Məzmuna keç

Şərqşünasların konqresində

Vikimənbə saytından
Şərqşünasların konqresində (1892)
Müəllif: Əhməd bəy Ağaoğlu
"Kavkaz" qəzetinin 15-16 dekabr 1892-ci il sayında təkrar nəşr olunub. Əhməd bəy Ağayevin rus dilindən tərcümə edilmiş bu yazısı Əziz Mirəhmədovun şəxsi arxivindəndir.


Londonda sentyabrın 5-dən 12-nə kimi keçiriləcək şərqşünaslar konqresində iştirak etmək üçün dəvət olunduğuma görə mən sentyabrın 3-də şənbə günü axşam Parisdən yola düşüb sabahı gün səhər Londona çatdım. Bazar günü Londondan aldığım ilk təəssürat gözlədiklərimin tam tərsinə oldu: Viktoriya stansiyasından (Victoria Station) ta Erls Kota (Earls Court) qədər olan böyük bir sahədə bu yerlər barəsində tez-tez eşitmiş olduğum o həyatdan, enerjidən və gediş-gəlişdən heç yanda heç bir əsər-əlamət belə yox idi. Mənə çox qəribə görünən evləri olan qəribə küçələr o qədər tənha idi ki, gözümün qabağında faytonçu olmasaydı və hərdən orada-burada cavan xidmətçi qızları görməsəydim, bəlkə də elə zənn edərdim ki, harada isə tilsimli bir səltənətə düşmüşəm. Başlarında qar kimi ağappaq təmiz qalpaq və əyinlərində yenə eləcə təmiz önlük olan bu xidmətçi qızlardan bəziləri evlərin qapısı önündəki pilləkənləri silir, o biriləri əllərindəki əskilərlə artırmaların şüşələrini silməyə dırmanırdılar. Mən tələsik paltarımı dəyişib konqres iştirakçılarının boş olduqları bu gündən şəhərə tamaşa etmək üçün istifadə etmək məqsədilə bayıra çıxdım. Xoşbəxtlikdən yolum şəhərin ən qələbəlik küçəsi olan Pikadilli (Picadilly) küçəsinə düşdü və ilk təəssürat yavaş-yavaş yumşalmağa başladı. Budur, bu da Hayd-Park (Hyde Park). Özünü doğma Şuşada, Topxanada ya da köhnə dustaqxananın yanında Erməni bulvarında hiss edirsən; budur dəstə-dəstə erməni və tatar avaralar nəzərlərində canlanır; onlar Tuman xanın fantastik sərgüzəştlərindən dastanlar ya da Əlinin şərəfinə qəsidələr oxuyan bir aşığın və dərvişin dövrəsinə yığışıblar. Onlara yaxınlaşıram: Səliqə ilə geyinmiş sivil paltarlı bir natiq İncili oxuyur və camaata izah edir; ondan bir necə addım aralı başqa bir dəstə arasında cavan bir oğlan Maltus nəzəriyyəsi barəsində qoca bir kişi ilə mülahizə yürüdür; üçüncü bir dəstədə Uayt-Çapelli (White Chapel) yəhudisinə oxşayan arıq, hirsli bir kişi xırıltılı səsi ilə fəhlələrə cəmiyyətdə onların məruz qaldıqları bütün sosial ədalətsizlikləri hirsli-hirsli təfərrüatı ilə təsvir edir; bir az daha uzaqda isə qadınlardan, kişilərdən və uşaqlardan ibarət bir dəstə adam uca səslə İncil mahnılarını oxuyur. Tələsik bu ziddiyyətlər labirintindən çıxmaq istədim və parkdan çıxarkən yeni bir mənzərənin şahidi oldum. Böyük bir dəstə adam əllərində üstündə “Are you saved” (Siz azadmısı- nız?) və “The Society of abstinence” (İçməyənlər cəmiyyəti) yazılmış dalğalanan bayraqlarla parka tərəf gedirdi. Bunlar salvasionistlər, yəni Xilas Ordusunun döyüşçüləri və spirtli içkilərdən, habelə papiros çəkməkdən imtina edənlər cəmiyyətinin üzvləri idi. Onları müşayiət edən xırda uşaqlar omnibusların üst mərtəbəsinə dırmanır və sırtıqcasına onlardan öz Müqəddəs cəmiyyətlərindən (Socred Society) ötrü ianə tələb edirdilər. Mat qalmış tamaşaçıya bircə o qalır ki, Sardu ilə bərabər, onun məşhur dramalarından birində olduğu kimi, guel paus! – deyə hayqırsın. Ertəsi gün London Universiteti binasında həqiqi prezident Maks Müllerin nitqi ilə konqresin rəsmi açılışı oldu. Nitq dörd saatdan artıq sürdü və bir çoxları onun giriş hissəsini həddən artıq uzun, şərqşünaslara himayədarlıq edən İordan qrafı və İsveç kralı Oskara həsr edilmiş mədhləri isə həddindən artıq şişirdilmiş hesab edirlər. Hər halda, bu girişdən sonra Oksford universitetinin sanskrit dili üzrə tanınmış professoru şərqşünasların iki düşmən cəbhəyə bölünmələrinin səbəblərini izah etməyi lazım bildi. Məlumdur ki, bu il Avropada biri Lissabonda, o biri isə Londonda olmaq üzrə şərqşünasların iki konqresi keçirilir. Fransızlar London konqresində rəsmi iştirak etmirlər. Cənab Müllerin dediyinə görə, bunun səbəbi aşağıdakılardır: Stokholmda keçirilən bundan əvvəlki konqres zamanı ondan sonrakı konqresi keçirmək üçün heç bir dövlətdən və ya idarədən dəvətnamə alınmamışdı. Ona görə də konqres qərara almışdı ki, öz prezidentinə konqresin üzvlərindən ibarət xüsusi bir komitə təyin etmək və növbəti konqresin keçirilməsi üçün qəti olaraq yer seçməyi bu komitəyə həvalə etmək üçün səlahiyyət versin. Mən sonralar öyrəndim ki, həmin komitənin üzvlərinin çoxu almanlardan olubdur. Cənab de Rozny-nin başçılıq etdiyi fransız şərqşünasları