Şah Abbas və Xurşid Banu/Dördüncü pərdə

Vikimənbə saytından
Üçüncü pərdə Şah Abbas və Xurşid Banu. Dördüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov


BİRİNCİ ŞƏKİL

Ş a h ı n s a r a y ı n d a vaqe olur. V ә z i r və b e ş n ә f ә r əyan məclis qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.

V ә z i r (çahargah)--Tamam altı aydır ki, padşahdan bir xəbər yoxdur.

(M u s i q i)

Çün nigaranam, çox pərişanam, çox da heyranam!

(M u s i q i)

B i r i n c i ә y a n--Bəli, padşahın bu səfəri çox uzun çəkdi. Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi….

(M u s i q i)

İ k i n c i ә y a n--Dilim-ağzım qurusun, bəlkə padşahın başına….
V ә z i r--Sus! Oylə söz demə, yoxsa camaat xəbərdar olsa haman dəm şuriş düşər.

(M u s i q i)

Ü ç ü n c ü ә y a n--Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar.
D ö r d ü n c ü ә y a n--Məncə, heç bir şey lazım deyildir; inşaallah, padşah tezlik ilə gələr. Bu qədər iztirab əbəsdir.
İ k i n c i ә y a n--Xeyr, əbəs deyildir!
D ö r d ü n c ü ә y a n--Xeyr, əbəsdir!
Ü ç ü n c ü ә y a n--Heç əbəs deyildir!
B e ş i n c i ә y a n--Əbəsdir, əbəsdir!…
B i r i n c i ә y a n--Mən çox nigaranam!
B e ş i n c i ә y a n--Mən heç də nigaran deyiləm!
D ö r d ü n c ü ә y a n--Mən də nigaran deyiləm!
İ k i n c i ә y a n--Sənin üçün təfavüt yoxdur!
B e ş i n c i ә y a n--Xeyr, sənin üçün təfavüt yoxdur!
Ü ç ü n c ü ә y a n--Ağzının sözünü danış!
B i r i n c i ә y a n--Əbləh taifə!
B e ş i n c i ә y a n--Əbləh sənsən!
D ö r d ü n c ü ә y a n--Sizsiz əbləh taifə!
İ k i n c i ә y a n--Sizsiz!
B i r i n c i ә y a n--Sizsiz!
B e ş i n c i ә y a n--Sənsən!
D ö r d ü n c ü ә y a n--Sənsən!

Səs-küy düşür.

V ә z i r--Sakit! Əhalidən əvvəl siz şuriş salırsınız. Səbr ediniz, görək bu işin çarəsi nədir. Binəva Xurşid günüz axşama qədər yaş töküb ağlayır. Hər halda biz hələ bir neçə gün səbr edək, görək nə olur.

M u s i q i. N ö k ә r daxil olur.

N ö k ә r--Xurşid banu izn istəyir!
V ә z i r--Buyursun, buyursun!

M u s i q i. X u r ş i d daxil olur.

X u r ş i d (müxalif)--

Gün gedib, aylar dolandı, padşahim gəlmədi,
Atəşi-hicrə tənim yandı da, şahim gəlmədi,
Gözləməkdən yolunu qan ağlayır bu gözlərim,
Düşmən oldumu mənə bu xeyirxahim gəlmədi!

Qəlbimə düşmüşdü əvvəl vahimə kim, bu səfər
Padşahın canına haşa yetirməzmi xətər!
Altı ay keçdi o gündən, gəlmədi heç bir xəbər,
Noldu ki, yarəb, mənim dadü pənahim gəlmədi.

M u s i q i: təsnif başı.

V ә z i r v ә ә y a n l a r (təsnif)--

Xurşid, nəyə lazım bunca cəfa; (2 dəfə)
Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə)
Şahın bu səfəri millətə edər xidmət; (2 dəfə)
Səbr et, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə)

X u r ş i d--

Qorxum bunadır kim, şahim gedər gəlməz, (2 dəfə)
Bəs mən necə edim cəzə-fəzə eyləməyim? (2 dəfə)

M u s i q i. X u r ş i d əlləri ilə üzünü örtüb ağlayır.

V ә z i r v ә ә y a n l a r--

Xurşid, nəyə lazım bunca cəfa?! (2 dəfə)
Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə)

(M u s i q i)

X u r ş i d (mənsuriyyә)

Gecələr sabaha tək yatmam yataqda, ağlaram,
Ah edib, nalə qılıb, öz sinəmi mən dağlaram,
Sən gedərkən yalvarırdım, ey şahım, apar məni,
Ta xətər vaxtında qalxan eyliyim mən sinəmi.

