Məzmuna keç

Şah Abbas və Xurşid Banu/İkinci pərdə

Vikimənbə saytından
Birinci pərdə Şah Abbas və Xurşid Banu. İkinci pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Üçüncü pərdə


P a d ş a h ı n o t a q la r ı n d a n birində vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. Ş a h A b b a s və ü ç n ә f ә r k e ç ә ç i keçə qayırmaqla məşğuldurlar. Keçənin biri hazır olub bir miz üstə sərilib, camaat tərəfindən görünür. O biri də fərş üstə sərilib, ora-burası düzəldilməkdədir.

Ş a h A b b a s (keçədən əl çəkib)

(çahargah təsnifi)--

Vaxt olar bir gün bu sənət
Edər mənə xidmət, edər mənə xidmət!
Ey xudavənda, sən eylə bir gün
Bu peşə mənə bir mədəd versin!

(M u s i q i)

Çəkməyən zəhmət bilməz, ah!
Bu dünyada ləzzət.
Ey xudavənda, sən eylə bir gün
Bu peşə mənə bir mədəd versin!

Ş a h (cahargah)--

Xurşid ilə əhd edib, sərf eylədim bir müddəti,
Eylədim kəsfi-məharət öyrənib bu sənəti;
Mən hələ bir mənfəət görməmsə heç bu peşədən,
Könlümün şad olduğun hiss eylərəm mən dəmbədəm.

(M u s i q i)

Vaxt olar bir gün bu sənət göstərər öz xidmətin,
Onda mən də artıraram Xurşidimin izzətin,
Artırıb cahu cəlalın, izzətin mən ol zaman
Xurşidi arvadlar içrə eylərəm şahi-zənan!

M u s i q i. Müxalif guşəsi.

Qoy odunçunun qızı (yada salın ol halını)
Sayəsində ağlının tutsun məqami alini.

(Enir çahargaha)

Ağa ilə şöhrət tapar zillətdə qalmış bir gəda,
Nikbəxtdir ol kişi kim, əqli vermişdir xuda.

Ş a h bu sözləri oxuyarkən keçəçilər əllərindəki keçəni yumurluyub hazır edirlər. Sonra şah bu sözlərini qurtaran tək zeyldəki təsnifi oxuya-oxuya keçə təpirlər, ayaqlarını (takt ilə) vururlar.

H a m ı b i r y e r d ә (təsnif)--

Vaxt olar bir gün bu sənət
Edər şaha xidmət, edər şaha xidmət!
Ey xudavənda, sən eylə bir gün
Bu peşə şaha bir mədəd versin!
Çəkməyən zəhmət bilməz, ah!
Bu dünyada ləzzət, bu dünyada ləzzət!
Ey xudavənda, sən eylə bir gün
Bu peşə şaha bir mədəd versin!

M u s i q i. K e ç ә ç i l ә r ş a h a baş əyib gedirlər.

Ş a h (rəhab)--

Maldan, mülkdən qəni bir padşah
Keçəçilik sənətin etmiş özünə bir pənah!
Gör bunu, ey kibr ilə əshab sənətə baxan,
Bilginən kim, sənəti əzl bilən eylər günah.

(M u s i q i)

Peşədir, hər bir kəsin dərdi-qəmin az eylər,
Sevdiyi peşəylə insan hər zaman naz eylər;
Peşə ilə hər nəfər öz işlərin saz eylər,
Peşəsi olmazsa insanın olar ömrü təbah.

M u s i q i. X u r ş i d daxil olur.

Ş a h (təsnif)--

Xurşid, əhdimə yetdim,
Keçəçilik mən etdim!
Bil kim, sənə söz verdim.
Durdum sözümün üstə. (2 dəfə)

(M u s i q i)

Bir bax, budur keçələr,
Zəhmət çəkib gecələr,
Bu sənəti öyrəndim;
Durdum sözümün üstə. (2 dəfə)

M u s i q i. X u r ş i d keçələrə tamaşa edir.

