o dörd xanları da valinin əlindən alıb, mürəxxəs eləyib[1], öz ölkələrinə gedibdirlər.
Sonra bir kərə enə Gürcüstan qoşunu ilə vali gəlib Qanıq[2] kənarında Hacı Çələbi xan ilə dava edib, genə basılıb gedibdir.
Hacı Çələbi xan 12 il hakimlik edib, tarixi islamiyyə min yüz altmış səkkiz də olanda mərhum olub, ölübdür. Oğlu Ağakişi bəy də yerində hakim olub. Surxay xanın atası Məhəmməd xanın qızın alıb, beş il Şəkidə xanlıq edib. Sonra Ağakişi bəy qızını alan Məhəmməd xan, Qumux xanı qoşun ilə Ərəş mahalına gəlib, Ağakişi bəyə adam göndərər ki, qızımın əri gəlsin, görüşək. Ağakişi bəy də bir para adam götürüb gedər. Ərəş sultanı Məlik Əliməhəmməd xan ilə sözü bir olub. Məhəmməd xan tarixi islamiyyə min yüz yetmiş ikidə olanda Ağakişi bəyi öldürər. Qoşunun götürər. Noxuya gələr.
Hüseyn xan ki, Hacı Çələbinin böyük oğlu Həsən ağanın oğludur, o vaxt cahil oğlan imiş. Şəki bəylərinin bir parası onu götürüb Şirvan vilayətinə qaçıbdırlar. Məhəmməd xan Noxuya gəlib, Hacı Çələbinin çox pulun və xəzinəsinin yerini duyubdurlar. Yerdən çıxarıb, Noxuda zülmlər edib, qırx gün Noxuda qalıb. Qırx gündən sonra Şəki əhli dönüb, Hüseyn xanı Şirvandan gətirib, Məhəmməd xanı Şəkidən qovub, Hüseyn xanı Şəkidə xan edibdirlər. Ərəş sultanı Məlik Əli Hüseyn xana qulaq asmayıb. İki il Hüseyn (xan) xan olandan sonra İranda bir əfşar Fətəli xan varmış, sərdar imiş, Qarabağa gəlir. Məlik Əli Fətəli xan (ın) yanına gedər ki, Şəkidə onu xan eləyə. Hüseyn xan bunu eşidib, bu da peşkəş ilə sərdarın yanına gedər. Sərdar Fətəli xan bir para kəslərdən və böyüklərdən xəbər alır ki, Şəki vilayətinin əsl bəyzadəsi Məlik Əlidir, yoxsa Hüseyn xandır? Ərz elərlər ki, Hüseyn xandır. Onların övladı buların nökərləridir. Həmişə bunlara qulluq edibdirlər . Sonra sərdar Fətəli xan Məlik Əliyə naxoş olub[3] ki, ağanın yüzünə nəyçün durursan, deyib, tutub Hüseyn xana verib. Hüseyn xana xələt verib ki, mən də səni xan elədim. Hüseyn xan Məlik Əlini alıb, Şəkiyə gəlir və Məlik Əlini öldürür və Şəkidə hakim olur.
Hacı Çələbinin dörd oğlu var: Həsən ağa, Ağakişi bəy, Cəfər ağa və Hacı Əbdülqadir xan. Hüseyn xan (ın) xanlığından bir neçə il keçəndən sonra, bir para kəslər Cəfər ağaya təhrik verirlər ki, sən Hacı Çələbinin oğlusan Hüseyn xan nəvəsidir. Nəyçün sən xan olmursan, o xan ola. Cəfər ağa da bundan ötrü Hüseyn xandan ədavət elər ki, gün-gündən ədavət aralarında ziyad olur. Hüseyn xan nə qədər hərəkət edir ki, bunu islah eləyə çarə olmaz. Axırı iş çox bərki olur. Hüseyn xan çarə tapmaz. Cəfər ağanı ölürür. Və Hacı Əbdülqadir Cəfər ağanın qardaşıdır, bu işdən küdurət edib, bir neçə ildən sonra Şəki bəylərindən və Ərmiş (Ərəş) bəylərindən üstünə cəm edib,[4] qaçıb Ərəşdə, Kür kənarında Dardoqqaz adlı bir ada var, orada bir bərki səngər qayırıb, Qarabağlı İbrahim xan da, o da bulara kömək olub, orda durarlar. Hüseyn xan ilə onun arasında bir neçə davaları olub. Ağakişi bəyin oğlu Bala Hacı xan o davaların birində ölübdür. Hüseyn xan iyirmi il Şəki vilayətində xanlıq edib. Axırı bir neçə vaxtdan sonra Hacı Əbdülqadir bəy fürsət tapıb Şəki və Ərəş bəyləri ilə gedib, Hüseyn xanı Nuxa qalasında dutub, tarixi islamiyyə min yüz doxsan dörddə olanda Hüseyn xanı öldürüb, Şəki vilayətində xan olubdur. Hacı Əbdulqadir xan deyilibdir.