bu işə, beynəlxalq konqreslərdə fransızları fəxri yerlərdən məhrum etmək məqsədi güdən almanları bir fırıldaqçı hesab edərək 1878-ci ildə qəbul olunmuş bir qərar əsasında öz etirazlarını bildirmişlər. Həmin qərar bütün konqresə şamil olan xüsusi məsələlərin həlli üçün hər hansı bir komitə təyin etmək barəsində konqresə haqq verilməsi əleyhinədir. Cənab Maks Müller bu qərarın məcburi olduğunu inkar edib demişdir ki, həmin qərar başqa şərqşünasların iştirakı olmadan ancaq fransızlar tərəfindən işlənib hazırlanmışdır. Hər halda, Stokholm konqresi bağlanandan sonra komitə, 1892-ci ildə Londonda iclas keçirmək barədə London Asiya cəmiyyətindən dəvətnamə almış və onu qəbul etmişdir. Fransızlar, əlbəttə, komitənin qərarına yenidən öz etirazlarını bildirmişlər və Londona getməkdən imtina etmişlər, lakin bunun əvəzində onlar, ingilislərlə düşmən- çilik edən portuqaliyalıların eyni ildə öz xüsusi konqreslərini keçirmək fikrinə düşdükləri Lissabonda rəsmi olaraq iştirak etmişlər. Sonra Maks Müller konqresin özünün məqsədinə nəzər salır. Onun dediyinə görə konqresin məqsədi Şərqlə Qərbi əvvəlcə elmi-zehni yolla, ancaq bundan sonra əməli-maddi yolla yaxınlaşdırmaqdan ibarətdir. Natiqin fikrincə, elə ki, hər iki tərəf, aralarındakı var-yox fərqin ənənələr və tarix baxımından xırdaca anlaşılmazlıqların məhsulu olduğuna əmniyyət hasil etdilər, – yaxınlaşma tamamilə mümkün olan şeydir. Yeri gəlmişkən qeyd etməliyəm ki, cənab Maks Müllerin idealı mənim “Kavkaz” qəzetindəki sonuncu məqaləmdə ifadə etdiyim ideala tamamən uyğun gəlir. Cənab Müller sözünə belə davam edir: “Günəş şərqdən doğur və aramsız hərəkətlə qərbə doğru gedir: bəşər irqinin şərqdən qərbə doğru hərəkətində hər hansı bir fasilə ola bilərmi və ola bilərdimi”. Orası doğrudur ki, bir yandan Aralıq dənizi ilə Qara və Xəzər dənizləri, bir yandan da Ural dağları dünyanın iki cəhəti arasındakı fiziki hədlərdir. Lakin həmin bu məntəqələr onların ikisinə də aid deyillərmi? Onları bir bütövlük kimi birləşdirərək onlardan riyazi mənada bölünməz bir vahid yaratmırlarmı? Bizim Darvin dövründə bəşər irqinin vəhdətinə, onun mənşəyinin eyniliyinə kim şübhə edə bilər. Homerin vaxtında yunanlar öz milli qürurları üzündən və sanki təsəlli tapmaq üçün iranlıları “barbar” adlandırırdılar, halbuki, məşhur şərqşünasın fikrinə görə, “iranlılar o zaman yunan dilinə çox oxşayan bir dildə (zənd dilində) danışır və yunanların dinindən xeyli təmiz və ülvi bir dinə etiqad edirdilər”. Yunanların varisləri olan romalılar bu zehniyyəti onlardan qəbul etmiş- dilər; romalıların varisləri olan avropalılar da öz növbələrində həmin etiqadı davam etdirirlər. Şərqşünasların məqsədi isə ondan ibarətdir ki, tarixə qədər olan dövrdə Şərq ilə Qərb arasında heç bir ədavət olmadığını, zəmanəmizdə iki qitəni bir-birindən ayıran ünsürlərin o dövrdə, əksinə, onları bir-birinə bağladığını göstərsin. Məsələn, dil haqqındakı ən yeni kəşflər göstərdi ki, qədim dövrün yunanlar və iranlılar kimi böyük xalqları nəinki tarixdən əvvəlki dövrlərdə hətta qədim tarix dövründə də bir-birlərini başa düşürdülər və öz aralarında çox yaxın əlaqədə idilər. Həmin sözləri bütün ari xalqları üçün də demək olar. Cənab Müller ari irqinə mənsubluq məfhumu altında kəlləsinin quruluşu, sifətinin rəngi və s. şərtlərlə fərqlənən bu və ya digər fiziki tipi deyil, sadəcə adamları müəyyən bir dildə danışan müəyyən bir ölkənin sakinini nəzərdə tutur. Bu ölkə isə, köhnə avtoritetlərin şəhadətinə və antropologiya sahəsində yeni tədqiqata görə, harada isə Asiya daxilində olmalı idi. Asiyada isə o, nə Sibirdə, nə Çində, nə Hindistanın cənubunda, nə də Kiçik Asiyada ola bilərdi; bircə İran yaylası qalır. Semitlərə gəlincə, onların beşiyinin Ermənistan yaxud Almaniya olması barədə fikir çoxdan rədd edilmişdir; professor Güdi (Guidi) və professor Şprengerin (Spranger) yeni tədiqaqtı sübut etmişdir ki, onların beşiyi təqribən Ərəbistanla Fəratın aşağı axını arasında yerləşmişdir. O biri yandan doktor Hammel (Hammel) və professor Şmidt (Schmidt) qəti müəyyən etmişlər ki, qədim dövrlərdə semitlər arilərlə yanaşı yaşamışlar və onların dili ilə ari dili arasında çox oxşarlıq olmuşdur. Bu nəzəriyyəni təsdiq edən başqa mülahizələr də vardır. Arilərin ümumi tipik dilindən törəmiş ilk dillər Hindistanda sanskrit dili və Midiyada zənd dili olmuşdur; onların hər ikisi öz qəti soy şəkillərini eramızdan 2000 il əvvəl almışlar. Yunan dili bilavasitə onlardan gəlir. Ümumi dildən ayrılmış bu ilk dialektlər proto-ari dialektləri adlanır. Proto-ari