Şair Hüseyn Mayıl, yoxsa Aşıq Hüseyn Mayıl
Şair Hüseyn Mayıl, yoxsa Aşıq Hüseyn Mayıl (2013) Müəllif: Araz Yaquboğlu |
Mənbə: "Ozan dünyası" jurnalı, №3(14), Bakı, 2013. səh.53-57. |
Hüseyn Paşa oğlu Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində tanınmış "Paşalar" nəslində anadan olmuşdur. Deyilənlərə görə bir vaxtlar bu nəslin ulu babaları Təbrizin qədim Dəvəçilər məhəlləsində yaşamışlar. Qazağa gələn nəslin bir qolu da Tovuzda və Gədəbəydə yaşayır.
Hüseyn ilk təhsilini mədrəsədə aldıqdan sonra Dilicanda Pedaqoji Seminariyanı qurtarmışdır. Uzun zaman Qazax, Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş, müəllimliklə bərabər, qəzet redaksiyalarında da çalışmışdır. O, eyni zamanda 1930-cu illərdə əlifbanın dəyişməsi ilə əlaqədar yeni lüğətin hazırlanmasında da yаxından iştirak etmişdir.
Araşdırmalarımız zamanı məlum oldu ki, Hüseynin şeirləri Sanı və Mayıl təxəllüsü ilə 1925-ci ildən qəzetlərdə və kitablarda nəşr olunmağa başlamışdır.
1930-cu ildə nəşr olunmuş "Azərbaycan aşıqları" kitabında şairin 11 qoşması və 3 gəraylısı çap edilmişdir.[1, s.225–234]. Kitabda çap olunan şeirlərdən "Yatıb, oyanmaz-oyanmaz" rədifli gəraylı və "Gözəlim", "Görünür", "Görəydim", "Gözəl" rədifli qoşmalar sonrakı digər çaplarda yoxdur. 1938-ci ildə çap olunan "Aşıqlar" kitabında isə şairin 40 qoşması, 14 gəraylısı və 2 müxəmməsi olmaqla 56 şeiri çap olunmuşdur.[2, s.240–288].
1984-cü ildə nəşr edilən "Azərbaycan aşıqları və el şairləri" kitabının II cildində el şairinin şeirləri çap olunmuşdur. Belə ki, onun kitabda 23 qoşması, 8 gəraylısı və 2 müxəmməsi olmaqla 33 şeiri oxuculara təqdim edilmişdir.[3, s.273–294].
2005-ci ildə "Azərbaycan aşıq şeirindən seçmələr" kitabında müəllifin 23 qoşması, 8 gəraylısı və 2 müxəmməsi olmaqla 33 şeiri çap olunmuşdur.[4, s.235–257]. Bu çapda 1984-cü ildə çap olunan şeirlər eynilə təkrar, 1938-ci ildəki çap olunan 56 şeirdən 23 şeir az olmaqla yenə də eyni şeirlər nəşr olunmuşdur.
Şairin həyat və yaradıcılığının daha dolğun çap olunan — 2008-ci ildə nəşr edilmiş "Qoşa qəlbin duyğuları" kitabında isə müəllifə məxsus 39 qoşma, 11 gəraylı və 3 müxəmməs olmaqla 53 şeir çap olunmuşdur.[5, s.3–75]. Bu kitabda isə əvvəlki çaplardakı şeirlərdən 16 şeir çap olunmamışdır. Lakin bu kitabda heç vaxt çap olunmayan 11 qoşma və 2 müxəmməs çap olunmuşdur.
Şairin şeirləri türk tədqiqatçılarının da marağına səbəb olmuşdur. Belə ki, onun 1984-cü il çapındakı şeirləri bütünlüklə Türkiyə türkcəsinə uyğunlaşdırılaraq internetdə yerləşdirilmişdir.[6]. Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki, Hüseyn Mayılın həyat və yaradıcılığı ilə maraqlananlar açıq ensiklopediya olan www.az.wikipedia.org internet saytında da tanış ola bilərlər (məlumatlar bu sətirlərin müəllifi tərəfindən yerləşdirilib).[7].
Araşdırmalarımızdan belə nəticəyə gəlirik ki, şair Hüseyn Mayılın 55 qoşması, 15 gəraylısı və 4 müxəmməsi olmaqla bizə məlum olan cəmi 74 şeiri vardır.
