Məzmuna keç

Şah mənəm

Vikimənbə saytından
Şah mənəm
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Allah-allah, deyin, ğazilər,
Ğazilər, deyin, şah mənəm.
Qarşu gəlin, səcdə qılın.
Ğazilər, deyin, şah mənəm.

Uçmaqda tuti quşuyam,
Ağır ləşkər ər başıyam,
Mən sufilər yoldaşıyam,
Ğazilər, deyin, şah mənəm.

Nerdə əkərsən, bitərəm,
Xanda çağırsan yetərəm,
Sufilər əlin tutaram,
Ğazilər, deyin, şah mənəm.

Mənsur ilə darda idim,
Xəlil ilə narda idim,
Musa ilə Turda idim,
Ğazilər, deyin, şah mənəm.

Qırmızı taclı, boz atlı,
Ağır ləşkər nisbətli,
Yusif peyğəmbər sifətli,
Ğazilər, deyin, şah mənəm.

Xətaiyəm, ağ atlıyam,
Sözü şəkərdən datlıyam,
Murtəza Əli zatlıyam,
Ğazilər, deyin, şah mənəm.