Bir neçə vaxtdan sonra Hüseyn xanın Əhməd ağa adlı bir oğlu varmış, onu da öldürür. Məhəmmədhəsən Hüseyn xan oğlu Qarabağda imiş. Ordan Cara gələr. Cardan qoşun götürüb gəlib Hacı Əbdülqadir xan ilə dava elər, basılır gedər. Hacı Əbdülqadir xan üç il yarım Şəkidə xanlıq edib.
Məhəmmədhəsən xan sonra bir də Cardan qoşun cəm edib, gəlib Hacı Əbdülqadir xan ilə dava edər. Bu dəfə Hacı Əbülqadir xan basılır.
Qacar, Şirvan vilayətində Mustafa xanın atası Ağası xanın yanına gedər. Ağası xan, onu tutub Məhəmmədhəsən xana verir. Tarixi islamiyyə min yüz doxsan səkkizdə olanda Məhəmmədhəsən xan onu öldürüb, Şəki vilayətində xan oldu və Məhəmmədhəsən xan Hacı Əbdülqadir xanın yeddi xırda oğlunu öldürübdür. Onun oğul övladı qalmadı. Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır. Ərəş sultanı Məlik Əlinin oğlanları o vaxtda Ərəşdə böyük və sikkəli və güclü bəylərmiş ki, Fətəli xanın anasının qardaşlarıdır; Məhəmmədhəsən xan , Fətəli xanın qohumları böyük və çox olmaq və özü də Hüseyn xanın istəgi (istəkli) oğlu olmaq səbəbindən ehtiyat elər ki, bəlkə xarab eləyə[5], tutub Fətəli xanın gözlərin çıxarıb, özü də evində dustaq elər.
Bir neçə ildən sonra Səlim xan (Hüseyn xanın kiçik oğludur), Məhəmmədhəsən xan buna rütbə varməz, birütbə saxlar. Bəlkə xarab eləmək qəsdində olur. Səlim xan, Məhəmmədhəsən xanın yamanlıq qəsdindən qorxub bir para Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi islamiyyə min yüz doxsan doqquzda olanda Şəkidən qaçıb, Car vilayətinə gedər. Haman o ildə İran şahı Ağa Məhəmməd şah qoşun ilə Qarabağ vilayətinin üstünə gəlib, orada əyləşdi. Məhəmmədhəsən xan, şaha qulluq eləmək və ixlas[6] göstərməkdən ötrü Hacı Seyid adlı bir böyük, külli ixtiyar nökəri vardı, bunu padşahın qulluğuna göndərdi. Ağa Hacı Seyid ürəyində Məhəmmədhəsən xandan çox incik imiş. Və (o) şaha ərz elər ki, hərgah istəsən ki, Şəki vilayəti sənə qulluq eləyə, gərəkdir Məhəmmədhəsən xanı öldürəsən, ya gözlərin çıxardasan. Şah öz xanlarından ki, (Dəvəli) Mustafa xan ola, sərdar elər. On iki min qoşun verib, göndərər ki, get Şirvan vilayətin zəbt elə. Məhəmmədhəsən xanı dutub, gözlərini çıxardıb, Təbriz vilayətinə götür (ötür) getsin. Dəvəli Mustafa xan qoşun ilə Kürdən keçib, Şirvan vilayətinə gəlir. Şirvan xanı Mustafa xan Fit dağı adlı bir bərk yer varmış, qaçıb orada sığnaq elər. Qızılbaş qoşunu Şirvanın çöllərindən ələ gələni çapar aparar.