X u r ş i d (bayatı-kürd)--

Ey şahi-dövran,
Sən mənim tək naçizin nitqin əcəb təqdir edib,
Keçəçilik sənətin öyrənməyi tədbir edib,
Xəlq ara timsal olub, sənətə etdin ibtida;
Bunun nəticəsidir ki:
Məmləkətdə şövq edibdir sənətə xan və gəda!

Ş a h--

Dövlətə etmiş olubsan sən böyük hər xidməti,
Cəhd edib dövlətdə təşviq eylərəm bir sənəti.
Şükr allah, mən düçar oldum sənə, ey Xurşidim!
Çünki bu zamanda:
Tapmaq olmaz arvadı həm ağl ola, həm surəti!

X u r ş i d--

Bir söz idi mən dedim, sən də ona etdin əməl,
Bəlkə biz bir gün görərik gər aman versə əcəl,
Kim bu sənət göstərər bundan böyük bir xidməti,
Həm onunla sənətin artar bütünlük izzəti.

Ş a h--

İndi sən söylə mənə, ey Xurşidim, doğru danış,
Ol zaman kim, meşədə mən sənlə olmuşdum tanış,
Mən səni görcək məhəbbət atəşi qəlbimdə oldu şöləvər,
Ol zamandan get-gedə eşq atəşi tosi edər;
Söylə indi bir mənə, sən də sevirsənmi məni?
Sevməyirsənsə bu gün azad etdirərəm səni!

M u s i q i. Xurşid başını aşağı salıb dayanır, şah ona baxır, bəədə X u r ş i d birdən:

X u r ş i d (qatar)--

Ey şahi-dövran, səni mən ol zamandan sevmişəm,
Sevgimin üzrə bu gün dərgahinə mən gəlmişəm.
Ya dirilt, ya ki, məni öldür, özün bil, ey şahım!
Mən ki, öz qəlbimdəki hissi məhəbbət bilmişəm.

Ş a h--

Sevmişəm, billah, səni, bil, ey gözüm!
Sən mənə yar olginən, budur sözüm!
Şah sözü olmaz yalan, ey Xurşidim!
Xurşidim sən həm məhim, həm yulduzum!

X u r ş i d--

Taleimin ulduzu şölə saçıb hər bir yana,
Yetmişəm axırda can tək sevdiyim mən bir cana.
Ol qədər eşqin həvasi məst edibdir kim, məni,
Ləzzət ilə eylərəm mən canımı qurban ona.

Ş a h--

Yanıma gəl, Xurşidim, eylə hekayət eşqdən,
Burda yoxdur heç kəs, bir sən isən, bir də ki, mən!
Bil qənimət fürsəti, gəl et mənə izhari-eşq;
Yanıma gəl, Xurşidim, gəl, gəl, gəl, ey nazik bədən!

M u s i q i. X u r ş i d və ş a h qolboyun olub otururlar.

İ k i s i b i r y e r d ә--

Və nə xoşdur yar ilə söhbətü saz eyləmək, (2 dəfə)
Söyləyib eşqin sözün, işvə ilə naz eyləmək.

M u s i q i. Bir qədər qolboyun qalırlar; bəədə musiqiyə görə ş a h tez durub qapıya tərəf gedir; bu əsnada v ә z i r daxil olur.

V ә z i r (çahargah)--Ey şahi-dövran, Şiraz şəhərindən bir neçə nəfər nökərlərindən sizə şikayətləri vardır. İzn versəniz içəri daxil olarlar.
Ş a h--Buyur daxil olsunlar. (Xurşidə). Xurşid, sən burada qal.

Şiraz ә h l l ә r i daxil olub, təzim edirlər.

Ş a h--

Vəzir, rəiyyətimin şikayəti nədir?

