Məzmuna keç

Şah dağı

Vikimənbə saytından
Şah dağı
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Müxəmməs

Aləmdə dastan olub səddin, sorağın, Şah dağı!
Açılıb nərgiz, bənövşən, əcəbdi çağın, Şah dağı!
Abi-kövsər kimi axır çeşmən, bulağın, Şah dağı!
Heyif ola, bu çeşmədə yoxdu bir sağın, Şah dağı!
Müxənnət yaylar köysündə, pozar damağın, Şah dağı!

Haqq səni cənnət yaradıb, qanan yoxdu, qədrin bilə;
Sədrin badi-səfasından xəstə könlüm gəldi dilə;
Mürğ tək balü-pər açdım, oxudum döndüm bülbülə;
Bir gözəl keçdi qarşıdan gözlərindən gülə-gülə;
Dağıtdı ömrüm qəfləsin, nə çoxdu yağın, Şah dağı!

Süsən, sünbül, gül, ərğəvan köysündə laləzar verib;
Alan, satan gözəllərdi, nə rəvac bazar verib;
Damənin çəhar fəsildi, hər meyvə bitib, bar verib;
Xudam səni çox bəyənib, bir belə ixtiyar verib;
Dalın dənizə söykənib, Kürdü ayağın, Şah dağı!

Bir tərəfin Çənbərəkdi, görənin həvəsi gəlir;
Topaşandan qəflə işlər, Gəncənin meyvəsi gəlir;
İstanbulun al qumaşı, Bağdadın xurması gəlir;
Oxuyur türfə gözəllər, kəklik tək sədası gəlir;
Aşıq üçün cənnət qoxur daşın, torpağın, Şah dağı!

Mən gəzmişəm Qafqazyanı, haqq səni bir xəlq eləyib;
Ağrı dağı padişahdı, səni vəzir xəlq eləyib;
Çiçəklərin kimyədi, daşını dürr xəlq eləyib;
Boyun minadan çəkilib, sərində pir xəlq eləyib;
Murov, Muşov, Murğuz, Kəpəz olmaz yamağın, Şah dağı!

Hansı iyid dara düşsə, nəzir deyir, yada salır;
Yeddi kralın qaçağı pənahlanıb, səndə qalır;
Kor gələndə, şəfa tapır, müztər gəlsə, mətləb alır;
Saatda yüz çiçək açır, hər biri bir irəng çalır;
Belə məlum, qüdrətdəndi Küpün, boyağın, Şah dağı!