dilləri arasındakı, məsələn, sanskrit ilə yunan dili arasındakı ayrılmaya nisbətən çox cüzi şey olan ümumi latın dilinin fransız, italyan və s. dillərə parçalanması və onların təsnifatı üçün tam 1000 il vaxt lazım gəldiyi nəzərə alınarsa, cəsarətlə demək olar ki, tipik ari dili tam bir bütöv halında eramızdan 5000 il əvvəl mövcud olmuşdur. Lakin tam dolğunluğu ilə formalaşmış bu dilin əmələ gəlməsi üçün öz növbəsində bir çox min illər lazım olmuşdur; çünki həmin dövrdə (eramızdan 5000 il əvvəl) ümumi tipik ari dili artıq o qədər təkmilləşmişdi ki, onun tərkibində öz qrammatik üsulları ilə çox zəngin olan sadə ari dillərinin bütün əsas keyfiyyətlərini görmək olardı. Cənab Müller Bruqmanın (Brugmann), Kolittsin (Collitz) və Fikkin (Fick) əsərlərinə əsaslanaraq tipik ari dilinin əmələ gəlməsinin başlanğıcını eramızdan on min il əvvələ aid edir. Eyni fikri ümumi tipik semit dilinin əmələ gəlməsinin başlanğıcı haqqında da demək olar. Hər iki dilin bu qədər qədim olması və həmin dillərdə danışanların bir-biri ilə yaxınlıqda yaşamaları şəraitində heç bir ciddi şərqşünas onların bir mənşədən olmalarının və iki irqin bir vəhdət təşkil etmələrinin mümkün olduğunu inkara cəsarət etməz. Cənab Müller möhkəm inanır ki, gələcək tədqiqatlar bu fikirləri təsdiq edəcəklər. Bu ümumi dilin mənşəyi məsələsi özü isə natiqi əsla maraqlandırmır – bu növ məsələlərin həlli ilə ancaq avara adamlar məşğul ola bilərlər; çünki bunlar həlledilməzdir. Lakin bu heç də soy dillərin mənşəyi haqqındakı nəzəriyyənin özünü şübhə altına almır. Bu məsələ növlərin əmələ gəlməsi haqqında Darvin nəzəriyyəsi kimi bir şeydir. İndiki zamanda bu nəzəriyyənin mahiyyətini kim inkar edə bilər? Halbuki o, nəyə əsaslanır? Mənşəyi tamamilə naməlum olan xüsusi protoplazmanın qabaqcadan mövcud olmasını demək kifayətdir ki, biz adamların bir zamanlar bir-birinə yaxın bir dildə danışdığını və sonralar o dilin müxtəlif qollara ayrıldı- ğını bilirik. Bu qolların hər birinin səciyyəvi xüsusiyyətləri müəyyən qəbilənin yaşadığı ari yaxud samit aləminin həmin məntəqəsindəki iqlim və topoqrafik xüsusiyyətlərdən və digər şəraitdən asılı olmuşdur. Hətta ayrı-ayrı dialektlərdə danışan müxtəlif xalqlara ayrılmış olduğu çox sonrakı zamanlarda belə bəşəriyyət öz mənşəyinin vahidliyini unutmamışdır və onun ayrı-ayrı hissələri arasında həmişə çox sıx əlaqələr olmuşdur. Qədim dünyada hər cür yeni ixtiraların sürətlə yayılması buna sübutdur. Misal üçün əlifbanı götürək. Onun ixtira edilməsi qəfildən olmamış, əksinə, hər bir başqa böyük ixtira kimi, o da insanın tədrici tərəqqisinin nəticəsi olmuşdur.

Vikont de Rujenin tədqiqatlarına və qədim yazıçıların, məsə- lən, Platonun, Plutarxın, Qallinin bəzi göstərişlərinə əsaslanaraq, əlifbanın ixtirasını finikiyalılara isnad edən çoxdankı əfsanədən imtina etmək və bu çox böyük ixtiranın ilk şərəfini misirlilərə aid etmək lazımdır. Əlifba Misirdən tezliklə Finikiyaya, Yunanıstana, Hindistana yayılmışdır… Ayrı-ayrı xalqlar tərəfindən onda dəyişikliklər edilməsi onların dillərinin fonetik xüsusiyyətlərindən, habelə surət çıxaran katiblərin buraxdığı səhvlərdən asılıdır. Mixi xəttinin yayılmasında da biz həmin surəti görürük. Bu xəttin ixtira olunmasını şumerlər yaxud akkadlar adı ilə tanınmış mübahisəli mənşədən olan bir xalqa aid edirlər. Bəziləri elə zənn edirlər ki, bu xalq fars körfəzi sahillərində yaşamışdır; bu heyrətamiz kəşf tezliklə şərqdən qərbə doğru İrana, Ermənistana, Babilistana, Assuriyaya və s. yayılmışdır. Bu yaxınlarda Misirdəki Təll-Ül-Əmərdə tapılmış çoxlu kitabə Misir padşahı ilə Babilistan, Assuriya və Fələstin padşahları arasında bir növ diplomatik məktublaşmadır. Onlar mixi işarə- ləri ilə yazılmışdır ki, bu da misirlilərin hələ Makedoniyalı İsgəndərin yürüşündən 1000 il əvvəl bu hərflərlə tanış olduqlarını göstərir. Misir fironlarından birinin qonşu padşaha yazmış olduğu və bu yaxınlarda tapılmış məktubu daha maraqlıdır. Bu məktubdakı bəzi şəhər adları, demək olar, indiki adlar kimidir: Sidon (Sidon), Buüta (Beyrut), Urusalim (Yerusalim). Qədim xalqların incəsənət, ədəbiyyat və dil sahəsində qarşı- lıqlı təsiri də bundan az olmamışdır. Cənab Müller Mikendə tapılan vazalara diqqəti cəlb etmişdir. Onlar cənab Flinder Petrinin Misirdə kəşf etdiklərinə o qədər çox bənzəyir ki, hamısının eyni bir ustanın əlindən çıxdığını cəsarətlə təxmin etmək olar. Bu vazaları eramızdan əvvəlki 1500 – 1100-cü illərə aid edirlər. II Ramzesin hakimiyyəti dövrünə (e. ə. 1400-cü illər) aid bəzi Misir yazılarında