V ә z i r (çahargah)--

Ahü nalə fayda verməz, əbəsdir göz yaşı,
Hər işə tədbir lazımdır, gərək bu müşkülü
Həll üçün bir neçə gün səbr eyləyәk.

Ә y a n l a r--

Şübhəsizdir ki, gərək səbr eyləyәk!

V ә z i r--Xurşid, sən get bir qədər istirahət elə. Qorxma sənin duan şahın üstündədir. (Xurşid gedir). Siz hər gün burada hazır olarsınız, hər halda ehtiyatı əldən buraxmaq olmaz, amma bu barədə camaat heç bir söz bilməsin, Əgər beş günə qədər şah gəldi, gəldi və ila gəlməsə….
N ö k ә r (daxil olur)--Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir.
H a m ı--Aha!…
V ә z i r--Yəqin bu şəxsi padşah göndəribdir. İlahi, sənə şükür! Siz gediniz o biri otaqda gözləyiniz.

M u s i q i. Ә y a n l a r çıxırlar, M ә s t a v ә r daxil olur, qoltuğunda bükülü keçə var.

V ә z i r (rast)--Söylə görək mətləbin nədir?
M ә s t a v ә r--Şiraz şəhərində bir dərviş bu keçəni toxuyub, sizin hüzurunuza göndəribdir.
V ә z i r (kənara)--Ah, şahın keçəsidir, mən tanıdım! (Ona). Xob, keçə qalsın burada, sən çıx get. (Kənara). Gedim Xurşidə müjdə verim (gedir).
M ә s t a v ә r (öz-özünə acıqla)--Gedim? Bəs pul, bəs pul?

(T ә s n i f)

Aldatdı məni mühil dərviş,
Göndərdi məni sərayi şahə.
Pul vermədilər, pis oldu bu iş;
Sərf oldu bu qədr vəqt rahə,
Gör mən sənə neylərəm, a dərviş!
Durmam, gəlirəm sənə cəzaçün;
Gəlcək sənə eylə sancaram niş,
Ta xalq tamam vəhşətə gəlsin!

M u s i q i. Gedir.

M u s i q i. V ә z i r və X u r ş i d b a n u bir tərəfdən, əyanlar dəxi o biri tərəfdən gəlir.

V ә z i r (şikəsteyi-fars)--

Müjdə olsun sənə, Xurşid, yarından xəbərim var.
Sağ səlamət o şəhinşah, yanından xəbərim var.

(Rasta enir).

Gör, budur, naməsidir padşahın, bu keçə,
Bunda çəkmiş, gəl-gəl etmiş, nişanından xəbərim var.

X u r ş i d keçəni görcək ağlayır və keçəni öpür.

X u r ş i d--Bu gecə mən bir yuxu görmüşəm, sizə nəql eyləyim!
H a m ı--Söylə, söylə (qulaq asırlar).

(M u s i q i)

X u r ş i d--

Gecə olcaq başlamışdım mən ahi, (musiqi)
Yuxu tutdu, gördüm onda mən şahi, (musiqi)
İtiribdir nə isə şahim rahi, (musiqi)
Məni görcək söylədi: gəl-gəl-gəl-gəl!
Xurşid, gəl, tez-tez gəl, hey!…

(M u s i q i)

Baxıb gördüm şahım düşdü bir çahə, (musiqi)
Belə baxdım, heyran qaldım dəstgahə, (musiqi)
Yüyürüb tez çahə, baxdım mən şahə, (musiqi)
Məni görcək söylədi: gəl-gəl-gəl! Xurşid, gəl, tez-tez gəl, hey!…

(M u s i q i)

Dedi: əl ver, Xurşid, məni azad et, (musiqi),
Köməyə çağır tez xalqı, fəryad et. (musiqi),
Əlimi atdım, mən şahdan yapışdım, (musiqi),
Quyudan çıxcaq söylədi: gəl-gəl-gəl!
Xurşid, gəl, tez-tez gəl, hey!…
Hey!… Tez gəl-gəl!

(M u s i q i)

V ә z i r (çahargah)--Xeyir olsun, çox gözəl yuxudur.
H a m ı--Xeyir olsun, çox xeyir olsun!
X u r ş i d--Fikrimə bir şey gəlir….
V ә z i r--Nə var ki?
X u r ş i d--Bu keçəni göndərməkdə şahın fikri nə imiş?
V ә z i r--Şübhəsizdir ki, özündən xəbər verir.
X u r ş i d--Yox-yox, mənim fikrimə başqa şey gəlir.
H a m ı--Nə var ki?
X u r ş i d--Bəlkə padşah bir təhlükə içindədir və bu keçəni göndərməklə bizə xəbər verir.
V ә z i r--Yox!… (Fikir edir). Amma ola bilər. Keçəni gətirən necə oldu?
N ö k ә r--Çıxdı getdi!
X u r ş i d--Ah, bu saat onu geri qaytarın!
V ә z i r--Doğrudur, onu geri döndərmək lazımdır! Görək şah nərədədir!