Məhəmmədhəsən xan on iki il xanlıq eləyib. O ildə tarixi islamiyyə min iki yüz onda idi, Səlim xan Cardan və Avardan bir para qoşun cəm edib, gəlir. Göynük kəndinin yanında dava elədilər. Məhəmmədhəsən xan basılıb, gəlib Noxuya. Səlim xan Car və Avar qoşunu ilə daluncə Noxuya gəlib daxil olubdur. Dəvəli Mustafa xan qoşunu ilə Şirvandan Ağdaşa gəlib, bir neçə gün Ağdaşda qalıb, sonra Xaçmaz mahalında Tərkəş adlı kəndin ayağında düşüb əyləşdi. Məhəmmədhəsən xan, Ağa Məhəmməd şaha qulluq elədiyinə və adamı şahın yanında olmağına (arxayın) olub, Dəvəli Mustafa xandan ötrü gəlir və nə fikirdə olmağından xəbəri olmayıb, gəlib Noxudan çıxar gedər ki, gedib Dəvəli Mustafa xandan qoşun alıb, Səlim xanı Şəkidən çıxarıb (çıxara). Tərkəş ayağında Dəvəli Mustafa xanın qoşununa daxil olan kimi, Mustafa xan Məhəmmədhəsən xanı tutdurub, tamam nökərlərin soydurub, özünün gözlərini çıxarıb, bir neçə qızılbaş adına (adamına) verib, Təbriz vilayətinə göndərdi.
Səlim xan Şəkidə xan olub əyləşdi. Bir neçə vaxtdan sonra Məhəmmədhəsən xanın yeddi xırda oğlun öldürübdür. Səlim xan da şaha qulluq eləmiyib, Qızılbaş qoşunundan ehtiyat edib, şəhəri köçürüb, Gələsən-görəsənə aparıb, orda sığnaq elədi. Ağa Məhəmməd şah o il Qarabağı ala bilməyib, qoşunların götürüb, geri qayıdıb getdi. Və Dəvəli Mustafa xan (ı) da Şirvanda öldürübdür. O bir ildə şah genə gəlib, qoşunu da Məhəmmədhəsən xanı da Muğanda qoyub, özü qalan qoşunu götürüb, Qarabağ üstünə gəldi.
Şirvanlı Mustafa xanı və Gəncəli Cavad xanı şah istəyib yanına aparmışdı. O il, çox aclıq olub, Qarabağ tab gətirməyib, İbrahim xan övladları ilə Car vilayətinə qaçdı. Şah Qarabağı alıb, özü gedib Şiş (Şuşa) qalasında əyləşdi. Haman o ildə ki, tarixi islamiyyə min iki yüz on birdə idi. Şişə qalasında şahın öz pişxidməti ki, bəlkə şah məni öldürə, bir gecə şahı öldürür. Sabahdan qoşun əhli bu qəziyyəni bilib, tamam qoşun bir-birinə dəyib, çox-çox məxşuşluq olub, Qızılbaş qoşunu tamam əkildi getdi. Və Şirvanlı Mustafa xan oradan gəlib, Muğandan Məhəmmədhəsən xanı da götürüb, Şirvana gəldi. Bir neçə gün saxlayıb, sonra Məhəmmədhəsən xanı götürüb, Şəkiyə gəldi ki, bunu yenə xan eləyə. Səlim xan eşidib, çıxıb qaçdı. Məhəmmədhəsən xanı Mustafa xan gətirib, bir də xan eylədi. Mustafa xan və Məhəmmədhəsən xan ikisi dost olub dolandılar. Səkkiz il Məhəmmədhəsən xan genə xanlıq elədi. Sonra xan ilə araları yaman olub düşmən oldular. Mustafa xan Səlim xanı Qarabağdan gətirdi ki, gələ Məhəmmədhəsən xanı çıxarıb Səlim xanı xan eyləyə. Və Məhəmmədhəsən xan da qoşun götürüb, Qarabağa gedəndə, yolda işin yüzünə baxıb bildi