Şahisonqar quşu

Vikimənbə saytından
Rəvayətlər. Şahisonqar quşu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişdə Şahişonqar bütün quşların padşahı imiş. Onun vəziri tərlan, vəkili qırqovul, məsləhətçisi isə qartal idi. Bir gün Şahişonqar quş bərk acıqlanır, vəzir-vəkilini, məsləhətçisini qovur. Alaqarğanı özünə vəzir, qaraqarğanı vəkil, quzğunu məsləhətçi götürür.

Bir gün Şahişonqar quş Bağdada səfər edir. Bu vaxt Bağdad padşahı xəstələnir. Şahişonqar quşun qanını ona dərman buyururlar. Quşu tutmaq üçün hökmdarın əmri ilə yola bir neçə şaqqa ət, bir çəllək çaxır qoyurlar ki, quş gələndə əti yesin, çaxırı da içib özünü itirsin.

Şahişonqar quşu vəzir-vəkili, məsləhətçisi ilə yoldan keçəndə əti görürlər. Vəzir-vəkil, məsləhətçi yerə enməyi təklif eləyirlər. Şahişonqar quşu razı olmur ki, burada nə isə başqa fikir var. Nəhayət, onlar yerə enir, yeyib-içəndən sonra huşlarını itirib hərəsi bir yerə yıxılır. Bağdad hökmdarının adamları quşu tutub şahın hüzuruna gətirirlər. Şah əmr edir ki, tutuquşunu gətirsinlər. Tutuquşu Şahişonqardan xəbər alır ki, necə oldu, bu iş sənin başına gəldi? Şahişonqar quş deyir ki, sən mənim ayağımdan qan alıb onun yarasına sürtsən hökmdar sağalar. Padşah deyilənə əməl edir. Şahişonqar quş tutuquşuna deyir ki, mən göydən baxanda yerdəki buğda dənəsini də gözüm seçir. Kül o şahın başına ki, öz vəzir-vəkilinə inana. Mənim əvvəlki vəzirim tərlan, vəkilim qırqovul, məsləhətçim qartal idi. Onları çıxarıb yerinə alaqarğanı, qaraqarğanı, quzğunu qoydum. İndi mən uduzmuşam. Bir şahın ki, vəziri alaqarğa, vəkili qaraqarğa, məsləhətçisi quzğun ola, o şahın axırı yoxdu. İndi, tutuquşu, sən padşahına de ki, neçə ki, həyatda var, heç vaxt vəzir-vəkilinin sözünə qulaq asmasın. Əgər sənin padşahın onların sözünə qulaq assa, mənim tək uduzar. Bu sözdən sonra padşah onu azad eləyir. Bundan sonra, Şahişonqar quş bir də heç nəyə yaxınlaşmır. O evlənmir, nəsli törəmir. Ona görə də indi nəsli kəsilib.

Mənbə[redaktə]