tez-tez Kiçik Asiya şəhərlərinin adları çəkilir. Yəhudilər özlərinin bir çox allahlarını, misal üçün, Rimmonu, Nebonu və Sini babillərdən əxz etmişlər. Yəhudilərin qədim Hindistana aid müqəddəs kitabları olan Vedada məşhur qızıl çəkisini ifadə edən babil sözü Mapaya tez-tez rast gəlinir. Digər tərəfdən, professor Seys (Seyse) tərəfindən kəşf edilmiş eramızdan əvvəl 3000-ci ilə aid babil kitabələrində şərqə doğru gedən məşhur ticarət yolunun adı olan Sindu sözünə rast gəlinir. Bu sözün mümkün olan yeganə təfsiri onun İndus çayını göstərdiyini fərz etməkdir. Hind əlifbasının özü semit mənşəlidir və Hindistanda o ilk dəfə Böyük İsgəndərdən bir az əvvəl, Skilasın rəisliyi altında Hindistana bir neçə ekspedisiya göndərmiş Daranın vaxtında tətbiq olunmağa başlanmışdır. Buddizm formalaşdıqdan sonra Hindistan da öz növbəsində başqa ölkələrə təsir göstərməyə başlayır. Eramızdan əvvəl III əsrin əvvəllərində Hindistanın missionerləri buddizmi Çində yaymağa başlayırlar. Kliment Aleksandriyski kimi qədim yazıçılar eramızdan əvvəlki 60–80-ci illərdə bu cür missionerlərin Baktriyada olduğunu göstərirlər. Cənab Darmesteterin ən yeni tədqiqatları isə göstərmişdir ki, artıq eramızdan əvvəlki II əsrdə buddizm missionerləri qərbi İranda işləmişlər; buddizmin banisi Quatamanın adı isə artıq Zənd-Avestada çəkilir. Nəhayət, Böyük İsgəndər və Selevkidlər dövrü başlanır. Bu dövrü natiq “Xalqların böyük birləşməsi” dövrü adlandırır. Cənab Müllerin nitqi elə bir sehrli kaleydoskop təsiri bağış- ladı ki, burada tərkibcə çox rəngarəng, bəşəriyyət sanki gözə görünməyən əllərin təhriki ilə, gah əcələ dalğalarla Şərqdən Qərbə doğru axır, gah da qarşısıalınmaz bir qüvvə ilə Qərbdən Şərqə doğru geri çəkilir. Lakin bu əbədi hərəkətə baxmayaraq, məqsəd birliyi və dəyişməzliyi sayəsində, məhz əbədi təkmilləş- mə və sonsuz tərəqqi sayəsində daxili harmoniya və vəhdət mühafizə olunur. Bizim zəmanəyə kimi bu ümumi son məqsədə adətən fikir verilmirdi; ayrı-ayrı şəxsiyyətlər ancaq instinktlə, öz istiqamətlərinə görə çox səadətbəxş olan, lakin öz təzahürünə görə bir qədər narahatlıq törədən bir instinktlə hərəkət edirdilər. Ona görədir ki, Zərdüşt, Budda və s. başqaları təkamülə doğru aparan ümumi vəzifə yolunda çalışmaqla bərabər, eyni zamanda xalqların parçalanmasına və onlarda qarşılıqlı nifrət yaranmasına səbəb olmuşlar. Bizim zəmanəmizdə isə bəşəriyyət öz mənşə və amalca birliyini getdikcə daha çox dərk edir. Onun bir ümumi ideala doğru can atan bütöv vahid halında birləşməsi praktik olaraq gündən-günə daha çox imkanlı olur. Bu yüksək amala nail olmağa hamıdan çox kömək etdiklə- rinə görə şərqşünaslar öz müasirlərinin şüurlu təşəkkürlərinə layiqdirlər. Prezidentin nitqindən sonra konqres bölmələrə ayrıldı. Cəmi on bölmə vardı: 1) hind bölməsi, 2) ari bölməsi, 3) semit bölmə- ləri; a) babil və assuri, b) ərəb, 4) fars bölməsi, 5) Misir bölməsi, 6) Çin bölməsi, 7) Avstraliya bölməsi, 8) antropologiya bölməsi, 9) coğrafiya bölməsi, 10) qədim yunan bölməsi. Həmin axşam lord Nortbrukun yanında rəsmi qəbul oldu. Alicənab lordun evi öz nadir tapılan bədii əsərləri ilə bütün Londonda məşhurdur. Orada, demək olar ki, məşhur rəssamların hamısının çəkdiyi rəsmləri görmək olar. Axşam saat on bir üçün qonaqlar hamısı gəlmişdi. Lordun salonları sehrkar təsir bağış- layırdı. Elektriklə parlaq surətdə işıqlandırılmış rəsmlərin və dəbdəbəli mebelin arasında cürbəcür kostyumlar geyinmiş və dəriləri müxtəlif rəngli qadın və kişidən ibarət camaat sözlə ifadə edilməsi çətin olan təzadları ilə insanı heyran edir. Budur, qırmızı rəngli böyük əba, qızıl haşiyəli uzun gen-bol cübbə geyinmiş hündür boylu, ay kimi yumru, ağır, hərəkətsiz, passiv, yayğın ifadəli qarabuğdayı sifəti olan kəşmirli bir naib görürəm. Evening (dekolte axşam paltarı) geymiş, döşləri yarısına qədər açıq və eybəcər arıq çiyinləri görünən qadınlar “for a qlance at the savage” (vəhşi adama baxmaq üçün) onun ətrafında vurnuxurlar. Yaxınlıqda başqa bir dəstə yenə eyni sadəlövhcəsinə maraqla Bombeydən gəlmiş iranlı miss Zorabçinin həndəvərində dolaşır; onun Oksford universitetinin hüquq doktoru dərəcəsi vardır. Onun qarabəniz, ağıllı, ifadəli çöhrəsinin hər iki yanında qəşəng şəkildə dalğalanan sarı kəşmir şalından, sadə mahud dondan və yenə eyni kəşmir şalından olan tumandan ibarət milli geyimi, çoxları tərəfindən “very nice” (çox qəşəngdir) deyə qiymətləndirilir. Bir az o yanda Misir nümayəndələrinin bəyaz çalmaları və qırmızı fəsləri barədə cürbəcür fikirlər söylənirdi. Onlar