Şərbətin acı firqətin nuş edərəm şəkər kimi
Şərbətin acı firqətin nuş edərəm şəkər kimi Müəllif: İmadəddin Nəsimi |
Mənbə: https://www.anl.az/el/n/inesimi_e1.pdf |
Şərbətin acı firqətin nuş edərəm şəkər kimi,
Canımı dutmuşam qəmin qarşısına sipər kimi.
Yaxma məni fəraqilən, çünki mən, ey üzü qəmər,
Xalisü müxlis olmuşam eşqi-rüxündə zər kimi.
Qurmağa qoyma yayını, salma məni fəraqə kim,
Doğramış oxları anın yürəgimi zəhər kimi.
Ta bilələr ki, məğribin günəşi doğdu, ey qəmər,
Türfə niqabını götür, xalqa görün qəmər kimi.
Kim ki, mələk kimi sana qılmadı səcdə, ey sənəm,
Ta əbəd adı div imiş münkiri-bibəsər kimi.
Gərçi hidayət eylədi Musayı nara ol şəcər,
Aşiqə hadidir üzün, nuruna ol şəcər kimi.
Sidqü səfavü zövqilən həqqə ulaş və vasil ol,
Zənnü gümanə möhtəmil olma əgər-məgər kimi.
Səndən əzəldə, ey qəmər, aşiqə gəldi bir xəbər,
Bir dəxi səndən istərəm, ancılayın xəbər kimi.
Xalü xətin Nəsimiyi oda buraxdı, yandırır,
Gör necə xoş yanar, tütər, mişk ilə udi-tər kimi.