N ö k ә r gedir.

B i r i n c i ә y a n--Xurşidin sözü mənim ağlıma batır.
İ k i n c i ә y a n--Doğrudan da, şah təhlükədə ola bilər.
Ü ç ü n c ü ә y a n--Nə eyləməli, əlac nədir?
N ö k ә r (daxil olur)--O adam Şiraza yola düşübdür. İstəsəniz dalınca gedək.
X u r ş i d--Yox-yox, vəzir qoşun götürüb, qarabaqara onun dalınca getməlidir.
V ә z i r--Mən də o fikirdəyəm. Öylə isə vaxtı itirmək lazım deyildir. Gedək. (Bir əyana). Əmr et qoşun hazır olsun. Biz hamımız, Xurşid dəxi bizim ilə bərabər o adamın dalınca yavaş-yavaş, qarabaqara gedək, görək o hara gedir; sözün doğrusu, onun sifəti mənim xoşuma gəlmədi, cəllada bənzər bir adamdır.
H a m ı b i r y e r d ә--təsnif.

Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir!
Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur, ya düzddürmü?

(M u s i q i)

Allah göstərməsin, şahımda xətər olar. (2 dəfə)
Şah Abbassız, Şah Abbassız dövlət puç olar. (2 dəfə)
Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir!
Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur və ya, düzddür, a!…
Tez gedək. (Gedirlər).

PƏRDӘ

İKİNCİ ŞƏKİL

Yenə haman z i r z ә m i d ә vaqe olur. M ә h b u s l a r və Ş a h A b b a s bidamaq oturubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.

Ş a h A b b a s (kürd-şahnaz)--

Düşüb iraq yardan, oldum bəlayi-hicrə düçar!
Görüb o zülmü ki, aşiqlər üzrə yağdırır girdar,
Cəzavü tənbehə layiq olan şəxsə həbs bari-giran,
Günah-cürmdən azad olana gör nədir bu rəftar?!

Sərayi-şahda məskun, bütün cahana amirkən,
Şəhin məkani bu zindan və amiri--xunxar,
Gecə yatıb da yuxumda görüm ol məhi-xurşidi,
Üzündə zülfi-pərişan, ahüzar edib ağlar.

Nədir əlaci bu dərdin, ey xudayi-ləmyəzəli.
Tükətdi ömrümü zindan, yox oldu səbrü qərar.
Olarmı bir o gün allah ki, azad olam, yoxsa
Yazıb qəza mənə böylə bu zindanda qəbrü məzar.

(M u s i q i)

M ә h b u s l a r (təsnif)--

Bizi burdan azad eylə, ey dərviş!
Bizi burdan azad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!
Səni allah, imdad eylə, ey dərviş!
Səni allah, imdad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!
Çağır allah, fəryad eylə, ey dərviş!

B i r i n c i m ә h b u s (şur)--Allahın altında Şah Abbas bizim bu halımızı bilmiş ola idi; yəqin ki, ədalət-pənah bu zülmü kökündən rəf edərdi.
İ k i n c i m ә h b u s--Ah, a yazıq, bu saat Şah Abbas öz sarayında gözəl-göyçək hərəmlərilə eyş-işrətə məşğuldur; bu cür nadidə zülm, yatsa da onun yuxusuna girməz.
Ü ç ü n c ü m ә h b u s--Vallah, deyirlər ki, Şah Abbas çox vaxt dərviş libası geyib, şəhərbəşəhər gəzir ki, bir yerdə rəiyyətə zülm görmüş olsa, haman dəm rəf etsin.
D ö r d ü n c ü m ə h b u s-Doğrudur bu söz, əmma heyf ki, Şah Abbac zülmü yerin üstündə axtarır, altına girmir ki, biz yazıqları görsün.
B e ş i n c i m ә h b u s--Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vəqt dərviş dərvişə düçar olar.
Ş a h--Mən heç vaxt ona düçar olmamışam!

M u s i q i. M ә h b u s l a r bikef olub, başlarını dizləri arasında gizlədirlər.

Ş a h (səmayi-şəms)--

Bunların bu sözləri yandırdı, yaxdı canımı;
Zərbə vurdu başıma, etdi pərişan halımı.

(Ürəyindən tutur)

Sakit ol, ey qəlb, çırpınma alışmış sinədə,
Ya gərək azad edim mən bunları, ya kim, töküm öz qanımı.