hamısı bir-birinin başa düşmədiyi cürbəcür dillərdə müxtəlif intonasiyalarla ucadan danışır. Bunları seyr edən istəristəməz qiyamət gününü yada salır və qonşusunun belə həyəcanla nə dediyini başa düşməyi o qədər çox arzu edir ki, ləhcələrin ayrılması kimi çox kədərli hadisə üçün ürəkdən təəssüf edir. Gecə saat 1-ə işləyəndə alicənab lordun evindən çıxsan da əmin ola bilərsiniz ki, bu qəribə “hendsome” karetlərin arxa oturacaqlarında mürgü vuran faytonçulardan başqa beş verst uzunluqda yolda bir nəfər də canlı məxluqa rast gəlməyəcəksiniz. London, bu geniş enerji və əmək karvansarası dərin yuxudadır. Nə heyrətli ziddiyyətdir bu! Yenə Şuşa, ümumiyyətlə Şərq və onun sankı ölüm yuxusuna dalmış sakit gecələri yada düşür. İdealı həyat və hərəkət olan ingilis, Qərb ruhunun bu ən yüksək ifadəçisi ömrünün bəzi təzahürləri ilə heyrətamiz surətdə Şərqi, sükunət və ətalət diyarını xatırladır. Onun güşənişinliyə yaxın olan ailə həyatı, gündəlik adətlərinin yorucu yeknəsəqliyi şərqi xatırladır; amma burası var ki, şərqdə bu zahiri sakitlik, şərqin bütün bədbəxtliyi də elə ancaq bundadır, təsəvvürə gəlməz daxili yalana, misal üçün qadınların kişilərə qeyri-təbii münasibətlərinə, onların əsarətdə qalmasına əsaslanır. Burada qərb ailəsinə məxsus şərtiliklərdən əlamət yoxdur. Həmin yoxluq bu zahiri intizama, daha çox çürüməkdə olan bədənin cansızlığı xarakteri verir. İngiltərədə, əksinə, sakit, yeknəsəq həyat hər kəsin öz şəxsi məsuliyyətini dərk etməsindən və həyata ciddi yanaşmasından irəli gəlir. İngilis üçün həyatın mərkəzi ailədir və ailədə qadın elə bir üstün rol oynayır ki, məsələn fransızların bu barədə heç təsəvvürləri belə yoxdur. Ertəsi gün, çərşənbə axşamı, sentyabrın 6-da ayrı-ayrı bölmələrin iclasları başlandı. Bədbəxtlikdən, iclasların vaxtları çox narahat bölüşdürüldüyünə görə, mənim bütün bölmələri izləmə- yə imkanım yox idi, çünki çox zaman ayrı-ayrı bölmələr eyni vaxtda iclas keçirirdilər. Buna baxmayaraq mən yenə də eşidə bildiyim çıxışların xülasəsini verməyə çalışacağam. O gün hind bölməsində cənab Klark hind astronomiyasına dair çox gözəl bir çıxış elədi. Natiq hind astronomiyasının tarixinə dair qısa bir oçerk oxuduqdan və hind astronomiyasının dövrlərinə aid bəzi maraqlı məlumatlar verdikdən sonra, Nalpa adı ilə tanınmış mistik 4.320.000.000 rəqəminin mənasını və gecə-gündüzün bə- rabərliyini hesablamaqda bu rəqəmin oynadığı rolu müfəssəl gözdən keçirir. Sonrakı fəsildə o, dinləyiciləri səma cisimləri haqqında, onların hərəkətləri, onların indiki vəziyyəti, yer kürə- sinin diametri, ayın üfüqi parallaksı, onun yerdən uzaqlığı haqqında hind anlayışları ilə, hindlilərə məlum olan triqonometriya düsturları ilə, onların sinus və kosinus loqarifma cədvəlləri ilə və nəhayət, günəş və ay tutulmalarını onların təyin etmək üsulları ilə tanış etdi. Üçüncü və sonuncu fəsillər müəllifin bu fikrinin təsdiqinə həsr olundu ki, Hindistanda astronomiya orijinal olub, xaricilərin yardımı olmadan özləri tərəfindən işlə- nib hazırlanmışdır. Lakin professor Burqes bu axırıncı fikrin əleyhinə çıxır. O, natiqi bunda təqsirləndirir ki, bu xüsusda məş- hur fransız astronomları Bayli və Kassininin, həmçinin ingilis şərqşünas alimi Devisin (Davis) əsərlərini nəzərdən qaçırmışdır. Cənab Burqesin rəyinə görə bu əsərlər heç bir şübhəyə yer qoymur ki, eramızın beşinci əsrinə kimi astronomiya haqqında hindlilərin heç bir anlayışı olmamışdır və ancaq beşinci əsrdən sonra onlar bu anlayışı yunanlardan, xüsusilə Ptolomeyin Almagestindən əxz etmişlər. Semit bölməsində xüsusi diqqətəlayiq aşağıdakı əsərlər oxunmuşdur: Professor Volfun ərəb fonetikası haqqında əsəri. Müəllifin rəyincə ərəb dilində iki fonetika sistemi var. Bunların hər ikisi ərəb filoloqlarına çoxdan məlumdur. Səkkizinci əsrin əvvəlində yaşamış Əl-Xəlil onlardan birincisinin nəzəriyyəsi haqqında kiçik, lakin çox düzgün əsər yazmışdır. Daha mürəkkəb və müfəssəl olan ikinci nəzəriyyənin müəllifi məlum deyildir. Natiqin özünün fikrincə isə, hər iki sistemi ərəblər hindlilərdən götürmüşlər. Cənab Karabasek Məhəmmədin və ilk xəlifələrin vaxtına aid rəsmi perqamentlərin bəzi vərəqlərini göstərir; onlar o zamankı ərəb diplomatiyasının çox maraqlı sənədləridir. Bunlar əlyazmaların foto surəti olub hərflərin xarakteri və yazılış üslubları haqqında aşkar təsəvvür verir. Professor Plunket “Ərəb dilinin avropalılar tərəfindən öyrə- nilməsi üsulu” haqqında maraqlı və çox faydalı bir əsər oxudu. Müəllif, eyni zamanda, Qahirədə yerlilərdən avropalılara ərəb