V ә z i r--Padşah sağ olsun! Əhvalatı mənə nəql edibdirlər, izn versəniz, nəql edərəm.
Ş a h--Söylə!
V ә z i r--Əlhəq, bunların söylədikləri qəribə bir əhvalatdır. Şiraz şəhrində, budur, beş ay tamamdır ki, bir əcibə hadisə üz verməkdədir; şəhər əhlindən iki yüzdən artıq nəfəri səhər evlərindən çıxıb, daha geri qayıtmayıbdır. Məlum deyildir ki, onlara nə olubdur, əlli-ayaqlı itibdirlər.
Ş a h--Hamısı birdən?
V ә z i r--Xeyr, padşah, bu gün biri, sabah beşi, biri gün üçü, qərəz, bu nəhv ilə. Sahirlər, münəccimlər dəxi bu barədə heç bir söz deyə bilməyirlər; odur ki, indi şəhər əhli içinə vahimə düşübdür, bilmək olmuyur ki, bu nə sirrdir.

Ş i r a z l ı l a r (təsnif)--

Ey padşah, səndən əlac,
Səndən əlacı olsa, bu təhlükə
Bəlkə rəf ola, bəlkə dəf ola!
Yoxsa başqa yoxdur heç bir əlacı,
Bu sirri bil, rəhm eylə sən,
Rəhm eylə, ey şah, bu zülmü aç,
Bu zülm əgər rəf olmasa,
Sən bil, yəqin kim, şuriş düşər!
Xəlq ağlaşır, şivən qopur, (2 dəfə)
Arvad-uşaq qatışır bir-birinə. (2 dəfə)

M u s i q i. P a d ş a h fikrə gedir.

Ey padşah, səndən əlac,
Səndən əlacı olsa, bu təhlükə
Bəlkə rəf ola, bəlkə dəf ola!
Yoxsa başqa yoxdur heç bir əlacı!

Ş a h (çahargah)--Siz gediniz, mən əncam çəkərəm! Qoy camaat sakit olsun. (Onlar gedirlər. Vəzir qalır). Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hilə vardır. Mən daha dayana bilmərəm, əmr et mənim dərviş libasımı tez gətirsinlər, mən gedirəm!
V ә z i r--Padşah sağ olsun! Olmazmı ki, sizin əvəzinizə mən gedim, bu işi yerində təhqiq edim.
Ş a h--Yox, yox! Özüm getməliyəm, sən əmrimi yerinə yetir.
V ә z i r--Borcumdur (deyib çıxır).

M u s i q i. P a d ş a h fikirdə.

X u r ş i d (şüştər)--

Canıma saldı mənim vahiməni böylə səfər,
Qorxuram bundan yetə haşa bu cana bir xətər.
Ey şahim, nolar ki, həm mən də gedim sənlə belə,
Ta ki, canın hifzini çün öz canım edim sipər.

Ş a h--

Qorxma, Xurşidim mənim, bunca səfər çox görmüşəm,
Qorxmayıb düşmən qabağında hələ tək durmuşam.
Allah eylər bu işi təhqiq edib tez qaydaram,
İstərəm kim, qalmasın bu zülmdən heç bir əsər!

M u s i q i. V ә z i r və q u l a m əlində libas daxil olurlar.

Ş a h (geyinə-geyinə, çahargah-tihur ilə)--

Mən heç vəqt razı olmaram ki.

(M u s i q i)

Mənim məmləkətimdə zülm olsun.

(M u s i q i)

Vay olsun zalimlərin halına
Ki, mənim rəiyyətimi incidirlər;

(M u s i q i)

Kökündən, kökündən qazıyacağam zülmü.

(M u s i q i)

Vəzir, dövlət ümuri yenə sənə qalır; hər bir əmri layiqincə yerinə yetirərsən və bir də bu Xurşid mənim gəlinimdir, ona hörmət olunsun və mən gəlincə mənim imarətimdə ona xüsusi yer verilsin. İndi mən gedirəm; hələ kim, xudahafiz! (tələsik gedir).

PƏRDӘ