Şairin adı Hüseyn, soyadı Hüseynov, təxəllüsü isə əvvəldə də qeyd etdiyimiz kimi, Sanı və Mayıl olmuşdur. Araşdırmalarımız zamanı o da məlum oldu ki, bəzi kitablarda səhvən Aşıq Hüseyn Mayıl və Aşıq Mayıl kimi təqdim olunmuşdur. Aşağıdakı nəşrlərdəki adlara diqqət yetirək:
1930-cu ildə "Azərbaycan aşıqları" kitabında "Hüseyn Sanı", 1938-ci ildə çap olunan "Aşıqlar" kitabında "Hüseyn", 1984-cü ildə nəşr edilən "Azərbaycan aşıqları və el şairləri" kitabının II cildində "Aşıq Hüseyn Mayıl", 2005-ci ildə "Azərbaycan aşıq şeirindən seçmələr" kitabında "Aşıq Hüseyn Mayıl", 2008-ci ildə nəşr edilmiş "Qoşa qəlbin duyğuları" kitabında "Hüseyn Hüseynov", 2011-ci ildə "Azərbaycanın Qərb bölgəsinin mənəvi mədəniyyətindən" kitabında "Aşıq Mayıl". Göründüyü kimi 1984-cü ildəki səhvi 2005-ci ildəki çapda da təkrar etməklə, 2011-ci ildə isə daha böyük yanlışlıq ediblər.
Lakin araşdırmalarımız nəticəsində məlum oldu ki, o heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sadəcə olaraq şeirlərini aşıq şeiri üslubunda yazmış və sazın vurğunu olmuşdur.
Bir məsələdən də yan keçmək mümkün deyildir. Bu şairin tərcümeyi-halı ilə bağlıdır. 1930-cu ildə "Azərbaycan aşıqları" kitabında Hümmət Əlizadə yazır: "Hüseyn Sanı, Dilican dairəsi Göyərçinli kəndində 1909-cu ildə doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Onun yaşadığı güllü-çiçəkli və saf havalı dağ həyatı olmuş və bu həyat onda şairliyə həvəs oyatmış, gənc yaşında el arasında tanınmış, hər kəs tərəfindən gözəl qoşmaları mənimsənmişdir.
Hüseyn Sanı hələ də kənd müəllimi olmaqla bərabər yeniliyə aid bir çox şeir parçaları söyləmiş və hələ də söyləməkdədir."[1, s.225]. Bu kitabdan 54 il sonra çap olunan "Azərbaycan aşıqları və el şairləri" kitabının II cildində isə tərtibçi Əhliman Аxundovun qeydini oxuyaq: "Şeirlərindən Qazax və Tovuz tərəfdə yaşadığı təxmin edilən Aşıq Hüseyn Mayılın həyatı barədə əlimizdə dəqiq məlumat yoxdur. Əsərlərindən bəlli olur ki, o, həqiqi sənətkar, ustad aşıq imiş. Rəvan təbi, yaxşı saz çalmağı ilə tanınmışdı."[3, s.272]. Məhəmməd Allahmanlı isə "Azərbaycanın Qərb bölgəsinin mənəvi mədəniyyətindən" adlı kitabında öncə adı çəkilən mənbədəki məlumata — ""Tənbəl" adlı şeirindən aydın olur ki, o, sovet hakimiyyətinin ilk illərində həyatda olmuşdur" [8, s.28] cümləsini əlavə etməklə kifayətlənmişdir.
Bizə elə gəlir ki, Əhliman Аxundova və Məhəmməd Allahmanlıya 1930-cu ildə çap olunan kitab məlum olmamış deyildi. Onda görəsən bəs nəyə görə şair haqqında belə bəsit məlumatla yanaşı hətta şairi də aşıq kimi oxuculara təqdim etmişdir.
Eldar İsmayılın oçerklərinin birində Hüseyn Mayıl haqqında oxuyuruq: "Dahi şairimiz Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəyi və Göyçəni kəndbəkənd gəzmiş, ağsaqqallardan bayatı və nağıl bilicilərindən bildiklərini öyrənərək onları xalqın ümumi istifadəsinə vermişlər".[9, s.285].
Bu sətirlərin müəllifi şəxsən el şairi Hüseyn Mayılın oğlu Tofiq Hüseynovla görüşmüşdür. Görüşdə məlum olmuşdur ki, bəli həqiqətən də Səməd Vurğun, Hümmət Əlizadə, Şeyda Əziz, Aşıq Əsəd, Miskin Əli və başqaları ilə el şairi çox yаxın dostluq etmişdir. Bu dostların təxəllüslərində də bir doğmalıq, bir eynilik vardır. Belə ki, Vurğun, Şeyda və Mayıl sözlərinin mənası vurulmaq, valeh olmaq anlamına gəlir. Hətta Şeyda Əziz 1957-ci ildə vəfat edərkən şair onun ölümünə "Heyif oldu" adlı şeir də yazmışdır.
Nümunəvi ailə başçısı kimi 5 oğul, 3 qız böyüdən Qaraqoyunlu mahalında və ümumən Qazax qəzasında "Əməkdar müəllim" kimi tanınan "Şərəf nişanı" ordenli, şair Hüseyn Mayıl 1970-ci il fevralın 20-də Qərbi Azərbaycanın Dilican rayonunun Salah kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn olunmuşdur.