dilini öyrətmək sənətinə yiyələnmiş adamlar hazırlamaq məqsə- dilə bir müəllimlər institutu açmaq barəsində öz möhkəm arzusunu bildirdi. Ser Qrenfell bu arzunu müdafiə elədi və bölmə yekdilliklə qərara aldı ki, konqresin ümumi iclasında bu məsə- ləni qaldırsın və onun praktiki olaraq tezliklə həlli üçün İngiltərə hökuməti qarşısında təşəbbüsdə olmağı öz öhdəsinə götürməyi xahiş etsin. Allah eləsin ki, bu “münaqişə” Fransa ilə İngiltərə arasında diplomatik anlaşmazlığa səbəb olmasın. Çərşənbə günü sentyabrın 7-də fars bölməsinin iclasları başlandı. Ərəbistanla İranın sərhədlərini ayırmağa dair əsərləri ilə tanınmış prezident ser Qoldsmit fars dilinin xüsusiyyətləri və bu dildən Avropa dillərinə düzgün və dəqiq tərcümə üsulları haqqında dərin elmi məruzə oxudu. Bu məruzənin başlıca müddəaları bundan ibarət idi ki, birinci, müəllif fars dilinin müfəssəl tarixi oçerkini verdikdən sonra sübut edirdi ki, yeni fars dilinin əsasını məşhur “Şahnamə”nin müəllifi Firdovsi (doqquzuncu əsr) qoymuşdur və ikincisi, o zamandan bəri bu dilin əsas xüsusiyyətləri heç bir mühüm dəyişikliyə uğramamışdır. Prezidentdən sonra mən şiəliyin mənşəyi və yayılması haqqında öz işimi oxudum. Mənim fikrimcə şiəlik öz başlanğıc dövründə nə xalis dini, nə də xalis siyasi hərəkat olmuşdur, nə isə bunların arasında orta bir şey olmuşdur: iranlılar sonuncu Sasani nəslinin hüquqlarını onun ən yaxın varisinin, yəni üçüncü imam Hüseynin üstünə köçürməklə, imamlıqdan bir növ İranın milli və dini təcəssümünü yaratmışlar. Bu işdə İsfahan civarlarından çıxmış Məzdək məbədinin oğlu (yəni qədim İran dini xadimi), o zamankı İranda nüfuz sahibi olan Salmani Farsi adlı bir iranlı xüsusi səylə iştirak etmişdir. Bu maraqlı şəxsiyyətin ruhi vəziyyəti o dövr İranındakı əxlaqi və dini çaxnaşmanın bir örnəyi hesab oluna bilər. O, öz dini etiqadlarında dərin tərəddüdə düşüb öz narahat ruhu üçün İrandan kənarda daha ülvi bir qida tapmaq ümidi ilə ata evini tərk edir, Suriyada yəhudi dinini, Fələstində xristianlığı qəbul edir və nəhayət, islamın yenicə yaranmağa başladığı zaman Ərəbistana gəlib burada müsəlman olur. Tezliklə biz onu peyğəmbərin ən yaxşı əshabələri cərgəsində görürük. Əli vaxtında isə o, Ərəbistanın ən görkəmli adamlarından biri idi. Onun adı indi də elə mötəbərdir ki, bu və ya digər rəvayət və hədisin həqiqiliyini sübut etmək üçün ona isnad etmək kifayətdir. Lakin mənşəcə dehqanlar sinfinə, yəni qədimdən bəri İran tarixində İran rəvayətlərinin mühafizi kimi şöhrət tapmış kənd mülkədarları sinfinə mənsub olduğundan o, ata evinin ənənələrindən tamamilə üz döndərə bilməzdi (tarixdən bir təkzibedilməz həqiqət kimi məlumdur ki, Xosrov Pərviz İran rəvayətlərini bir kitabda toplamaq fikrinə düşəndə bu işi dehqanlara tapşırmış və onlar da məşhur “Xudaynamə”ni – allahlar kitabını tərtib etmişlər ki, həmin kitab da sonralar “Şahnamə” üçün əsas və rəhbər vəzifəsini görmüşdür). O, əshabə sifətilə bu ənənələrdən çox böyük bir hissəsini müsəlman dininə daxil etmişdir. Gətirdiyim misallardan görünür ki, bu Salman rəvayətlərinin ümumi istiqaməti və ruhu, birincisi, iranlıların Yəzdgürdün əsl varisləri kimi baxdıqları Hüseynin atası Əlinin və onun oğullarının xilafətə müstəsna hüquqları olduğunu sübut etməkdən və ikincisi, köhnə İran məzhəbləri ilə yeni islam məzhəblərini – hind dininin iki fərqləndirici xüsusiyyətini birləş- dirmək arzusundan ibarətdir. Həmin gün konqresin ümumi yığıncağında cənab Qladston “Şərq və qədim Yunanıstan” mövzusunda əsərini oxudu. “Bö- yük qocanın” elmi, lakin həddən artıq uzun və yorucu əsəri Aqamemnonun, Axillanın və başqa yunan qəhrəmanlarının adlarının Şərq mənşəli olduqlarının etimoloji təhlilinə həsr edilmişdi. Ertəsi gün həmin bölmədə cənab Kasatellinin “İranlıların Hindistanda ədəbi fəaliyyəti” barədə mühazirəsi oldu. Sən demə hindlilərlə farslar arasında Yedalçi-Kança və başqaları kimi çox ləyaqətli alimlər varmış. Onlar da, Avropadakı həmkarları kimi, qədim dövrü və dinləri öyrənmək üsulları məsələsində ayrı-ayrı düşmən cərəyanlara bölünmüşlər. Bəziləri elmi-sistemləşmə deyilən üsulları, digərləri isə praktiki sənədli üsulları rəhbər tuturlar. Bu alimlərin fəaliyyəti təkcə öz şəxsi tədqiqatları ilə məhdudlaşmır. Onlar eyni zamanda zərdüştlük və qədim İrana dair Avropada nə nəşr olunursa hamısını fars dilinə tərcümə edirlər. Natiq bütün bu orijinal və tərcümə əsərlərini müfəssəl surətdə sadalayandan sonra dinləyicilərin diqqətini İran ruhunun fövqəladə assimilyasiya qüdrətinə və Hindistanda farsların nə qədər