Məzmuna keç

Şamama (Can verib yuz minnət ilə almışam) (Molla Pənah Vaqif)

Vikimənbə saytından
Şamama
Müəllif: Molla Pənah Vaqif


Can verib yüz minnət ilə almışam,
Göndərirəm səni yarə, şamama!
Tazə tağdan üzülübsən, oxşarsan
Yarın qoynundakı narə, şamama.

Cismin nə nazikdir, gül bədən kimi,
Bir xoş qoxun gəlir, yasəmən kimi,
Nədən saralıbsan sən də mən kimi,
Nədir dərdin, ey biçarə şamama?

Haqdır, səndə vardır xeyli nəzakət,
Yarın şamaması bir qeyri babət;
Qorxuram çəkəsən külli xəcalət
Dursan onla bərabərə, şamama .

Yarın şamaməsi oxşar şəkərə,
Heyran olur mələk, əgər göstərə,
Yaraşıqdır ağ sinəsi mərmərə,
Qılıb cox ciyərlər parə, şamama.

Giribandan nagah olandı aşkar,
Dağılır ağılın, huşum – hər nə var,
Xəstə Vaqif tifil kimi qan ağlar,
Neçün qılmazsan bir çarə, şamama?