El şairinin şeirlərini oxuyarkən bir növü oxucuya elə gəlir ki, Aşıq Alını, Aşıq Ələsgəri, Səməd Vurğunu oxuyur. O da özündən əvvəlki adı çəkilən sələfləri kimi xalq dilində o qədər şirin və oxunaqlı, yaddaqalan yazıb ki, şeirlər hətta bir dəfə mütailədən belə yadda qalır, dildə əzbərə çevirilir. Şairin şeirlərində özündən əvvəlki şair və aşıqların şeirləri ilə mövzu baxımından uyğunluq təşkil edənləri də var. Onun "Zinyət" adlı qoşması ilə Aşıq Ələsgərin "Gülpəri!" adlı qoşmasına nəzər yetirsək dediklərimiz aydın olacaqdır.
Aşıq Ələsgər
Tanrı səni qüdrətindən yaradıb,
Gözəlliyinə yox bəhana, Gülpəri!
Dodaqların batıb bala, qaymağa,
Qənd əzilib dil-dəhana, Gülpəri! [10, s.91]
Hüseyn Mayıl
Qafqaz gözəlisən, ölkə maralı,
Sədan düşüb, bütün cahana, Zinyət.
Şəkərsən, təhdisən, qiymətli cansan
Şirinlik verirsən dahana, Zinyət. [5, s.18]
Hüseyn Mayılın yaradıcılığında gözəlləmələr daha çox üstünlük təşkil edir. Burada zənnimizcə öncədən də dediyimiz kimi, Ələsgər məktəbinin rolu danılmaz faktdır. El şairinin "Xırdaca qız", "Həcər", "Nərgizim", "Zinyət", "Sarı qız", "Səlmi", "Sənəmim", "Telli", "Mehri", "Zəhrə", "Güllünün" və başqa şeirləri dediklərimizə əyani misaldır. "Xırdaca qız" adlı müxəmməsə bildiyimiz kimi Aşıq Ələsgər və Aşıq Əsəd yaradıcılığında da rast gəlinir. Şairin "Yatıb, oyanmaz-oyanmaz" rədifli gəraylısı XIX əsrdə yaşamış Daşkəndli Şair Məmmədhüseynin məşhur eyni adlı gəraylısına nəzirədir.
Şairin ayrı-ayrı şeirləri kifayət qədər müxtəlif kitablarda çap olunub, haqqında bir neçə məqalələr yazılsa da, onun şeirlərinin tam toplu şəklində çap olunması məqsədəuyğun və vacibdir. Onun aşıq şeiri üslubunda yazdığı şeirlərinin Azərbaycan ədəbiyyatının zənginləşməsində rolu böyük və danılmazdır həqiqətdir.
İstifadə edilmiş ədəbiyyat:
1. "Azərbaycan aşıqları", II cild. (toplayanı: Hümmət Əlizadə). Bakı, "Azərnəşr", 1930.
2. "Aşıqlar", (toplayanı: Hümmət Əlizadə). Bakı, "Azərnəşr", 1938.
3. "Azərbaycan aşıqları və el şairləri", II cilddə. II cild. (tərtib edəni: Əhliman Аxundov), Bakı, "Elm", 1984.
4. "Azərbaycan aşıq şeirindən seçmələr". II cilddə. II cild. (tərtib edənlər: Əhliman Аxundov, İsrafil Abbaslı, Hüseyn İsmayılov), Bakı, "Şərq-Qərb", 2005.
5. Hüseyn Hüseynov, Tofiq Hüseynov. "Qoşa qəlbin duyğuları", Bakı, "Təbib", 2008.
6. http://azerbaycan.diledebiyat.net/azerbaycan-asik-edebiyati/asiq-hueseyin-mayil
7. https://az.wikipedia.org/wiki/Hüseyn_Mayıl
8. Məhəmməd Allahmanlı. "Azərbaycanın Qərb bölgəsinin mənəvi mədəniyyətindən", Bakı, "Nurlan", 2011.
9. Eldar İsmayıl. "Oğuz yurdun övladları", Bakı, "Təbib", 1999.
10. Aşıq Ələsgər (Əsərləri, dastan-rəvayətlər, xatirələr…). Bakı, "Şərq-Qərb", 1999.
11. "Ədəbi İrəvan-2008" (Almanaх), (toplayıb tərtib edəni: Əli Vəkil), Bakı, "Nurlan", 2009.
12. "Ədəbi İrəvan-2009" (Almanaх), (toplayıb tərtib edəni: Əli Vəkil), Bakı, "Nurlan", 2009.
Xarici keçidlər
[redaktə]- Araz Yaquboğlu. "Şair Hüseyn Mayıl, yoxsa Aşıq Hüseyn Mayıl". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.