üstün zehni rol oynadıqlarına cəlb etdi. Nəhayət, xanım Zorabçi – bir az əvvəl haqqında danışdığım fars qadını, farslar və farsizm haqqında son dərəcə maraqlı məruzə ilə fars bölməsinin iclasına xitam verdi. Hindistandakı farsların qısaca tarixi oçerkini verəndən sonra xanım Zorabçi öz həmvətənlərinin ev güzəranını və ictimai həyatını, fars cəmiyyətində qızların tərbiyəsini, qız və qadınların cəmiyyətdəki vəziyyətini ətraflı təsvir edir, Zərdüşt təliminin xeyirxah təsirini göstərir və axırda bu həqiqət üzərində xüsusilə israr edir ki, din azadlığını qəbul etmələri və fövqəladə istedadları sayəsində farslar Asiyada Avropa ideyalarının tətbiqediciləri olmuşlar. Antropologiya bölməsində oxunmuş məruzələrdən ən çox diqqətəlayiq olanları bunlardır: Tasmaniya (Avstraliya yaxınlı- ğında Vandimena ərazisi) haqqında d-r V.V.Teylorun məruzəsi. Bu ölkədə tapılmış daş alətlərin o vaxta qədər Avropa və ya Asiya ərazisində tapılanların ən qədimi olduqları məlum olmuş- dur. Kobud şəkildə və ən ibtidai üsulda yonulmuş bu alətlər indi də yerli əhali tərəfindən işlədilir və onların, Avropada tapılıb mamont dövrünə aid edilənlər kimi ikitərəfli deyil, ancaq bir ucu itilənmiş və ancaq bir üzü hamarlanmışdır. Bu silahların heç bir dəstəyi yoxdur. Bu isə onu sübut edir ki, tasmanlılar heç vaxt avropalıların onları tapdıqları zamankı səviyyədən yuxarı inkişaf səviyyəsində olmamışlar. Beləliklə, paleolit dövrü adamının zəmanəmizdə mövcud olduğu sübut olunmuşdur və onun müasir nümayəndəsi olan tasmanlıya görə onun həyat tərzi barədə təxmini təsəvvür almaq olar. Tasmanlı indiyə kimi tapılmış bütün vəhşilərdən daha da ibtidaidir. Onun oxu və yayı da yoxdur. O özünü ancaq yarpaqlarla örtür və hava pis olanda ağacların oyuğunda özünə sığınacaq axtarır. Tasman dili ifadəli olsa da, sözlərin çoxköklüyü üzündən xoşagəlməzdir. Bu dildə sözlər bir çox köklərin harmoniyasız və rabitəsiz olaraq bir-birinə quraşdırılmasından əmələ gəlir. Tasmanlılar əxlaqca bir-birinə xeyirxahdırlar, amma bir qorxu və ya ağrı üzündən bu xeyirxahlıq birdən-birə qəzəbə keçə bilər. Onların dini çox ibtidaidir, lakin insanın ruhu haqqında onların anlayışı vardır. Onlar bu ruhu kölgə şəklində təsəvvür edirlər; ölülərin kölgəsi – qoruyucu allahlardır; əks-səda – danışan allahın kölgəsidir; ən ali allahlar – göy gurultusu və ildırımdır. Cənab Teylor məruzə zamanı tasmanlıların daş alətlərinin şəkillərini nümayiş etdirmişdir. Cənab Teylordan sonra qraf de Qubernatis “Xalq nağıllarında əsatirlərin rolu” haqqında məruzə oxudu. Özü də o, bölməyə təklif etdi ki, müntəzəm olaraq Şərq folklorunu (folk-lore) yəni xalq poeziyasını, nağıllarını, atalar sözlərini və s. toplamaq üçün xüsusi komissiya təşkil etsin. Bu təklif yekdilliklə qəbul olundu. Cümə günü, sentyabrın 9-da, axşam Britaniya muzeyinə (British museum) getdik. Rəsmi seyr bir saata kimi sürdü. Əlbəttə, bu qədər qısa bir müddətə kolleksiyalardan hər birinə ötəri bir nəzər salmaq belə mümkün deyildi. Lakin konqresin iclası qurtarandan sonra mən bu qonaqsevər evə qayıtdım və doktor Qarnettlə cənab Riunun lütfləri sayəsində (kitabxananın İran və semit bölmələri onların sərəncamındadır) tam bir həftə buraya gələrək toplanmış çox qiymətli sənət xəzinəsi ilə ətraflı tanış ola bildim. Kitabxananın bu hissələri, xüsusən əlyazmalarla zəngindir və elə zənn edirəm ki, dünyanın heç bir yerində Britaniya muzeyi qədər qədim və yeni nadir əlyazmalar yoxdur. Əlbəttə, bunların əldə edildiyi mənbələr Türkiyə, Misir, İran və Hindistandır. Müstəsna əlverişli şərait sayəsində ingilislər onlardan hamıdan çox istifadə edə bilmişlər. Lakin məni hər şeydən çox heyrətə salan buradakı nizam oldu. Bütün bu incilər elə müntəzəm, elə səliqə ilə yerləşdirilmiş, kitabların kataloqları elə dəqiqliklə düzəldilmiş, kitablar elə dürüstlüklə nömrələnmişdir ki, səkkiz dəqiqəyə sənə istədiyin əlyazmanı verirlər. Bu, heç də, məsələn, Parisdəki Milli kitabxanaya bənzəmir. Orada bir mətbu kitabı almaq üçün azı 3-4 saat, əlyazma üçün isə bəzən bir saat, saat yarım gözləmək lazım gəlir. İstər-istəməz fikirləşirsən: ingilisin mənəvi istedadsızlığını bu qədər parlaq surətdə səciyyə- ləndirən praktiki həssaslığı fransızlarda olsaydı, onların dühası gör necə möcüzələr göstərərdi! Şənbə günü, sentyabrın 10-da Kembric və Oksford universitetlərinə ekskursiya başlandı. Nə bizim Rusiyada, nə Fransada insan İngiltərədə universitetin nə demək olduğunu, heç olmazsa təxmini belə, təsəvvür edə bilməz. Bu, mühitdən uzaq, əlahiddə yaşayan nəhəng bir