(M u s i q i)

Gər vəzirim yetməsə bu vərtədə imdadıma,
Mən özüm çarə qılıb, cəng: eylərəm cəllad ilə;
Çağırıb allahı, nərə çəkib fəryad ilə,
Böylə göstərrəm hünər, layiq olar öz adıma.

(M u s i q i)

Əldə heç bir yaraq, ya ki, silahim yox isə,
Gəlmiyir bu zindan içrə heç ümidim bir kəsə;
Lakin ol haqqü ədalət məndədir, bunlar isə
Düşməni məğlub üçün, billah, yetər fəryadıma.

M u s i q i. M ә h b u s l a r qorxu ilə başlarını qalxızırlar.

M ә h b u s l a r (qorxu ilə)--Diyəsən gəlir … gəlir….

Bir-birlərinə qısılırlar. M ә s t a v ә r daxil olub, qeyz ilə əllərini qoynuna qoyub, ş a h a baxır.

M ә s t a v ә r (acıqla)--

Məni aldatdın, məni aldatdın,
Məni aldatdın, oh!… (Xəncərini çəkir).

(M u s i q i)

İrəli dur!

(M u s i q i)

İrəli dur!

(M u s i q i)

Aldın möhlət, göndərdin şahın sarayına,
Aldatdın dərviş məni sən!
Öldürəm indi səni mən, öldürəm səni mən!
Məni aldatdın, məni aldatdın, məni aldatdın!
Ox!… (M u s i q i). İrəli dur! (M u s i q i). İrəli dur!

M u s i q i. İstəyir həmlə etsin, Ş a h əlini qabağa uzadır.

Ş a h (bayatı-Şiraz)--

Sən bədəfkar və xəbis cəllad isən,
Qorxmuram səndən, buyur meydanə sən, a-gəl!

M u s i q i.

Ş a h ilə M ә s t a v ә r ötüşürlər. Ş a h onun xəncərini alıb, yerə atır. M ә h b u s l a r qorxularından küncə qısılırlar. M ә s t a v ә r cəld xəncəri yerdən götürüb, ş a h ı vurmaq istərkən bu halda qapılar tay-tay açılıb, X u r ş i d, v ә z i r, ә y an l a r və q o ş u n əhli içəri daxil olurlar və əhvalatı böylə gördükdə haman dəm M ә s t a və r i tutub, qollarını bərk-bərk bağlayırlar. İş böylə ikən Ş a h A b b a s ilə X u r ş i d qucaqlaşırlar.

V ә z i r (rast; Məstavərə)--Bədbəxt nakəs, sən kimin üstə əl qalxızırsan? Bilmirsənmi ki, bu, padşahi-cahan Şah Abbas cənnətməkandır?!

Bu halda m ә h b u s l a r yerə yıxılıb, ş a h ı n ayağına sürünürlər.

Q o ş u n (qışqırır)--Yaşasın padşah!
Ş a h (məhbuslara)--Durun və indi bilin ki, Şah Abbas yerin üstündəki zülmü axtarıb tapan kimi, yerin altındakı zülmü də tapa bilir.
M ә h b u s l a r--Padşah!… Padşah!… (deyib, ağlamaq onları boğur, ağlayırlar).
Q o ş u n--Yaşasın padşah!…
Ş a h--Xurşid, doğrudan da, mən çox xoşbəxtəm ki, sənə düçar oldum və yenə xoşbəxtəm ki, sənin məğruranə sözlərini qəbul edib, sənət öyrəndim; bir sənət ki, məni və vətən övladını bir nadidə və naşidə zülmdən xilas eylədi. Görünür ki, mənim millətə olan məhəbbətim allaha xoş gəlibdir ki, səni mənə kömək göndəribdir. Bu gündən sonra belə sən, odunçunun qızı, mən İran padşahına hərəmsən! Qoy valideynin fəxr etsin. Səni bütün hərəmlər içrə şahizənan etdim. Yaşasın Xurşid!…
H a m ı--Yaşasın padşah və Xurşid banu!…
Ş a h--Bu məluni (Məstavərə) aparıb, Şiraz əhlinin gözü qabağında dar ağacından asarsınız, qoy xunxar qatil öz cəzasına çatsın!
H a m ı--Yaşasın padşah, yaşasın padşah!…

(M a r ş)

Allah səni yenə şad edə, şahım! (2 dəfə)
Millət səni yenə yad edə, şahım! (2 dəfə)
Ey padşah, sən vətəni et (2 dəfə)
Yad, vətəni, şad vətəni, yad vətəni et! (2 dəfə)
Şah, çox yaşa vətənə sən!
Qənimətsən vətənə sən, qənimətsən!
Millətə sən qənimətsən!
Millətə sən qənimətsən!

PƏRDӘ