ki, ölkədə bunu istəməyən kəslər çoxdur. Mustafa xan ilə dava eləyə bilməz. Naçar qoşunu dağıdıb, bir para adamla Mustafa xanın yanına gedər ki, bəlkə genə mənim ilə dost ola, xanlıq munda qalıb, qayıda genə Şəkiyə gələ. Gedən kimi Mustafa xan bunu dutdurub Şirvana göndərir. Və Səlim xanı da saxlar. Bu fikirdə olar ki, öz bəylərindən birini Şəkiyə naib göndərə. Şəki əhli böyük, kiçik yığılıb, mənim atam Fətəli xanın üstünə cəm olub, andlar içib, bərk ittifaq edib, tarixi islamiyyə min iki yüz on doqquzda olanda xan edərlər. İki-üç ay xanlıq elər. Və Mustafa xan görər ki, elədiyi əmələ gətirə bilməz və Fətəli xanın yanına adam göndərər və dostluq elər ki, oğlun da göndərsin və bir neçə vaxt yanımda qalsın. Mən də kiçik idim. Atam məni Şirvana göndərdi. Mən gedən vaxt Səlim xanı Mustafa xan Ağdaş mahalına göndərdi. Ağdaşda bir neçə gün qalandan sonra Şəki bəylərindən iki-üç adam Səlim xana dil verər. Səlim xan da xəbərsiz bir gecə, atlanıb gələr. Fətəli xan xəbərsiz, and içibdirlər, nə bilsin ki, bir neçə bəy xəyanət elərmiş. Səlim xana dil verən bəyin birinə qalanın qapısını tapşırır. Qapıda duran bəy Səlim xan gələn kimi, qapını açıb qalaya salır. Yuxarıda yazılan tarixdə Səlim xan genə Şəkidə xan olur. Bir il yarım xanlıq elər. Və (o) vaxt ki, Qarabağlı İbrahim xan dönüb, Rusiya qoşunu onun ilə dava eləyib, İbrahim xan öləndə Səlim xanın bacısı da orada ölür. Səlim xan bu işdən küdurət eləyib, yaxındakı Rusiya qoşunundan bir neçə adam öldürür. Səlim xanın bu xəyanətindən öz yanında olan sərdar valatəbar qəzəbnak olub. Nebolsin yanaral bir para Rusiya qoşunu ilə Səlim xanın üstünə göndərir. Səlim xan bir az dava eləyib, bacarmaz, çıxıb Qızılbaş tərəfinə qaçar. Nebolsin yanaral bu vilayətin ixtiyarın genə Fətəli xana verir. Amma xoylu Cəfərqulu xan Şəki vilayətin padşahi-aləm pənahdan istəyib, padşah da ona veribdirmiş. Sonra tarixi islamiyyə min iki yüz iyirmi birdə olanda Cəfərqulu xan padşahın əmri ilə Şəki vilayətində xan oldu. Mən də Cəfərqulu xan əyyamı Şəkiyə gəldim. Təhrirən fi 20 (zil) qə'dətü-l-həram 1244 (24-Y-1829).
Hacı Çələbinin nəsli bu tərz ilə
Hacı Çələbi xan
Həsən ağa | Ağakişi bəy
Hüseyn xan | Bala Hacı xan
Mahmud ağa
Məhəmmədhəsən xan, Fətəli xan, Səlim xan
Kərim xan
Abdulla ağa, | Hüseyn ağa,
Əbdülrəhim ağa, | Hacı xan,
Haşım ağa. | Səlim xan.
Şərhlər
[redaktə]Mənbə
[redaktə]- Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi, 2-ci, təkrar nəşri. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 8-15. ISBN: 89600-007-4
- Məmməd Adilov, “Şəki xanlarının əslü nəcabəti haqqında”, “Tarix” qəzeti (N 18), 1997