varlıqdır. Onun məxsusi ruhu, heç kəsdən asılı olmayan özünəməxsus ənənələri vardır, özü özünün tam ağasıdır. Zahirən qəribə görünən, yarı sökük, qotik üslubda tikilmiş binalar yaşıllıqlar arasında yerləşmişdir. Əyri-köndələn qaranlıq keçid yolları və geniş yayılmış qübbələri olan bu binalar orta əsrlərdən qalma parklarla əhatə olunmuşdur. Parklarda marallarla qırqovullar bir-biri ilə mehriban ünsiyyətdədir. Bütün bunların arasında 19-cu əsrin insanın rahatlığı üçün düzəltdiyi ən zərif qurğular düzülmüşdür. Belə bir tikilini görəndə insan qeyri-iradi olaraq qarşısında İngiltərə tarixinin təcəssümü durduğunu hiss edir və bu müqəddəs elm məbədinə xüsusi bir ehtiramla daxil olur. Kembricdə qaldığımız iki gün ərzində bizə göstərilən mehriban qonaqpərvərliyi təsvir etmək mümkün deyil. Qonaqları razı salmaq üçün rektordan tutmuş bütün elmi şura (fellow) üzvlərinə qədər hamı mümkün olan hər işi görürdü. Lakin ziyafəti və onun mənə qəribə görünən adətlərini uzun-uzadı təsvir etməyə vaxtım çatışmır. O adətlərdən ancaq ikisinin üzərində duracağam. Naharda qırmızı şərabla dolu konusa bənzər və qızıl suyuna tutulmuş xüsusi badə verirlər. Hər qonaq bu şərabdan bir qurtum içib sağ yanındakı qonşusuna tərəf əyilərək badəni ona vermə- lidir. İlk mərasim zamanı cənab rektor dedi: “Cənablar! Qitə- mizdə biz ingilislərə mövhumatçı adamlar kimi rişxənd edirlər. Lakin bu badə haqqında Kembricin o qədər xoş rəvayətləri var ki, bizim hər birimiz onu dodaqlarımıza yaxınlaşdırmaqdan xüsusi həzz alırıq. Bekon və Stüart Mill çox vaxt bu badədən şərab içmişlər”. Diqqətəlayiq ikinci adət bundan ibarətdir ki, hər nahardan sonra bütün məclis əhli xüsusi bir otağa keçir ki, burada da onu şərab şüşələri və likör qrafinləri ilə dolu yeni masa gözləyir. Orada yenidən içməyə başlayırlar və bu, 2-3 saat çəkir. Dostlarımdan biri, universitet professoru dedi ki, evdə qonaq olub-olmamasından asılı olmayaraq bu adət həmişə belə davam edir. Kembric universitetinin çox zəngin kitabxanası vardır. Hər professor və tələbə (qeyd etmək lazımdır ki, professorlar da, tələbələr də universitet binasında yaşayırlar) bu kitabxanadan istifadə edə bilər və kitabı evə apara bilər. Şərq dillərindən farsca, ərəbcə və Suriya dili xüsusi müvəffəqiyyətlə keçilir. Təəccüblüdür ki, Şərq ilə bütün başqa ölkələrdən daha çox siyasi və iqtisadi əlaqələri olan İngiltərədə indiyə kimi Şərq dillərini öyrədən bir dənə də hökumət məktəbi yoxdur. Başqa təşəbbüslər kimi, bu iş də xüsusi şəxslərin qayğısına baxır. Lakin həmin şəxslərin təşəbbüsü ilə yaradılan məktəblərdə oxumaq çox baha başa gəlir və heç də hər kəsə müyəssər olmur. Misal üçün, Kembricdə yaşamaq və mühazirələri dinlə- mək hüququ ildə ən azı 6000 franka başa gəlir. Başqa illətlərlə yanaşı bəlkə bu da ona səbəb olmuşdur ki, Şərqi ingilis hər bir avropalıdan az tanıyır və şərqlinin təbiətini hər bir avropalıdan az başa düşür. Bazar ertəsi, sentyabrın 12-də vida naharı oldu. Naharı d-r Qrant-Doffun sədrliyi ilə konqresin ingilis üzvləri təşkil etmiş- dilər. Bu nahar zamanı baş vermiş maraqlı bir hadisəni ötəri qeyd edəcəyəm. Geniş mütaliəsi ilə hamını heyran edən prezidentin gözəl nitqindən sonra hər kəs qısaca vida nitqi söyləməli idi. İtaliya nümayəndəsi tamamilə yersiz olaraq üçlük ittifaqını xatırlatdı və İtaliyanın gələcək şöhrəti barədə danışdı. Biz hamımız başa düşdük ki, bu işarə konqresdə olmayanlara, yəni fransızlara qarşı yönəldilmişdir. Naharda tamamilə təsadüfən və qeyri-rəsmi iştirak edən məşhur fransız alimi, Colleg de France professoru cənab Darmesteter davam gətirmədi və bu cür etiraz elədi: “Ağalar, bütün dünyanın ləyaqətli adamları (les hommes distingues) özləri haqqında deyirlər ki, “mənim iki vətənim var: doğulduğum yer və Fransa”. Hər bir şərqşünas – o həqiqətən bu ada layiqdirsə – buna əlavə edə bilər ki, mənim iki vətənim var: biri Fransadır, o biri İngiltərə. Mən özümün ikinci vətənimin sağlığına içirəm”. Bu cavab uzun alqışlara səbəb oldu. Konqres qurtarandan sonra mən Asiya cəmiyyətində (Asiatic Society) və Hindistan nazirliyində (İndia Office) oldum. Burada professor Devis lütf edib mənə Ömər vaxtında yazılmış məşhur Quranı göstərdi. Deyirlər sultan Əbdülhəmid bu Quran üçün milyonlar təklif etmişdir. Şərq ilə maraqlanan hər kəsə məsləhət bilirəm ki, havaxt isə əllərinə fürsət düşsə onu fövtə verməyib Londonda Kensingston Museum və Asiatic Homeyə getsinlər. Bu iki binada heç yerdə olmayan nadir memarlıq kolleksiyaları və bütün Şərqdən toplanmış xəttatlıq nümunələri vardır.