Məzmuna keç

Şah İsmayıl dastanı

Vikimənbə saytından
Şah İsmayıl dastanı
Müəllif: Şifahi xalq ədəbiyyatı
Sister Projects. Həmçinin baxın: Haqqında •


Dastandan

[redaktə]

Aldı Ərəb Zəngi:
Yenə qafil bir ov çıxdı qarşıma,
Hürküb ovçusundan, baş verib gedər!
Qorxusundan dodaqları çatlayar,
Ağlayıb, gözündən yaş verib gedər!

Aldı Şah İsmayıl:
Qəndəhardan gəldim murad almağa,
Yol ver, ərəb, yol ver, incitmə məni!
Mən gəlmədim bu diyarda qalmağa,
Yol ver, ərəb, yol ver, incitmə məni!

Aldı Ərəb Zəngi:
Çoxları adlayıb o yandan bəri,
İyidlər əlimdən çəkiblər zarı.
Kəllədən minara, leşdən hasarı,
Buraya gələnlər baş verib gedər!

Aldı Şah İsmayıl:
Qaradır qaşların, Kəbə meracı,
Çəkərəm, yıxaram hasarı, bürcü.
Kəsərəm başını, yoxdu əlacı,
Yol ver, ərəb, yol ver, incitmə məni!

Aldı Ərəb Zəngi:
Oğlan, mey içmisən, yoxsa da bəngi?
Qorxudan saralıb üzünün rəngi.
Hələ eşitmədin Ərəb Zəngi?
Çox sənin kimilər baş verib gedər!

Aldı Şah İsmayıl:
Bir sən bax qaynağıma, coşuma,
Əl vura bilməzsən tərlan quşuma.
Bax Şah İsmayılın tər savaşına,
Yol ver, ərəb, yol ver, incitmə məni!