Məzmuna keç

Şənbə günü mən uğradım ol sərvi-rəvanə

Vikimənbə saytından
Şənbə günü mən uğradım ol sərvi-rəvanə
Müəllif: İmadəddin Nəsimi

Şənbə günü mən uğradım ol sərvi-rəvanə,
Şeyda qılıban saldı məni cümlə cəhanə.

Yekşənbə günü məcnun olub heyranı oldum,
Gördüm üzün, oxşatdım anı mahi-təbanə.

Düşənbə günü razi-dilimi dedim axır,
Ol gözləri nərgis, üzü gül, qaşı kəmanə.

Səşənbə günü səyyad olub seyrana çıxdım,
Mən seyd oluban qurban olum püstə dəhanə.

Çərşənbə günü yar gəzə gəldi çəmən içrə,
Bülbül dəxi gördü üzünü, düşdü fəğanə.

Pəncşənbə günü yarə dedim: pəndim eşitgil,
Faş etmə bu razi-dilimi yaxşı-yəmanə.

Adinə günü gördü camalını Nəsimi,
Əmdi ləbi-lə’li-şəkkərin ol qanə-qanə.